Gül Ərdoğanla iş birliyinə getməyəcək

Keçmiş prezident hər hansı bir təklifi qəbul etməyəcək



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-ci dövlət başçısı Abdulla Güllə görüşüb. Danışıqlar təxminən 45 dəqiqə davam edib. Prezident Ərdoğan görüşdən sonra hər hansı bir açıqlama verməyib.

Keçmiş və indiki dövlət başçılarının görüşü 9-cu prezident Süleyman Dəmirəllə Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil olunan vida mərasimindən sonra baş tutub. Görüşün TBMM-nin sədri Cəmil Çiçəyin vasitəçiliyi ilə baş tutduğu bildirilir. Baş nazir Əhməd Davudoğlunun da həmin vaxt parlamentdə olmasına baxmayaraq, görüşə dəvət edilmədiyi məlum olub.

Görüşü "Şərq”ə şərh edən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyevin sözlərinə görə, Ərdoğan düşünür ki, partiyanın başında A.Gül olarsa, təşkilat daha çox səs qazana bilər. Türkiyə liderinin addımı buna hesablanıb: "A.Gülün Ahmed Sezər adlı bir sözçüsü vardı. Kitab yazmışdı. Həmin kitabda AKP-nin siyasətinə qarşı fikirlər yer almışdı. Lakin sabiq prezident müdaxilə etmədi. Bu isə onu göstərir ki, Gül Ərdoğanla iş birliyinə getməyəcək”.

"Ərdoğan A.Gülü baş nazir postuna gətirmək istəyir” iddialarına gəlincə, ekspert qeyd edib ki, keçmiş lider təklifi qəbul etməyəcək: "Çünki hazırkı dövlət başçısı Gülün siyasətdən uzaqlaşdırılmasına dair dəfələrlə mövqe sərgiləyib”.

Ayyət Əhməd