Bakını palçıqlı günə qoyanlar yağış yağanda da gözə dəymirlər

Şəhərin yağışa təslim olması artıq heç kəsi təəccübləndirmir. Paytaxt əhalisi artıq bilir ki, yağış yağdısa, "əşhədü vacib” işin yoxdursa, gərək evdən çölə çıxmayasan. Çünki getmək istədiyin mənzilə çatmağın xeyli müşküldür və bəlkə də hətta mümkünsüzdür. Bu şəhərin nə yayı yaydır, nə payızı payız, nə də qışı qış. Yayda havasızlıq, bürkü, payızda sel-sular, qışda da buz yollar. Qısası, şəhərimiz meqapolis ölçülərinə heç cür uyğun gəlmir. Bir balaca yağış yağan kimi yollar da, səkilər də, parklar da su gölünə çevrilir. Bircə, qu quşları əskik qalır ki, "sonalar gölü”nü xatırlatsın. Bakının halı göz önündədir. Vəziyyətin bu hala gəlməsinin səbəbi isə şəhər infrastrukturuna cavabdeh olanların vəzifələrinin öhdəsindən gələ bilməməsidir. Nə qədər olar, yolu çəkib, sonra qazımaq, gah su xətti çəkmək, asfaltlayıb, yenidən qazımaq, bu dəfə qaz xətti çəkmək, bir də asfaltlamaq, sonra yenə, yolun qarnını yarıb kanalizasiya borusu çəkmək!... Həm də bütün bu işlər tərs kimi havalar soyuyanda, yağışlar başlayanda olur. Sanki bütün yazı və yayı bu işləri görmək olmazdı. Gərək yağış yağanda baxıb görsünlər ki, harada su toplanır, harada su, qaz gəlmir, oranı eşələyib-töksünlər. İllərdir şəhər sakinləri bu pərakəndə, nizamsız görülən işlərdən cana doyub. İnsan palçıq, lıqqanın içiylə nə qədər gedib-gələr?! Nə qədər gölməçələrin üzəri ilə hoppanar?!

Yağış suyu hara axmalıdır?
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqlinin fikrincə, şəhərin yağış sularına qərq olmasının əsas səbəbi kanalizasiya xətlərinin işlək vəziyyətdə olmamasıdır:
- Məlumdur ki, şəhərin bəzi mərkəzi küçələri istisna olmaqla, başqa yerlərdə kanalizasiya xətləri işlək vəziyyətdə deyil. Bu xətlərin çoxu sovet vaxtı, hələ ondan da əvvəl çəkilmiş xətlərdir ki, istismar müddətini artıq çoxdan başa vurub. Şəhərdə yağış sularının axıdılması üçün kollektorlar yoxdur. Drenaj sistemləri işlək vəziyyətdə deyil. Ona görə də nə qrunt suları, nə də yağış suları lazımi istiqamət üzrə yönləndirilə bilir. Səth üzərində yığılıb qalır. Lazımdır ki, bu sular nasos stansiyalarına, ya da dənizə axıdılsın. Bakı əhalisi bilir ki, vaxtilə şəhərin küçələrində suların axıdılması üçün xüsusi barmaqlıqlar vardı. Bunlar adətən səkilərin alt tərəfində qoyulurdu. Sular da məhz bu barmaqlıqlar vasitəsilə kanalizasiya borularına axırdı. Amma son illər küçələrdə, prospektlərdə əsaslı təmir işləri aparılsa da, yağış sularının axıdılması üçün barmaqlıqlar qoyulmadı. Demək olar ki, təmir edilmiş, yenidənqurulma işləri aparılmış əksər küçə və prospektlərdə yağış suları üçün heç bir axar, kanalizasiya borusu qoyulmayıb. Bunu hamı görür. Görürük ki, yağış suları göllənib yığılır yol kənarlarına. Səkilər, yollar yağış yağan kimi keçilməz hala gəlir. Səkilərə, parklara daş plitələr döşənib, gözəldi, amma praktik deyil. Yağışlı havada nə səkilərlə rahat yerimək olur, nə də parkların ərazisində. Sular yığılıb qalır, ayaq basmağa yer tapmırsan. Belə gözəl körpülər tikilib, yol infrastrukturu yenilənib, ancaq yağış yağan kimi hər şey bərbad olur. Nədən, çünki şəhər infrastrukturuna cavabdeh qurumlar öz vəzifələrinin öhdəsindən gəlmir. Körpünü tikən tikir, amma onun işlək vəziyyətdə olmasına artıq yerli icra hakimiyyətləri nəzarət etməlidir. Körpülərdə suyun axıdılması üçün boruların gözü tutulur, bir kimsə bununla maraqlanmır, boruları təmizləmirlər ki, su axıb getsin. Babək prospektində körpünün altında həmişə yağış suları göllənib qalırdı. Avtobuslar da, maşınlar da selin içindən keçib gedirdilər. Bir ara orada yağış suları üçün axar düzəltdilər. Bir müddət su toplanmadı, axıb getdi. Amma sonra yenə əvvəlki vəziyyət təkrarlandı. Baxırsan ki, suyun axarının ağzı palçıqla lillənib. Bunu təmizləmək lazımdı ki, su da axıb getsin, göllənib orada qalmasın.
Şəhər təsərrüfatı elə bir sahədir ki, burada bütün işlər ümumi tikinti-şəhərsalma standartlarına uyğun olmalıdır. Səkilər, parklar daş, mərmər plitələrlə örtülürsə, bu su üçün də bir axar fikirləşmək lazımdı. Bəs bu su hara axsın?!
Yol tikintisində qeyri-peşəkarlıq
Yol infrastrukturu üzrə ekspert Ərşad Hüseynov isə yollar çəkilərkən yağış sularının yaddan çıxdığı qənaətindədir:
- Yollarda gölməçələr əmələ gəlməsinin əsas səbəbi Bakının əksər küçələrinin daha çox magistral xarakterli olmasıdır. Son illərdə bir çox yollar rekonstruksiya olundu, yenidən quruldu, asfalt örtüyü dəyişdi, küçələrin ortası ilə zolaq çəkildi. Magistral küçələrin böyük hissəsinin ortasına betondan zolaq çəkildi. Yağış yağanda sular o arakəsmələrin kənarlarında yığılıb qalır. Su həmin zolağı keçə bilmir və bir yerdə cəmlənir. Fikirləşdilər ki, sudur də, özünə yol tapıb gedəcək. Bu isə çox təhlükəli yanaşmadır. Gərək kanalizasiya sistemini həmin yollar qurulanda bərpa edəydilər. 2007-ci ildə Prezidentin sərəncamı olub və bu günlərdə o sərəncama dəyişiklik də edildi, bununla da Bakı şəhərinin bütün küçə və yolları hamısı "Azəryolservis”in balansına verildi. Bakı şəhərinin küçə və yollarının təmiri, lazımi qaydada saxlanması işinə görə "Azəryolservis” məsuliyyət daşıyır. Amma yerin altındakı kommunikasiyaların çoxuna görə "Azərsu” ASC cavabdehdir. Bu iki qurum arasında əlaqə elə qurulmalıdır ki, biri-birindən xəbərsiz iş görülməsin, razılaşdırılmış qaydada olsun. Heç bir standartdan kənara çıxılmasın. Bunun üçün elementar mühəndis hesablaması lazımdır. Gölməçə niyə yaranır? Deməli, orada çala var. Yolda niyə çala olmalıdır axı? Yolun həndəsi quruluşu elə olmalıdır ki, ora düşən su ən qısa müddətdə yoldan kənara düşsün. Bütün dünyada belə bir standart var. Bizim bəxtimiz gətirib ki, Bakıda Peterburqdakı kimi şaxtalar olmur. Yoxsa Bakı şəhərinin yolları sular səbəbindən hər il darmadağın olar. Yollar tikilərkən, rekonstruksiya olunarkən standartları nəzərə almayıblar, indi isə bunu bərpa etməyə xeyli vəsait lazımdır.
Ə.Hüseynov deyir ki, yağış suyunun axıdılması üçün kanalizasiya xəttinin olmaması çəkilən yolların tez xarab olmasına gətirib çıxarır: "Bakı küçələrindəki yolların dağılmasında yağış sularının lazımi qaydada axıdılmamasının böyük payı var. Amma həm də asfaltın da keyfiyyəti standartlara uyğun deyil. Azərbaycanda yol tikintisində özünəməxsus anormal şərait var. Baxmayaraq ki, dövlət bu qədər vəsait ayırır”.
"Azəryolservis” inkar edir
"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev KİV-ə müsahibəsində əsaslı təmir edilən bütün küçə və prospektlərdə kanalizasiya sistemləri qoyulduğunu deyib: "Yolun yenidən qurulması o deməkdir ki, yol konstruksiyası tamamilə sökülür, bütün kommunikasiyalar dəyişdirilir, drenaj sistemi qoyulur. Bundan sonra asfalt-beton örtüyünün dəyişdirilməsindən söhbət gedə bilər. Sonuncu bir işimizi deyək. Vaxtilə səth sularının yığılıb qalması Ziya Bünyadov prospektinin asfalt-beton örtüyünün dağılmasına gətirib çıxarırdı. Biz həmin prospekt boyu 9,2 km ərazi üzrə yeni drenaj sistemi çəkdik. Biz əsaslı təmir etdiyimiz bütün avtomobil yollarında drenaj sistemini quraşdırırıq. Ancaq ümumilikdə götürsək, Bakı şəhərinin çox az hissəsi yağış sularının axıdılması üçün kanalizasiya sistemi ilə əhatə olunub. Mərhələ-mərhələ Bakı şəhərində xidmət etdiyimiz avtomobil yolları, prospekt və küçələr əsaslı təmir olunduqca, həmin kanalizasiya sistemini yenidən qururuq”.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə "Üç nöqtə”yə açıqlamasında bildirib ki, yağış suyunun axıdılması üçün kanalizasiya xətləri Bakının 10 faizdən bir az çox hissəsində var: "Bizim bununla bağlı layihələrimiz var, təkliflərimizi vermişik. Yağış sularının axıdılması üçün xətlər əsasən yol infrastrukturu qurularkən qoyulur. Harada ki yol infrastrukturu yenidən qurulur, orada yağış sularının axıdılması üçün xətlər və barmaqlıqlar da quraşdırılır. Amma bununla paralel olaraq, ciddi problemlər yaşanan 60-a yaxın ünvanda yol infrastrukturunun yenilənməsini gözləmədən yağış barmaqlıqlarını quraşdırdıq ki, gölməçələr olmasın və avtomobillərin hərəkətində ciddi maneə yaranmasın”.
Məlahət Rzayeva