Gözünü döyən uşaqlar...

Şagirdlərə çətin ev tapşırıqları verilir



Şagirdlərin dərsi evdə və yaxud məktəbdə öyrənmələri məsələsi yenidən aktuallaşıb. Doğrudur, müasir tədris prosesinə görə, bir sıra xarici ölkələrdə şagirdlər dərsi evdə deyil, məktəbdə öyrənirlər. Buna rəğmən bizdə, hələ ki, həmin təcrübədən yararlanmaq mümkün olmur.

Valideynlər müəllimlərin dərsdən yayındığını və daha çətin tapşırıqları evə verdiyini, müəllimlərsə dərs proqramının çox ağır olduğunu və ev tapşırıqlarsız tədrisin heç cür mümkün olmadığını bildirir. Şübhəsiz ki, bu problem şagirdləri çıxılmaz hala salır. Çünki müəllim "bu tapşırıqları evdə etməlisiniz” deyib, yükü valideynin üzərinə buraxır. Savadsız valideyn isə "balam, mənim savadım yoxdur, get, müəllimin izah etsin, söyləyib, övladına köməklik göstərə bilmir. Köməksiz və izahatsız qalan məktəbli isə sonda kitabı örtüb, dərsin üzərindən keçir. Məsələyə aydınlıq gətirmək məqsədilə təhsil üzrə ekspertlərin fikirlərini öyrəndik. Ekspert Nabatəli Qulamoğlu "Şərq”ə söylədi ki, məktəblərdə dərsdənkənar dərnəklər olmalıdır: "Dərnəklərə əlavə saatlar verilir. O saatlar da çətin fənlər üçün ayrılır. Dərsdən sonra vaxt ayrılır, müəllim uşaqları qəbul edib, uşaqlara aydın olmayan dərsləri izah edib, aydınlaşdırır. Şagird üçün qaranlıq heç nə qalmır. Sadəcə olaraq indi dərsdənkənar saatlar artıq yeyinti mənbəyinə çevrilib. Dərsdənkənar saatları məktəb direktorları bir müəllimin adına yazır və aylığını özünə götürür. Halbuki o müəllim bir dəfə də olsun dərnəyə gəlmir. Bu faktdı. Danmaq mümkün deyil. İstənilən orta məktəbə baş çəkin, dediyimin şahidi olacaqsınız. Bax, ona görə də şagirdlər belə ağır duruma düşür. Güman edirəm ki, valideynlər tələb etsələr, nəyəsə nail olmaq olar. Dərsdənkənar saatların keçirilməməsinin səbəbləri budur. Əlbəttə, direktor şagirdlərin bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurur”.

Heydər Əliyev adına liseyin ibtidai sinif müəlliməsi Zəminə Mehdiyeva isə hesab edir ki, ibtidai sinif uşaqlarına ev tapşırığı vermək lazımdır: "Çünki biz sinifdə şagirdlərə istiqamət veririk. Proqramımız da ağırdır. Evə verdiyimiz hər tapşırığın nümunələri üzərində mütləq sinifdə işləməyə və onları izah etməyə çalışırıq”. Z.Mehdiyeva ev tapşırığını sinifdə keçirilənlərin möhkəmləndirilməsi üçün vacib sayır: "Hər şagirdin öz qavrama qabiliyyəti var. Elə şagird var ki, keçirilən dərsi başa düşür, amma tam mənimsəyə bilmir. Sinifdə aldığı bilikləri ev tapşırıqlarını edərək möhkəmləndirir”. Həmsöhbətimiz bildirib ki, ev tapşırıqları müəyyən kriteriyalarda verilməlidir: "Şagirdlərin müstəqil yerinə yetirə bildiyi ev tapşırıqları seçilməlidir. Elə müəllimlər var ki, özü edə bilmədiyi tapşırığı başından edir və evə verir ki, evdə etsinlər. Bu cür tapşırıqların verilməsi yanlışdır. Qeyri-adi, məntiqi tapşırıqların da evə verilməsi düzgün deyil. O tapşırıqları müzakirə ilə sinifdə həll etmək lazımdır. Məntiqi tapşırıqları evə verəndə, onsuz da uşaq onu özü etməyəcək”. Müsahibimiz bəyan edib ki, çalışdığı məktəbdə ağır ev tapşırığı verilmir: "Sinifdə nə keçiriksə, ona uyğun alternativ şəkildə evə tapşırıq verilir. Hələ ki, hansısa valideynin ev tapşırıqlarının çətinliyi barədə etirazını eşitməmişik”. Həmsöhbətimizin fikrincə, ev tapşırığı verilərkən dərs cədvəli nəzərə alınmalıdır: "Ev tapşırığı verərkən fənlərin ağırlığına da fikir veririk. Əgər çətin fənlər varsa, şagird ingilis dili, informatika, həyat bilgisi fənlərinə də hazırlaşmalıdırsa, daha yüngül ev tapşırıqları verilməlidir. Əsl müəllim bunları nəzərə almalıdır. Bunu nə dərəcədə edə bilməsi müəllimin peşəkarlığından asılıdır”. Z.Mehdiyeva diqqətə çatdırıb ki, müəllim evə verdiyi tapşırığı şagirdlərin necə yerinə yetirdiyini ertəsi gün yoxlamalıdır: "Ümumi şəkildə buna nəzarət olunmalıdır. Bəzən elə olur ki, repetitorluq edən müəllimlər şagirdə tapşırığı çox verir və şagird bu tapşırıqları yerinə yetirə bilməyəndə, ona yanına hazırlığa gəlsəydi, edə biləcəyini irad tutur. Bununla bağlı bəzi məktəblərdə neqativ hallar ola bilər”. Xarici ölkələrdə ev tapşırıqlarının verilməməsinə gəlincə, müəllimə deyib ki, xarici ölkələrin, məsələn, yapon uşaqlarının düşüncəsi, təfəkkürü, məntiqi başqa cürdür: "Bizdə ildən-ilə uşaqların məntiqi də, qavrayışı da zəifləməyə doğru gedir. Bu, uşaqların nevroloji problemləri ilə bağlıdır. Uşaqların məntiqinin zəifləməsi ailədən gəlir. Həm də məktəbə uşaq bağçasına getməyən uşaqlar gəlir ki, onlar adi davranış qaydalarını bilmirlər. Sinifdə 5-10 uşaq olur ki, müəllim istədiyi səviyyədə dərsi qavrayır. Bizə o metod yaramır ki, ev tapşırığını verməyəsən”.

Ayyət Əhməd