Gülənçilər Azərbaycana başağrısı gətirə bilməz

Əsas məsələ odur ki, Ərdoğan öz ölkəsində daxili sabitliyi qoruyub saxlaya biləcəkmi?



Türkiyədə növbədənkənar parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) böyük üstünlüklə qalib gəlməsindən sonra siyasi ekspertlər AKP-nin gələcək addımlarına dair maraqlı proqnozlar verirlər. Bəzi politoloqlar bildirirlər ki, bundan sonra Türkiyədə Fətullah Gülən tərəfdarlarının sıxışdırılması prosesi davam edəcək. İddia olunur ki, koalision hökumət qurulsaydı, Gülən tərəfdarları ilə mübarizə arxa plana keçəcəkdi. Ancaq 1 noyabr seçkisinin nəticəsinə görə, Gülən tərəfdarları Ərdoğanın növbəti hücumlarına hazırlaşmalıdırlar.

Bu o deməkdir ki, Azərbaycana da növbəti siyahılar göndəriləcək, SOCAR rəhbərliyi də buna hazır olmalıdır. Çünki Ərdoğan ailəsinə yaxın mətbuat son zamanlar Bakıya mesaj göndərir ki, SOCAR-ın Türkiyədəki törəmə şirkətində Gülən tərəfdarları çalışır və onları təmizləmək lazımdır. Seçkinin nəticəsi Ərdoğanın kamandasını yenidən gücləndirib, o, Gülənin ölkə daxilindəki və xaricindəki mövqelərini əvvəlki əzmlə hədəfə alacaq. Dördüncü nəticə müxalifət liderlərinin istefası aktuallaşacaq, CHP və MHP məğlubiyyətlərdən bezib, müxalifətdə yeni liderlərə ehtiyac var. Yəqin ki, hər iki partiyanın içində qurultay tələbləri çoxalacaq.

Türkiyədə parlament seçkilərindən sonrakı durumu şərh edən politoloq Tofiq Abbasov "Şərq”ə söyləyib ki, Fətullah Gülənin hərəkatı yalnız Türkiyə ərazisi ilə kifayətlənməyib. Bir çox qeyri-müsəlman dövlətində də fəaliyyətlərini davam etdirirlər: "Lakin bu prosesdə kənar müdaxilələrə ehtiyac yoxdur. Yəni Azərbaycana siyahının göndərilib-göndərilməməsi ikinci məsələdir. Hazırda Türkiyənin qarşısında duran prioritet məsələ ölkə daxilində sabitlik yaratmaqdır. Bu ölkədə sabitlik yoxdur. Düzdür, hakim partiya çox inamlı qələbə qazandı. Ancaq bu, hər hər şey demək deyil. Türkiyə daxilində kənar qüvvələr mövcuddur. Daxildə müəyyən qüvvələr var ki, onlar Ankaraya düşmən olan qruplarla əlbir olmaq niyyətindədirlər. Bunun işartıları da görünür. İlk növbədə Türkiyənin vəzifəsi o olmalıdır ki, qonşuluqda olan terrorçu dəstələrin ölkə ərazisinə soxulmasına və ölkədə stabilliyi pozmasına imkan verməsin. Yeni hökumət ilk növbədə xarici deyil, daxili problemlərin həllinə çalışmalıdır. Daxildəki vəziyyət gərginləşərsə, bunun çox ağır nəticəsi olacaq”.

Ekspertin qənaətincə, son vaxtlar Ankara Suriya problemindən uzaqlaşarsa, bu onun özünə xeyir gətirər: "Çünki gündəmdə Xəzər və Qaradəniz əməkdaşlıq məsələləri mövcuddur. Bunların öhdəsindən gəlmək üçün gərək proqram olsun və yeni hökumət bununla ciddi məşğul olsun. Yenə təkrarlayıram ki, daxili sabitliyin qorunması prioritet olmalıdır”.

Gülən hərəkatına qarşı mübarizəyə diqqət çəkən müsahibimiz deyib ki, bu müstəvidə də Türkiyənin durumu çox ağırdır: "Bu qarşıdurmanın konturları qeyri-müəyyəndir. Yəni hansı təşkilatın adamları cəmiyyətə inteqrasiya olunublar, bilinmir. Onların fəaliyyətlərini aşkarlamaq çətindir. Baxın, Ərdoğan dedi ki, F.Gülən siyasətlə məşğul olmaq istəyirsə, ölkəyə qayıdıb, təşkilat yaratsın və biz də bilək ki, rəqibimiz kimdir. Bu məsələ alınmadı və gülənçilər bir növ məxfi mübarizə aparırlar. Ona görə deyirəm ki, bu istiqamətdəki problemlər və qeyri- müəyyənliklər çoxdur. Bunları vaxtında müəyyən edib, ona qarşı əks tədbir görmək xeyli çətindir. O cümlədən gülənçilərin digər ölkələrdə də güclü tərəfdaşları var. Xaricdən də onlara güclü dəstək var. Məncə, daxildən parçalanmalara rəvac verə biləcək bu proses AKP üçün böyük başağrısı gətirə bilər. Hətta ölkəni daxildən iflic duruma sala bilər. Yeni hökumət nöqsanlara yol verməli deyil. Elə addımlar atılmalıdır ki, vəziyyət olduğundan pisə getməsin. Heç olmasa, indiki status-kvo saxlanılsın”.

"Ərdoğan Azərbaycana nurçularla bağlı siyahı verəcək” iddiasına toxunan həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda gülənçilərin heç bir təhlükəsi yoxdur: "Bilirsinizmi, Azərbaycanda prinsip etibarilə siyasi konyuktura müəyyən çərçivədə formalaşıb. Bizdə yerli siyasi elita o qədər zəif deyil ki, gülənçilər Azərbaycana başağrısı gətirsin. Bu məsələ bir az şişirdilir. Azərbaycan özünü etibarlı şəkildə qoruyan dövlətdir və hansı cərəyan olursa-olsun, onlar ölkəmizdə ayaq tutub, yeriyə bilməyəcək. Ölkənin özünün tarixi konyukturası mövcuddur. Bu konyukturalar oturuşub. Yad ünsürlər o konyukturanı poza bilməzlər. Bu prosesdə mətbuat da şişirtmələrə yol verməli deyil”.

Ayyət Əhməd