Antiterror əməliyyatının özü araşdırma tələb edir
Bu hadisədən sonra Berkin Elvanın ölümünə səbəb olanlar qəhrəman oldular
İki terroristin prokuror Mehmet Selim Kirazı Çağlayan Ədliyəsindəki otağında girov almağıyla başlayan olay qanla bitib. Polis tərəfindən keçirilən xüsusi əməliyyat zamanı prokuroru girov götürən iki adam ölü olaraq ələ keçirilib, yaralanan prokuror Kiraz isə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, ölkənin daxildə və xaricdə nüfuzuna zərər vuran bu hadisə Türkiyə tarixinin ən qara səhifələrindən birinə çevrilməklə yanaşı, ölkə gündəmini də 180 dərəcə dəyişib. Türkiyədə prokuroru öldürən terror təşkilatına qarşı antiterror əməliyyatı həyata keçirilib.
Antalya polisi haqqında həbs qərarı verilən 23 nəfərdən 22-si həbs edilib. Onlar DHKP-nin üzvləridir. Şübhəsiz ki, günün günorta çağı prokurorun girov götürülməsinin ardınca anti-terror əməliyyatçılarının Kirazı xilas etmə əməliyyatının uğursuzluqla nəticələnməsi sual doğurmaya bilməz.
Əməliyyatın pərdəarxası məqamlarına toxunan Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev ilk növbədə bu əməliyyatın özünün araşdırılmalı olduğunu deyib: "Bilirsiniz ki, öldürülən hakim hansı mövqedə olub. Berkin Elvan hadisəsində Daxili İşlər Nazirliyinin mənsubları, polis işçiləri "Gəzi Parkı” hadisələri sırasında uşağın ölümünə səbəb olub. Türkiyədə "Balyoz” davasına görə həbs olunan bütün hərbiçilərin hamısı azad olunub. Bu o deməkdir ki,
"Balyoz” planı tamamilə yersiz idi. Heç bir əsasa malik deyildi. Dünən baş verən olayları da bununla bir yerdə qiymətləndirmək lazımdır”.
Fərhad Mehdiyevin sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyinin əməliyyatı bu işi görənlərin, dövlət orqanının imicinə böyük zərbədir:
"Antiterror əməliyyatının özü birbaşa ucuz, uğursuz həyata keçirilib. Bu da prokurorun ölümünə gətirib çıxarıb. Amma xüsusi təyinatlıların əlində kifayət qədər imkan vardı. Onlar qaçırılan şəxsin həyatına heç bir təhlükə törətmədən bu əməliyyatı uğurla keçirə bilərdi. Sadə bir sual olunur? Bunlar niyə işıq və səs bombalarından istifadə etməyiblər? Bu bomba vasitəsi ilə gözqamaşdırıcı işıq dalğası və tüstü ətrafa yayılır. Həmin müddətdə isə onlar bu əməliyyatı uğurla həyata keçirmək imkanı qazana bilərdilər. Terrorçularla danışıqlara adamlar getməli idilər. Bu zaman bihuşedici siqaretlər vasitəsi ilə onları zərərsizləşdirə bilərdilər. Metod və vasitələr həddindən artıq çox idi. Amma bunların heç birindən istifadə edilməyib”.
Politoloqun sözlərinə görə, dünənki hadisə ilə Türkiyədə müəmmalı və fərqli bir mənzərə yaranıb:
"Dünənə qədər Berkin Elvan hadisəsində günahkar bilinən polislər hadisədən sonra Türkiyə ictimaiyyətinin gözündə milli qəhrəmana çevriliblər. Gəzi Parkına qatılanların hər birinin ləkələnməsi meydana gəlib. Prokuror ölməsəydi, bunlar da olmayacaqdı. Qaçırılan Mehmet Selim Kirazın ölümü bunları meydana gətirib. Sual olunur ki, onlar bu əməliyyatı niyə belə planlayıblar. Baxın, Selim Kirazın başına bir yox, üç güllə vurulub. Hələlik o da bilinmir ki, onun başına dəyən xüsusi təyinatlıların, yoxsa terroristlərin gülləsi idi? Belə şəkildə əməliyyat keçirilə bilməzdi. Antiterror əməliyyatı keçiriləndə ölüm minimuma çatdırılmalıdı. Bunun üçün də xüsusi tədbir görülməlidir. Mənim üçün bu hadisə çox müəmmalı bir olay olub”.
Fərhad Mehdiyev hesab edir ki, bu əməliyyat belə bir təsəvvür yaradıb ki, Türkiyənin anti-terror əməliyyatçıları qeyri-peşəkardır: "Üstəlik, bir prokurorun ölümünə də vəsilə olublar. Amma onlar əslində qeyri-peşəkar deyil. Bu ola bilməz. Bir şey haqqında fikir söyləmədən öncə mütləq araşdırma aparılmalıdır. Məncə, bu daha çox qurma işə oxşayır. Prokuroru ən azından yaralı formada xilas etmək lazım idi. Ancaq indiki halda bu, qeyri-peşəkarlığın ən axırıncı nöqtəsi idi. Bu qurma iş də kimə sərf edirdi, o da etdirib. Gəzi olaylarını AKP hökuməti ört-basdır etmişdi. Dünənki hadisədən sonra isə Berkin Elvanın ölümünə səbəb olanlar qəhrəman oldular. Guya, Gəzi Parkının iştirakçıları belə bir işə əl atıblar və bunun üçün prokuroru öldürüblər. Bu hadisə Gəzi iştirakçılarını ləkələdi, hökuməti isə təmizə çıxardı”.
Şəymən