Girovların ailə üzvləri aksiya keçirəcəklər

Elman Məmmədov: “Axı nə vaxta qədər dünya birliyi haqq-ədalətə göz yumacaq, həqiqəti görməzdən gələcək?”


Erməni separatçılarının Kəlbəcərdə girov götürdükləri Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri Gəncədə aksiya keçirməyi planlaşdırıblar. Aksiya aprelin 2-də, Kəlbəcərin işğal olunduğu gün keçiriləcək. Girovların ailə üzvləri deyiblər ki, beynəlxalq aləmə etiraz olaraq aksiyada D.Əsgərov və Ş.Quliyevin azadlığa buraxılmasını tələb edəcəklər:

"Ermənilər artıq bu iyrənc əməllərinə son qoymalıdır”. Aksiyanın keçirilməsini məqbul sayan millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında deyib ki, etirazları beynəlxalq təşkilatların Azərbaycandakı qərargahları, ofisləri qarşısında keçirmək lazımdır: "Aksiyada iştirak edənlər, istər girovların ailə üzvləri olsun, istərsə də onlarla həmrəylik göstərən digər vətəndaşlar olsun, qərəzli beynəlxalq təşkilatlara səslənərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmalıdır. Axı nə vaxta qədər dünya birliyi haqq-ədalətə göz yumacaq, həqiqəti görməzdən gələcək? Niyə beynəlxalq təşkilatlar dinc insanlarımızın öz doğma yurdlarında erməni işğalçıları tərəfindən girov götürülməsinə səs çıxartmırlar, onların azadlığı üçün quru bəyanatlardan artıq hərəkət etmirlər?”. Deputatın sözlərinə görə, bu cür aksiyaların məqsədi həmin istiqamətə yönəldilməlidir: "Etirazlar BMT-nin, ATƏT-in, Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəlikləri önündə edilməlidir ki, aksiyalar dünya ictimaiyyətində ciddi reaksiya doğursun. Həmçinin, həmsədr dövlətlərin səfirlikləri qarşısında toplanaraq onlara da çağırış edilməlidir. Hər zaman boğazdan yuxarı insan haqlarından dəm vuran həmsədrlər indi zəhmət çəkib girovlarımızın taleyinə də biganə qalmasınlar və onların azadlığı üçün real addımlar atsınlar”.

İsmayıl