Hakim partiya Baykala dəstək verəcək

“AKP ilə CHP arasında da koalisiya formalaşa bilər”
“Ancaq istənilən koalisiya hökumətinin ömrü 6 aydan çox olmayacaq”


7 iyun seçkisindən sonra Türkiyədə siyasi vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Partiyalar arasında koalisiya hökumətinin qurulması ilə bağlı müzakirələr aparılsa da, hələlik nəticə əldə olunmayıb. Danışıqların davam etdiyi vaxtda kulislərdən daha bir iddia sızıb. Türkiyənin "Cümhuriyyət” nəşrinin yaydığı xəbərə görə, hakim AKP ilə MHP-nin razılığa gələ bilməməsi AKP-CHP koalisiyası məsələsini önə çıxarıb.

İddiaya əsasən, CHP-nin "qırmızı xətt”i hesab olunan "Ərdoğansız AKP” şərtini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsbət qarşılayıb. Türkiyə Böyük Millət Məclisinin sədrliyinə namizədlər də müəyyən olunub. MHP-nin əsas namizədi professor Əkmələddin İhsanoğlu, CHP-nin namizədi isə partiyanın eks-sədri Dəniz Baykaldır. Hakim partiyanın parlament rəhbərliyinə öz namizədi olsa da, əsasən D.Baykalı dəstəkləyəcəyi ehtimal olunur. Türkiyədəki siyasi proseslərlə bağlı "Şərq”ə danışan tanınmış politoloq Azər Rəşidoğlu qardaş ölkədə çox ciddi siyasi böhranın yaşandığını deyib. Onun fikrincə, qısa müddət ərzində vəziyyəti düzəltmək mümkün olmayacaq: "Hazırkı şəraitdə ən mümkün koalisiya AKP-MHP hökumətidir. Ancaq bu koalisiya da mövcud siyasi böhranı tam aradan qaldırmağa kifayət etməyəcək. Türkiyənin yaxın tarixinə nəzər salsaq görərik ki, bir neçə partiyadan ibarət koalisiya hökuməti ciddi problemlər yaradır. Həmin vəziyyətin bu dəfə də yaranacağı istisna edilmir. AKP ilə CHP arasında da koalisiya formalaşa bilər. Ancaq istənilən koalisiya hökumətinin ömrü 6 aydan çox olmayacaq. Bu baxımdan Türkiyədəki proseslərin qısa zamanda həll olunacağına ümid bəsləmirəm”. Politoloqun fikrincə, Türkiyədə hansısa kataklizm və ya qeyri-adi hadisə baş verərsə, o zaman siyasi partiyaların sosial bazalarında say artımı və azalması ola bilər: "Əgər erkən seçimlər olarsa, Ərdoğan Davosda etdiyi hərəkətə bənzər davranış sərgiləməklə, ölkənin dindar kəsiminin rəğbətini yenidən qazana bilər. Bu halda təkrar seçkidə AKP səs faizini artırar”.

A.Rəşidoğlunun sözlərinə görə, AKP-nin parlament sədrliyinə namizədi Nüman Kurtulmuş olacaq. Ancaq indiki şəraitdə hakim partiyanın Dəniz Baykalı dəstəkləyəcəyi güman edilir: "AKP-nin Baykalla heç bir problemi yoxdur. Xatırlatmaq lazımdır ki, Baykalın keçmiş kaset qalmaqalının arxasında "paralel yapı” dayanırdı. Həmin şəbəkə ilə AKP-nin mübarizəsi hamıya bəllidir. Sırf buna görə, hakim partiya Baykala dəstək verəcək. Ümumiyyətlə, keçmiş CHP sədri problemli şəxs deyil. Zənnimcə, digər partiyalar da ona səs verəcəklər”.

İsmayıl