Gürcüstan hakimiyyəti Rusiya ilə qaz alveri etmək istəyir

Saziş imzalamaq asan olmayacaq, ölkə müxalifəti bu bazarlığa qarşı çıxır




"Bizim üçün bir çox qəbuledilməz səbəblər olmasına baxmayaraq, Gürcüstanın Rusiya ilə münasibətlərinin normallaşmasını dəstəkləyirik”.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Cənubi Qafqazda təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxış edərkən deyib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti ticarət sferasında Rusiya ilə əməkdaşlığın inkişafı istiqamətində konkret addımlara təşəbbüs göstərir. Gürcüstan nəqliyyat, turizm, mədəniyyət sferalarında və iki ölkə vətəndaşlarının daha da yaxınlaşması üçün çalışıb. Bütün bunlar Moskva və Tiflis arasında münasibətləri normallaşdıra bilər. Açıqlamadan da göründüyü kimi, son zamanlar rəsmi Tiflis Moskva ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Bir sözlə, Baş nazir Rusiyadan qaz almaq istəklərini bəyan etməklə uzun illərdən sonra yenidən Kremlə yaxınlaşmaq niyyətini sərgiləyir.

İ.Qaribaşvilinin bəyanatını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə deyib ki, Tiflis Moskva ilə qaz alqısı vasitəsilə siyasi dialoq qurmaq və qaz alışını şaxələndirmək istəyir ki, yalnız Azərbaycan qazından asılı olmasın: "Buna baxmayaraq, Gürcüstan hakimiyyətinin Rusiya ilə qaz sazişi imzalaması asan olmayacaq. Çünki Gürcüstan müxalifəti bunun əleyhinə çıxır və "Qazprom” şirkətindən qaz alışının Azərbaycanla münasibətlərə mənfi təsir edəcəyini vurğulayırlar. Müxalifət hətta bu şüarlarla mitinq keçirib. Müxalifət haqlıdır. Rəsmi Tiflis SOCAR rəhbərliyinin "Gürcüstana əlavə həcmdə qaz sata bilərik” açıqlamasını qulaqardına vurursa, biz bundan gərəkli nəticələr çıxarmalıyıq”.

Ayyət Əhməd