Yadigar Cəfərli: "Medianın təqdimatları rəsmiyyətə mümkün qədər yaxın olmalıdır"Zamin Hacı: "Qanunvericilikdə millət vəkili anlayışı yoxdur. Xahiş edirəm ki, Fazil Mustafa kimi şəxslərə elə deputat deyək"
Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafa jurnalistləri Hacı, Kərbəlayı, Məşədi titullarını yazmamağa çağırıb. Bu barədə millət vəkili öz feysbuk səhifəsində bildirib. Parlamentari qeyd edib ki, ümumiyyətlə rəsmi qaydada Hacı, Kərbəlayı, Məşədi adlarının istifadəsi qadağan olunmalıdır:
"Qoy küçədə-bacada, ev və qonşular arasında kimsə bu adlarla biri-birini çağırıb təkəbbür nümayiş etdirsin. Bu tanıtım birbaşa dini xurafatla və saxtakarlıqla bağlıdır və heç vaxt səmimi din adamı özünə mənəvi borc olaraq gördüyü ziyarəti xatırladan faktı titul olaraq adının qarşısına pərçimləyib reklam etməz. Bu cahilliyi anladıq. Ancaq anlaşılmaz odur ki, niyə belə bir cahilliyin yayılmasında daha çox rol alan bizim bir sıra media təmsilçilərimiz olur? Savadlı jurnalistlərimizi bu qondarma dini titulları, tanıtımları mediada leqallaşdırmaqdan imtina etməyə çağırıram”.
Parlament üzvünün çağırışına münasibət bildirən onomastika mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli "Şərq”ə məsələ ilə bağlı çox maraqlı faktlar açıqlayıb: "Abbasqulu Ağa Bakıxanovun adlar və titullar adlı bir əsəri var. Azərbaycan dilçiliyində xüsusi adları ilk dəfə o tədqiq edib. Deməli, XIX əsrin 40-cı illərində çarın bir fərmanı olur. Qafqazdakı yerli mülkədarların titullarını və imtiyazlarını əllərindən alır. Amma sonra görürlər ki, bu, yerlərdə narazılıq yarada bilər. Onda Abbasqulu ağaya bir məmur kimi tapşırırlar ki, adları və titulları dəqiqləşdirsin. O da bunu bir kitab-layihə halında yazıb hökumətə təqdim edir. İndi bu, Bakıxanovun kitablarından biridir: "Adlar və titullar haqqında”. Amma o dövrdə işlənən xan, bəy, ağa və s. bu kimi titullar hazırda təbii ki, rəsmi səviyyədə deyil. Eləcə də Hacı, Kərbəlayı, Məşədi kimi titullar. Fazil müəllim sadəcə mediaya tövsiyə edir ki, rəsmi səviyyədə tanınmamış titulları media vasitəsilə funksionallaşdırmayın. Bir şəxs haqqında yazanda o, rəsmi sənədlərdə vətəndaş kimi necə eyniləşdirilirsə, adı, atasının adı, soyadı ilə təqdim edin. Bu da bir millət vəkili, ziyalı kimi Fazil müəllimin mövqeyidir”.
Bununla yanaşı, müsahibimiz hesab edir ki, medianın təqdimatları rəsmiyyətə mümkün qədər yaxın olmalıdır: "Amma mətbuat janrları da rəngarəngdir. Ola bilər ki, informativ janrlarda qeyri-rəsmi titulun işlənməsi düzgün deyil. Amma bədii-publisistik janrda yazılmış hansısa yazıda müəllif qeyri-rəsmi titulu da istifadə etmək istəyir. Yəni, bu, müəllifin yaradıcılıq azadlığına bağlı bir məsələdir. Reallıq budur ki, bu titullar qeyri-rəsmi səviyyədə də olsa, bizim düşüncə sistemimizdə bir fakt kimi var. Medianın da vəzifəsi bundan ibarətdir ki, belə titulların təkəbbür elementinə, insanlar arasında hər hansı sosial fərqə çevrilməməsi üçün maarifləndirmə işləri aparsın. Mətbu materiallarda o titulların göstərilməməsi də maarifləndirmə işinin tərkib hissəsi ola bilər”.
Sonda müsahibimiz onu da əlavə edib ki, titullar onomastikanın köməkçi adlar kateqoriyasına aiddir: "Yəni onomastika titulları, həmçinin dini titulları da öyrənir”.
Tanınmış köşə yazarı Zamin Hacı isə deyib ki, bu, fərdi məsələdir: "Kimsə, özünü Hacı deyə təqdim edirsə və yaxud da Hacı kimi təqdim olunmasına etiraz etmirsə, onun belə titulla çağırılmasına normal yanaşıram. Həm də ki, adın qarşısında həmin sözlərin yazılması istər-istəməz onun dini kəsim olmasının göstəricisidir. Tutalım, İlqar desək, hamı deyəcək, hansı İlqar. Amma adının qabağında Hacı sözü işlənsə, söhbətin kimdən getdiyini dərhal biləcəklər. Üstəgəl, bu, cəmiyyətdə də pis qarşılanmır. Bunun heç kimə ziyanı yoxdur. Bir fərqlənmə nişanı kimi qəbul edirəm. Başqa dinlərdə də var. Xristianlarda da belə fərqləndirmələr mövcuddur. Eyni zamanda düşünürəm ki, cəmiyyətimizin minlərlə problemi var. Yaxşı olar ki, deputatlar bu haqda fikirləşsinlər”.
Müsahibimiz qeyd edib ki, adların qarşısında məlum titulların işlənməsinin xurafatla qətiyyən əlaqəsi yoxdur: "Ona qalsa, kimisə peyğəmbər adlandırmaq da düzgün deyil. Kimsə ciddi bir yerin adı ilə çağrılmağı özünə xoş bilirsə, nədən bunun qarşısı alınmalıdır? Bu, formal bir şeydir. Ona qalsa, həqiqi dindar ümumiyyətlə müsəlman olduğunu deməli deyil. Zənnimcə, burada ayıb bir şey yoxdur. Həccə getmək ayıb işdirsə, ümumiyyətlə gedilməsin. Kimsə ora gedib özünü elə adlandırırsa, buna niyə pis baxılmalıdır?”
Müsahibimiz deyib ki, kiminsə ona Hacı deməsini çox normal sayır: "Soyadım Hacıdır. O vaxtlar imzamı Hacı Zamin yazırdım. Əksəriyyət düşünürdü ki, Həcc ziyarətində olmuşam və dindaram. Kimsə mənə Hacı deyəndə heç də pis olmurdum. İndi də olmuram. Hətta mənə xoş olur. Bunu problem kimi görmürəm. Həm də Azərbaycanın yüzillərdən bəri gəlmiş ənənəsidir”.
Z.Hacı onu da diqqətə çatdırıb ki, kiminsə özünü millət vəkili adlandırması da yanlışdır: "Azərbaycan qanunvericiliyində millət vəkili anlayışı yoxdur. Bunu Türkiyədən götürüblər. Qanunvericiliyimizdə deputat sözü var. Xahiş edirəm ki, F.Mustafa kimi şəxslərə elə deputat deyək. Onların millətlə heç bir bağlılığı yoxdur. Bir daha söyləyirəm ki, bu mövzu xırda və yüngül hisslərlə yaşayan insanların demaqogiyasından başqa bir şey deyil. Cəmiyyətin ciddi problemləri var. Hacı, Kərbəlayı və Məşədi sözləri Azərbaycan xalqına nə artıqlıq, nə də əskiklik gətirir. Heç bir xaos və problem yaratmır”.
Ayyət Əhməd