"Azərbaycanda ordu quruculuğu prosesi prioritet məsələ kimi, çox yüksək səviyyədə həyata keçirilir”.
Bunu "Sherg.az”a ordumuzun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümayiş olunan silahlar, müasir hərbi texnika haqqında danışarkən əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib.
Onun sözlərinə görə, ordunu qısa müddətdə ayağa qaldırmaq, bir neçə ilə inkişaf etdirmək hər dövlətin bacara biləcəyi məsələ deyil:
"Başda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmaqla, ordu məsələsinə ölkəmizdə çox ciddi qayğı, yaxşı münasibət var. Ölkənin hər bir vətəndaşı özünü ordunun əsgəri hesab edir. Dövlət və xalq arasındakı mühüm bağlılıq, xüsusilə vətənpərvər məsələlərdə gözə çarpır. Dövlət Azərbaycan xalqının milli maraqlarını ehtiva edən siyasət yürüdür, bunu görən xalq da dövlətinin, ordunun yanında dayanır.
Azərbaycan ordusunun ən müasir silahlarla, müasir hərbi texnika ilə təmin olunur. Güclü ordu formalaşdırmaq Azərbaycanın hüquqi, siyasi haqqıdır. Çünki bizim torpaqlarımız işğal olunub, işğal faktı da bütün dünyada təsdiq edilib. Ona görə, ordunun silahlandırılması bütün dünyada qəbul olunur. Düşmənimizin əleyhimizə yürütdüyü fikirlər, iddialar isə əsassızdır”.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş bütün tədbirləri ürəkdən alqışlayan İ.Rüstəmli bir vacib faktı da xüsusi vurğulayıb:
"Azərbaycan ordusunun gücü Azərbaycanın silahı deyil. Bizim silahımız haqq işi uğrunda mübarizə aparmağımızdır. Azərbaycan ordusunun gücü silahda deyil, silahı tutan əsgərdədir. Düşünürəm ki, Azərbaycanın qəhrəman oğulları ərazi bütövlüyümüzü qorumaq üçün döyüşdükləri kimi bu gün də müharibə başlasa, ordunun tərkibində sidqi-ürəklə döyüşəcəklər. Biz özümüz də ordu sıralarına qoşulub, ali baş komandanın bütün göstərişlərini yerinə yetirəcəyik. İyunun 26-sı keçirilən hərbi paradı xalqımızın coşğu ilə izləməsi də vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi.
Qeyd etmək istərdim ki, Rusiya parlamentinin spikeri azərbaycanlı həmkarı Oqtay Əsədovla görüşən zaman maraqlı bəyanatlar səsləndirdi. O bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə neytral yanaşa bilməz. Rəsmi Moskva problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu açıqlayıb. Spikerin sözlərinə görə, xalqlar arasında münaqişə yaradan, bölgədə gərginliyə səbəb olan bütün addımların qarşısı alınmalıdır. O, əlavə etdi ki, Azərbaycan münaqişənin həllində düzgün, konstruktiv mövqe sərgiləyir”.
Məlumat üçün bildirək ki, iyunun 26-da Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərlə bağlı qətiyyətli bəyanatlar səsləndirib.
Aysel Aslan