Gürcüstanın baş naziri balans siyasətini qoruyur

Belə məqamda Tiflis bölgədə barışın əldə olunması üçün fəallığını artıra bilər



"Bir müddət əvvəl Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın Tiflisdəki səfirliyinə gələrək, Cümhuriyyət bayramımıza qatıldı və nitqində iki ölkə arasındakı münasibətlər barədə ən yüksək sözləri dedi.

Ondan iki gün sonra isə Gürcüstanın baş naziri eyni sözləri Paşinyanla Tiflisdəki görüşündə Ermənistanın ünvanına söylədi”. Bunu feysbuk profilində politoloq Elxan Şahinoğlu yazıb. Ekspert bildirib ki, hazırda rəsmi Tiflis əsl balans siyasətini həyata keçirir: 

"Gürcüstan kreditlər və enerji təminatı məsələlərində Azərbaycandan asılı olsa da, Azərbaycana və Ermənistana eyni gözlə baxmağa çalışır. Başqa dövlətlər də oxşar siyasət yürüdür və bu xoşumuza gəlməsə də, normal qarşılayırıq. Ancaq Gürcüstan bu dövlətlərin heç birinə bənzəmir. 

Birincisi, Ermənistan rəsmiləri heç zaman "Abxaziya və Cənubi Osetiya Gürcüstan ərazisidir” və "Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik” açıqlamasını dilə gətirməyiblər. İkincisi, Rusiyanın Ermənistandakı hərbi varlığı Azərbaycanla yanaşı Gürcüstana da real təhdiddir. 

Üçüncüsü, Gürcüstan Azərbaycan və Ermənistanla yaxşı münasibətləri qorumasına rəğmən, heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllində "tərəflərin istəyi əsasında vasitəçi olmağa hazıram və bunun üçün Tiflisdə görüşlər təşkil edə bilərəm” təşəbbüsü ilə çıxış etməyib. 

Halbuki, Paşinyan Gürcüstanla əməkdaşlığı xarici siyasətinin ən önəmli faktoru hesab edir. Belə məqamda Tiflis bölgədə barışın əldə olunması üçün fəallığını artıra bilər. Ən azından Paşinyanla görüş zamanı ona bəzi vacib məsələləri anlatmaq lazımdır”.

İsmayıl