Gömrükdə vətəndaşlara “yaşıl işıq” yandırılacaq

“Prezidentin məlum qərarı kasıb təbəqəyə dövlətin dəstəyini nümayiş etdirir”



"Prezident İlham Əliyevin fərmanı vergi, rüsum strukturlarında islahatların başlanğıcıdır”. Bu sözləri "Şərq”ə iqtisadçı-ekspert, sabiq millət vəkili Nazim Məmmədov dövlət başçısı İ.Əliyevin gömrük sahəsində bəzi yoxlamaların sadələşdirilməsinə dair imzaladığı fərmana münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, vergi yığan strukturların hamısı Vergilər Nazirliyində birləşdirilməlidir:

"Dəfələrlə təklif etmişəm ki, Gömrük Komitəsi həm Azərbaycanın idarəetmə prinsipinə, həm də sahibkarlığın inkişafına çox ciddi mənfi təsir göstərir. Bu səbəbdən düşünürəm ki, Gömrük Komitəsi ləğv olunmalıdır. Onun vergi yığma funksiyaları Vergilər Nazirliyinə tapşırılmalıdır. Prosedur funksiyaları isə "ASAN xidmət”ə həvalə olunmalıdır. Yəni prosedur qaydalar asanlaşdırılmalıdır. Vergidə şəffaflıq yaranmalıdır. Nazirlər Kabinetinin 9 ayın yekunlarına dair təşkil etdiyi müşavirədə Prezident göstərdi ki, həm istehsalda, həm də idxalda kifayət qədər inhisarçılıq mövcuddur. Rəqabət mühiti pozulur və gömrük orqanları Azərbaycan iqtisadiyyatına kifayət qədər maneələr törədirlər. Bu, faktiki olaraq belə idi. Çox şükürlər olsun, cənab Prezident həmin neqativ hallara son qoymaq əzmindədir”.

Ekspert diqqətə çatdırıb ki, iqtisadiyyat şəffaflanmalıdır və liberal münasibətlər formalaşmalıdır: "Biz bazar iqtisadiyyatı anlayışındayıq. Bazar iqtisadiyyatı onu tələb edir ki, biri-birini təkrarlayan qurumlar sıradan çıxsın. Müəyyən qərarların qəbul olunması və bürokratik əngəllərin azaldılması baxımından bu addımlar korrektə olunmalıdır”.

N.Məmmədov onu da əlavə edib ki, Prezidentin məlum qərarı kasıb təbəqəyə dövlətin dəstəyini nümayiş etdirir: "Bu islahatlara dəstək verilməlidir. Onlar daha da dərinləşməlidir. Məsələn, Nazirlər Kabinetinin tərkibində Sosial Müdafiə Fondu fəaliyyət göstərir. Ayrıca bir dövlət qurumudur. Onun vergi yığma funksiyası alınıb, Vergilər Nazirliyinə verilməlidir. Bu strukturun ləğv olunması daha məqsədəuyğundur. Biri-birini təkrar edən qurumlar çoxdur. Ona görə, əsas odur ki, sahibkarlıq mühiti liberallaşsın və vergi bazası genişlənsin”.

İqtisadçı-alim Qubad İbadoğlu da bildirib ki, yeni fərmanla gömrüyə bəyan ediləcək məbləğin əvvəlki illə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində "yaşıl kanal”dan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı, həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək: "İmzalanan yeni fərman gömrükdə fiziki şəxslərə "yaşıl işıq” yandıracaq. Prezidentin imzaladığı fərmana görə, ölkəmizin gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək. Bu fərmana qədər ölkəyə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişindən azad idi. Mövcud qaydalar dəyişəndən sonra vətəndaşı müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə məbləğ 500 ABŞ dollarından 2000 ABŞ dollarına qədər artırılacaq. Amma onu da nəzərə almaq lazımdır ki, bu qaydalar aksizli mallara, avtonəqliyyat vasitələrinə və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalara şamil olunmur. Bu fərmanla gömrüyə bəyan ediləcək məbləğin əvvəlki ilə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində "yaşıl kanal”dan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı, həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək”.

Ekspertin qənaətincə, bu fərman həmçinin fiziki şəxslərin xarici ticarət, xüsusilə də idxal əməliyyatlarında iştirakına stimul verəcək: "Hesab edirəm ki, fərman orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək. Odur ki, yeni fərmanı təqdir edir və bu istiqamətdə mütərəqqi dəyişikliklərin hüquqi şəxslərlə bağlı gömrük-idxal əməliyyatlarına da şamil olunmasını arzulayıram”.

Ayyət Əhməd