Gürcüstanda həbsdə olan azərbaycanlılar...

Səadət Bənənyarlı: “Vətəndaşlarımızın saxlanma şəraiti ilə maraqlanmaq üçün dövlətin xüsusi razılığı olmalıdır”



Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 81 nəfərdir.
Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinin xəbərinə görə, bu ilin aprel ayına olan məlumata əsasən, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 18-i təqsirləndirilən şəxs, 63-ü isə məhkumdur. Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 59-u kişi, 4-ü qadındır.
Azərbaycan vətəndaşları Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 16,2 faizini təşkil edir. Gürcüstan həbsxanalarında ümumilikdə 501 xarici ölkə vətəndaşı saxlanılır. Onların arasında saya görə Türkiyə vətəndaşları (129 nəfər) birinci yerdədir. Qonşu ölkənin həbsxanalarında saxlanılan Rusiya vətəndaşlarının sayı 51, İran vətəndaşlarının sayı 61, Ermənistan vətəndaşlarının sayı isə 31 nəfər təşkil edir.
Hüquq müdafiəçisi Səadət Bənənyarlının sözlərinə görə, Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşlarının saxlanma şəraiti ilə maraqlanmaq üçün dövlətin xüsusi razılığı olmalıdır: 

"Ölkəmizdə İctimai Komitə üzvləri kimi istənilən həbsxanada monitorinq keçirib, məhbuslarla görüşə, onların problemləri ilə maraqlana bilirik, amma Gürcüstanda biz bunu edə bilmərik. Rəsmi icazə mütləqdir”.
Bu günə qədər Gürcüstanda məhbus həyatı yaşayan heç bir Azərbaycan vətəndaşından onlara müraciət edilmədiyini vurğulayan hüquq müdafiəçisi ümumilikdə Gürcüstan həbsxanalarındakı saxlanma şəraitinin Azərbaycanla müqayisədə aşağı olduğunu deyib: "Hazırkı durum barədə dəqiq nəsə deyə bilmərəm. Lakin bir neçə il əvvəl bizim cəzaçəkmə müəssisələrinin durumu daha normal idi. İndi vəziyyət necədir, deyə bilmərəm”.

Şəymən