Gözəlliyin qənimi...

Sıxmaqla sızanaqlardan qurtulmaq mümkün olmayacaq
12-25 yaş arası gənclərin demək olar 85 faizi bu xəstəlikdən əziyyət çəkir


Bəzən insanın görünüşü, xüsusilə də üz cizgiləri onun gündəlik həyat tərzinə təsirsiz ötüşmür. Üz dərisinin qüsursuz, təmiz, ləkəsiz olması psixoloji baxımdan da insanlarda özünəinam hissini çoxaldır. Amma bəzən dərimizdə olan problemlərdən qaçmaq da mümkün deyil. Xüsusilə də üzümüzdə olan sızanaqlar gün ərzində psixoloji durumumuza təsir edir, diskomfort hissi yaranmasına səbəb olur. Sızanaqlar bütün gözəlliyi məhv edəcək qüvvəyə malikdir. İnsanların çoxu da bu problemdən əziyyət çəkir. Xüsusilə də yeniyetməlik dövründə yaranan bu problem özünəqapanma hissi yaradır. Sızanaqlar ilk baxışdan adi problem kimi görünsə də, əslində insana həm fiziki, həm də psixoloji baxımdan zədə vurmuş olur. Bununla bağlı dünya səhiyyəsi müxtəlif tibbi proqramlar hazırlasa da, nə yazıq ki, insanlar hələ də sızanaqlarla mübarizədə bəzən çarəsiz olurlar.

Akne xəstəliyi irsi xarakter daşıyır. Dərinin normadan artıq yağlanması və hormonlarla bağlı olan bu xəstəlikdən daha çox gənclər əziyyət çəkir. 12-25 yaş arası gənclərin demək olar 85 faizində belə sızanaqlara rast gəlmək mümkündür.

Akne – tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Bu zaman follikulun ağızcığı dəri pulcuqlarından və dəri piyindən əmələ gələn sıx "tıxac” ilə qapanmış olur. Aknelər müxtəlif olur. Follikullar açıq olduqda tıxaclar üz dərisində qara nöqtə kimi görünür və açıq kamedonlar adlanır. Kamedonlar bağlı da olur (dəri səthi ilə əlaqəsi olmur). Belə kamedonlar ağ civzələr (ağ nöqtələr və ya miliumlar) adlanır. Bu zaman dəri piyi ifraz olunsa da, onun axarı bağlı olduğu üçün piy dərinin səthinə çıxa bilmir. Nəticədə kiçik hündürlük və piy şişi əmələ gəlir.
Kamedon və ya dərialtı civzələr iltihablaşdıqda, yəni onlara mikroblar düşdükdə, üz dərisində irinli civzələr əmələ gəlir. Beləliklə, üz nahiyəsində civzələr şəklində olan səpkilər, açıq və bağlı kamedonlar – bunların hamısı aknenin müxtəlif formalarıdır.
Bəzi dərman preparatlarının (antibiotiklər, hormonlar, steroidlər) qəbul edilməsi də sızanaqların əmələ gəlməsinə təkan verə bilər.
Sızanaqların əmələ gəlməsi və daha çox yayılmasına səbəb olan səhvlərdən biri irinləmiş sızanaqların əllə sıxılmasıdır. Təəssüf doğuran odur ki, bunu nəinki insanların özləri, bir çox hallarda hətta bəzi "kosmetoloqlar” da edirlər. Sızanaqların əllə sıxılması zamanı infeksiya iltihablaşmış piy vəzisi yolundan iltihablaşmamış piy vəziləri yollarına keçərək onları da iltihablaşdırır.

Sızanaqlardan yaxa qurtarmaq üçün qadınlar çox zaman üzlərini daha tez-tez sabunla yumağa, dərilərini tərkibində spirt olan tinkturalarla (bitkinin spirtdə olan məhlulu), turşularla və s. bu kimi vasitələrlə silməyə çalışırlar. Əslində isə bu, düzgün fikir deyil. Bu yolla sızanaqlardan qurtulmaq mümkün olmayacaq. Tez-tez yuyunma və dərinin spirt və turşular vasitəsi ilə qurudulması, dəri üzərindəki piy qatını xaric edərək, piy vəzilərini hər dəfə daha çox işləməyə vadar edir. Bütün bunların nəticəsində isə dəridə olan sızanaqlar azalmır, əksinə, onların sayı daha da artır.

Tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-dietoloq Şəmsiyyə Namazlı "Şərq"ə məsələ ilə bağlı danışarkən bildirib ki, bu xəstəlik, xüsusən yeniyetməlik dövründə daha qabarıq şəkildə özünü büruzə verir:

"Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu yaş dövründə həm hormonal tarazlıq, həm də gigiyenik qaydaların pozulması halları sızanaqların yaranmasına səbəb olur. Dərinin özünün strukturunun, vitamin çatışmazlığının yağlılıq dərəcəsinin quru və yaxud yağlı olması da sızanaqların yaranmasında rol oynayan faktorlardan sayılır. Dəri hansı hallarda sızanaqların yaranması üçün zəmin yaradır? Ən çox hamını bu sual maraqlandırır. Niyə üzümdə sızanaqlar yaranır? Məlumat üçün bildirək ki, E vitaminin çoxluğu üstünlük təşkil edərsə, dəridə yağlılıq, 

A vitamininin çatışmazlığı isə dəridə quruluğa səbəb olur. Digər faktorlardan biri də endokrin sistemin pozğunluğundan və yaxud fəaliyyətinin çox olmasından yaranır. Yeri gəlmişkən, mədə-bağırsaq sistemində yaranan problemlər də sızanaqların yaranmasına gətirib çıxara bilir. Mədəaltı vəzidə, öd kisəsi, qara ciyərdə olan dəyişikliklər, qidalanma tərzinin tam olaraq qida rasionuna uyğun olmaması, "fast-food" yeməklərindən istifadə də mədə-bağırsaq sisteminə problem yaradır ki, bu da yeniyetməlik dövründə üz dərisinə təsirsiz ötüşmür. 

Dəriyə qulluq da vacib məqamlardan biridir ki, bəzən gənclər buna düzgün riayət etmir. Bu da nəticədə dəri xəstəliklərinin yaranmasına gətirib çıxarır. Dəriyə vaxtlı-vaxtında və düzgün qulluq, dəriyə uyğun strukturu seçməklə istifadə olunan kosmetik vasitələrin, məsələn, sabun, şampun, balzamın keyfiyyətinə diqqət yetirmək önəmlidir. Sızanaqların yaranması əsasən üç amildən irəli gəlir.

 Ekzogen, endogen, eyni zamanda ətraf mühitin dərimizə və orqanizmimizə təsirinə diqqət yetirsək, problemi qismən aradan qaldırmış olarıq. Təbii ki, burada hormonal dəyişikliklərə təsir etmək mümkün olmur. 

Amma dəriyə düzgün qulluq, qidalanma prosesinə diqqət yetirməklə bu sızanaqlardan azad olmaq mümkündür. Bəzən bu problemlə üzləşən insanlar dəri həkiminə müraciət edər-etməz problemdən azad olacaqlarını düşünürlər. Bu, düzgün yanaşma deyil. 

Tarazlığın pozulması, hormonların çoxluğu, azlığı tam qaydaya salınmayınca, sızanaqlardan azad olmaq mümkünsüzdür. Mənim dediyim üç faktorun üçü də kompleks şəkildə həyata keçirilməlidir. İstənilən halda ev şəraitində sızanaqlardan qurtulmaq mümkün deyil. Bizdə sızanağa görə həkimə müraciət edənlər azdır. Halbuki vaxtında edilən müraciət sızanağın qarşısının tez alınmasına kömək edə bilər. Sızanaq dəri xəstəliyidir və vaxtında da müalicə olunmalıdır".

İlahə Əhmədqızı