Günaydın, Trabzon!!!




(Əvvəli ötən sayımızda)

Türkiyənin "Şəhzadələr şəhəri” adlandırılan Trabzona səfər, orada gördüklərim haqqında yazmağa başlamazdan öncə, istərdim bu məkan haqqında qısaca məlumat verim.
Türkiyənin 29-cu ən böyük şəhəri olan Trabzon Qara dəniz bölgəsinin Şərqi Qaradəniz bölümündə yerləşir. Şəhər bir tərəfdən Qara dənizlə, digər tərəfdən isə Ziqana dağı ilə əhatə olunur. Qərb hissəsində Girəsun rayonu, Şərq tərəfində isə Rəcəb Tayyib Ərdoğanın məmləkəti Rizə şəhəri yerləşir. 2010-cu ildən etibarən böyük şəhər bələdiyyəsi statusu alan Trabzonun əhalisinin sayı ötən il 766 min 782 nəfər olub.

Tarixən türk yurdu olan, milli kimlik baxımından əhalisinin 90 faizindən çoxunun türk olduğu bu şəhər ən qədim məskənlərdən sayılır. Sadəcə bir vaxtlar, 13-14-cü əsrlərdə bu torpaqlara qara dəniz vasitəsi ilə xristianlar gələrək Osmanlının bir qədər zəif dönəmlərində Trabzon imperatorluğu yaradıblar. Azərbaycan tarixi ilə də bağlılığı olan imperatorluğun rəhbərliyi ilə Ağqoyunlu hökmdarı Uzun Həsənin qohumluq əlaqələri mövcud olub. Buna görə də Uzun Həsən Osmanlı imperiyasından Trabzon krallığına toxunmamağı xahiş edib. Lakin Sultan Fateh Mehmet qədim türk torpağı olan Trabzonu, xristian-yunandan qalma imperatorluqdan azad edərək Osmanlının tərkibinə qaytarır. Fatehin hətta o dönəm dediyi "Trabzonu fəth etmədən Konstantinapolu fəth etmək çətindir” - sözləri buranın Osmanlı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Maraqlı məlumatlardan biri də Trabzon insanlarının ləhcəsinin Azərbaycanın Şəki bölgəsinin şivəsinə uyğun gəlməsidir. Bu oxşarlıq tarixlə bağlıdır. Araşdırılmasına ehtiyac olduğuna, ayrıca bir mövzu yükü daşıdığına görə keçirəm səfər təəssüratlarıma.

"Romantiklər şəhəri”nin mehriban insanları

"Şəhzadələr şəhəri” bizi yağışla qarşıladı. Havası o qədər soyuq olmasa da, narın yağmur oraya çatdığımız gün heç ara vermədi. Bu cür yağışına görə Trabzona "romantiklər şəhəri” də demək mümkündür. Şəhər avtovağzalında səhər yeməyi yedikdən sonra dostum Nəsimi Cəfərli ilə tək bir istəyimiz vardı, tez zamanda otel kirayələmək və yol yorğunluğunu çıxarmaq üçün duş alıb bir neçə saat yatmaq. Ona görə də avtovağzalda "kahvaltı” etdikdən sonra mərkəzə, Meydan deyilən yerə gəldik. Meydan ərazisi Bakının Fəvvarələr bağını xatırladır. Binaların altında brend firmalara aid mağazalar, xırda daşlarla örtülmüş yollarında otel axtardıqca özümü Bakının keçmiş "Tarqovaya” küçəsində hiss edirdim. İnsanların üzündəki mehribanlıq, söz soruşduqda məmuniyyətlə cavab vermələri buranın insanlarının mehriban, istiqanlı olmasından xəbər verdi. Bir neçə oteldə yer tapa bilmədik. Otel rezarvasionlarından bunun səbəbini soruşduqda, Azərbaycandan və İrandan gələn turistlərin çox olduğunu söylədi. Əsasən də Güney Azərbaycan türkləri olan İran vətəndaşları Trabzon otellərini demək olar ki, doldurmuşdu. Mehmanxana nəzarətçiləri dedilər ki, iranlılar Novruz tətilini əsasən Trabzonda, Rizədə və digər Qaradəniz ətrafı şəhərlərdə qeyd edirlər.

Ən baha tələbat - siqaret və nəqliyyat

Nəhayət ki, münasib bir otel tapdıq, yerləşdik. Bundan sonra nəzərdə tutduğumuz kimi bir neçə saatlıq yorğunluğu çıxardıqdan sonra, şəhəri gəzməyə getdik. Narın yağış isə hələ də davam edirdi. Türkiyənin hər yerində olduğu kimi Trabzonda da ictimai nəqliyyat və siqaret bahadır. Turistlərin ən çox xərcləri məhz nəqliyyata sərf olunur. Meydan ərazisindən şəhərin ən böyük ticarət mərkəzlərindən olan, Forma, Cəvahirə getmək üçün Azərbaycan manatı ilə təxminən 1 manat 40 qəpik ödəməlisən. Nəqliyyatın qiymətinin baha olması orada yanacağın qiymətinin yüksəkliyi ilə əlaqədardır. Amma nəqliyyat sisteminə söz ola bilməz. Şəhərdə marşrut sistemi elə qurulub ki, buranın küçələrində tıxaca rast gəlmək mümkün deyil. Tıxacın olmaması avtomobillərin sayının azlığına yox, yol infrastrukturunun yüksək səviyyədə olmasına görədir. "Qazel” markalı maşınlardan ibarət ictimai nəqliyyatın vaxt intervalı 1 dəqiqədir. Ona görə də nə küçələrdə sıxlıq yaranır, nə də marşrutun içərisində. Mən bu marşrutlar içərisində ayaq üstə dayanan sərnişin görmədim.

Ərdoğanın siqaret siyasəti...

Siqaretin bir qutusu isə bizim pulla 4-6 manat arasındadır. Növündən, markasından aslı olaraq qiymətlər də dəyişir. Siqaretin qiyməti 2003-cü ildən etibarən fantastik həddə çatıb. Mağazada siqaret satan orta yaşlı, əvvəllər İstanbulda metro maşinisti işləmiş, pensiyaya çıxdıqdan sonra isə mağaza işlətdiyini deyən İlhan dayıdan bunun səbəbini soruşdum. Satıcı bildirdi ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mütəmadi olaraq siqaretin qiymətinin qaldırılmasına göstəriş verir. "Hörmətli rəhbərimiz bununla siqaret çəkənlərin, canına ziyan vuranların sayının azalmasını güman edir. Amma bir faydası yoxdur. Yenə də siqaretdən istifadə edənlərin sayında azalma yoxdur, əksinə, çəkənlər çoxalır”.

Təqaüdə çıxandan sonrakı həyat

İlhan dayının, "Əməkçi olduqdan sonra mağaza işlətdim” - sözləri beynimi qurcaladığına görə, ondan təqaüdünün nə qədər olduğunu soruşdum. Hazırda 2400 Türkiyə lirəsi (1200 ABŞ dolları) pensiya aldığını deyən satıcı, mağazanı boş durmamaq üçün işlətdiyini söylədi: "Əlbəttə, təqaüdüm mənə aylıq dolanışığım üçün, dərmanlarımı ala bilməm üçün yetərlidir. Amma bizim ölkədə təqaüdə çıxdıqdan sonra sağlam insanlar bu cür əməklə məşğul olurlar. Həm darıxmıram, həm də təbii ki, çox pul ziyanlı deyil”. Meydan ərazisindəki ən böyük park olan Atatürk adına istirahət parkında da yaşlı insanların əyləşdiyini, kimisinin nərd oynadığını, kimisinin bir-biri ilə söhbətləşdiyini soruşdum. İlhan dayı dedi ki, hər kəs bir xasiyyətdədir. Pensiyaçıların eləsi var sonra da işləyir, eləsi də var o gördüyün parkda əyləşənlər kimi istirahətlərini edirlər. Çünki aldıqları təqaüd onların bütün ehtiyaclarını demək olar ki, ödəyir.

İctimai aksiya və deputat olmaq istəyənlərin təbliğat kampaniyası

Trabzonu gəzərkən iki maraqlı məqam da diqqətimi çəkdi. Birinci məqam budur ki, mərkəzi parkda 50-yə yaxın insanın toplaşdığını, aksiya keçirdiyini görüncə, səbəbi ilə maraqlandım. Toplaşanlar Trabzon Texniki Universitetinin tələbələri idi. Əllərində plakat tutan dinc aksiyaçılar qadınlara qarşı zorakılığa etiraz edirdilər. Bir saata qədər davam edən göstəri aksiyasında tələbələr sözlərini dedilər, problemə kifayət qədər diqqət çəkə bildilər.
İkinci məqam isə millət vəkilliyinə namizədlərin təbliğat kampaniyasını yüksək səviyyədə aparması ilə bağlıdır. Hazırda Türkiyədə iyunda baş tutacaq parlament seçkilərinin təbliğat kampaniyası aparılır. Trabzondan namizəd olan şəxslərin kampaniyanı aparması formaları müxtəlifdir. Məsələn, hakim Ədalət və İnkişaf Partiyasının namizədinin üzərində şəkli olan avtobus içərisində mikrofonla seçiciləri aktivliyə səsləyərək gün ərzində şəhər küçələrini dolaşırdı. Həmçinin şəhərdəki elektron reklam tablolarında ard-arda namizədlərin şəkilli təbliğat plakatları bir-birini əvəzləyir. Trabzon Kültür Mərkəzinin qarşısında insan sıxlığını görüb, maraqlandım. Məlum oldu ki, müxalif Millətçi Hərəkat Partiyasının Trabzon namizədi seçicilərlə mədəniyyət evində görüş keçirməyə gələcək. Türkiyə vətəndaşlarının siyasi proseslərə nə qədər böyük önəm verdiyini namizədlə görüş üçün mərkəzin qarşısına toplaşanların sayının çoxluğu mənim üçün əyani sübut etdi.

Hər gün dindarlaşan Türkiyə

Trabzon küçələrində ən çox rast gəlinən, yemək "lokanta”ları, pal-paltar dükanları və kitab mağazalarıdır. Hə, bir də, turizm şəhəri olduğuna görə mərkəzdə otellərin sayının çox olması diqqət çəkir. Yeməklərin qiyməti bir qayda olaraq kafelərdə eynidir. Əsasən balıq yeməklərinin üstünlük təşkil etdiyi "lokanta”larda dönər, lahmacun kimi Türkiyə mətbəxinə xas olan yeməklər də mövcuddur. Yemək baxımından qiymətlər elə də baha deyil. Ən ucuz isə balıq məhsulundan hazırlanan yeməklərdir. Bu da Trabzonun Qara dəniz sahilində yerləşdiyinə, balığın yerli mal olduğuna görə ucuz başa gəlməsi səbəbindəndir. Qeyd edim ki, kafelərinin heç birində spirtli içkiyə rast gələ bilmədim. Bunun səbəbini soruşduqda, "abi, rakı, araq olan yerlərə müştərilər gəlmirlər” - dedi, kafe sahibi. Bundan aydın olur ki, Türkiyənin hər yerində olduğu kimi Avropa şəhərinə bənzəyən Trabzon əhalisi də tamamilə dindarlaşıb. Otellərin qiyməti isə səviyyəsinə görə dəyişir. İki və daha çox "ulduz” sertifikatı olan mehmanxanada 1 nəfərlik yerin qiyməti bizim pulla 50 manatdan başlayır. Amma standartlardan bir aşağı otellərdə qiymətlər aşağıdır. Hansı ki, dediyim o standartlardan aşağı qiymətləndirilən otelin otaqları, Azərbaycandakı bəzi üç "ulduz”lu mehmanxanaların otaqlarından daha səviyyəli və şəraitlidir. Kitab mağazalarının çoxluğu isə, Trabzon insanlarının kitaba marağının çox olmasının göstəricisidir.
P.S. Sonrakı yazıda Trabzonun tarixi yerləri, turistlərin ən çox maraq göstərdiyi, ziyarət etdiyi məkanlar haqqında gördüklərimi yazacam.

Anar Bayramoğlu