G7 ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - Makron

Fransa prezidenti Emmanuel Makron bildirib ki, “Böyük Yeddilik” (G7) ölkələri Yaxın Şərqdəki böhranın yaratdığı yanacaq qiymətlərinin artmasına baxmayaraq, Rusiyaya tətbiq olunan sanksiyaları ləğv etməyəcək.

Sherg.az xəbər verir ki, Makron videokonfrans formatında keçirilən G7 dövlət və hökumət başçılarının görüşündən sonra açıqlayıb ki, yaranmış vəziyyət heç bir halda Rusiyaya tətbiq olunan sanksiyaların dayandırılmasını əsaslandırmır və sanksiyalar qüvvədə qalacaq.

Qeyd olunur ki, Yaxın Şərqdə gərginliyin artması ilə yanacaq qiymətləri dünya üzrə yüksəlib. Hərbi əməliyyatlar Hormuz boğazı üzərindən neft və maye təbii qaz nəqliyyatını demək olar ki, dayandırıb. Bunun nəticəsində Səudiyyə Ərəbistanı gündəlik hasilatı 2–2,5 milyon barel, BƏƏ 500–800 min barel, Küveyt 500 min barel, İraq isə 2,9 milyon barel azaldıb.

Rusiyanın rəsmi dairələri isə bir neçə dəfə bəyan ediblər ki, ölkə Qərbin tətbiq etdiyi sanksiya təzyiqinə tab gətirəcək və Qərbin sanksiyaların effektivliyini qəbul etməkdə çətinlik çəkdiyi vurğulanıb.