
"Halloven”: Nazir hara baxır?
Qərbin qara işləri məktəblərimizə də ayaq basdıDəhşətli burasıdır ki, “Cadılar bayramı”nı müəllimlər canfəşanlıqla təbliğ edir
Bu günlər bəzi orta məktəblərdə "Cadılar bayramı” keçirilir. Sosial şəbəkələrdə bu barədə xeyli məlumatlar, fotolar yerləşdirilib. Məktəblilər bayrama xüsusi həvəslə hazırlaşır, müxtəlif libaslar əldə etmək üçün valideynlərini yola gətirməyə çalışırlar. Qısası, orta məktəblərdə aləm dəyib biri-birinə.
Nə var, nə var, cadugər, pəri, vampir, adamyeyən, başkəsən, qan tökən, dəhşət saçan obrazı yaradılmalıdır. İşə bax!.. Gör, uşaqlar nəylə məşğul olur. Kənardan baxan bəlkə deyər ki, uşaqdılar, qoy əylənsinlər, burada pis nə var?! Bizcə, istənilən bir əyləncənin daşıdığı mahiyyət önəmlidir. Xüsusən də kiçik yaşlı uşaqlar, yeniyetmələr arasında.
"Cadılar bayramı”nın tarixçəsinə nəzər salsaq, bu üzdəniraq "bayramın” bizə heç bir aidiyyəti olmadığını görəcəyik.
Ruhları qovmaq "bayramı”?
Əvvəla onu bildirək ki, "Cadılar bayramı” əsasən Qərb ölkələrində, xristianlar arasında qeyd edilir.
Beynəlxalq axtarış sistemində "bayramla” bağlı məlumatlar bu şəkildədir: "Cadılar bayramı” hər il oktyabrın 31-də qeyd edilir. Paqan və sonrasında xristian kökləri olmasına rəğmən günümüzdə yayqın şəkil alıb. Uşaqlar qorxunc kostyumlar geyinir, qapı-qapı gəzərək şəkər, meyvə və digər hədiyyələr toplayırlar. Digər "Cadılar bayramı” şənliklərində maskalı ballar, qorxu filmləri seansları və pərili olduğuna inanılan evlərə ekskursiyalar düzənlənir.
"Cadılar bayramı” bir sıra Qərb ölkələrində qeyd edilir. Amerikada olduqca böyük və görkəmli festival halını alıb. Amerikanın təsiri ilə Qərb ölkələrində qeyd edilməkdədir. Türkiyəyə də yayılıb.
"Cadılar bayramı” anqlo-sakson dünyasında və başlıca Qərb ölkələrində "Halloven” olaraq adlanır. "Əzizlər Gününün ərəfəsi” qavramında.
Tarixçəsinə baxdıqda aydın olur ki, bu, kök etibarilə antik Britaniyada kelt tayfalarının qeyd etdiyi Samhain festivalıdır. Keltlər 1 noyabrı yayın başa çatması, qışın başlanğıcı hesab edirdilər. Bu vaxt sürülər yaylaqdan dönürdü, torpaq sahibləri ilə ərazi kirayəsi sözləşmələri yenilənirdi.
Bu gündə ölülərin ruhlarının keçmişdə yaşadıqları evlərə döndüyünə inanırdılar. Təpələrin üzərində tonqal qalayır, evlərdə ocaqları yandırır, eyni zamanda bəd ruhları qovmaq üçün böyük ocaqlar qalayırdılar. İnsanlar ortalıqda dolaşdıqlarına inandığı ruhlara tanınmamaq üçün maskalar taxır, müxtəlif kostyumlar geyinirdilər. Zaman keçdikcə, bu adət-ənənə cadılar, qobinlər, pərilər və iblislərlə eyniləşməyə başladı.
Romalılar "Ölüm festivalı”nı bu festivalla birləşdirdilər. 7-ci yüzillikdə Papa 4 Bonifatsi 134 mayda qeyd edilən Əzizlər Gününün 1 noyabrda qeyd edilməsinə qərar verdi ki, bəlkə bu "Ölüm festivalı”nı arxa plana keçirsin. Protestant xristianlar arasında bu "bayrama” son verildi. Günümüzdə də protestant xristianlar bu bayramı qeyd etmirlər və onu yanlış hesab edirlər.
Britaniyada isə "bayram” qalmaqda davam etdi. Sonradan britaniyalılar və avropalılar bu bayramı özləriylə birgə Amerikaya daşıdılar, avropalı köçkünlər tərəfindən. ABŞ-da bir nömrəli uşaq bayramı hesab edilir.
Simvolu gülən balqabaqdır. Balqabağın içini oyur, gülən sifət halına gətirirlər, içində isə şam yandırmaqla şeytani bir sifət halına gətirirlər. Uşaqlar qorxunc qiyafələr geyinərək, qapı-qapı gəzir və "Zarafatmı, şəkərmi?” deyə soruşurlar. Ev sahibi zarafat deyirsə, müxtəlif gülməli hərəkətlər çıxarır, çalıb-oynayırlar. Uşaqlara şəkər və ya pul verirlər. Bu, Britaniyada bir zamanlar kasıbların qapı-qapı zəbi, "ruh kökəsi” toplaması adətinə oxşayır. Böyüklər də festivala qatılır və özlərini tanınmaz hala salır, cadugər libasları geyinirlər.
Qara qüvvə daşıyan "bayram”ın bizə nə dəxli?
Tarixçədən də göründüyü kimi, "Cadılar bayramı”nın Azərbaycanın nə milli, nə də dini adət-ənənəsi ilə heç bir bağlılığı yoxdur. Əksinə, faydasından çox, ziyanı var. Kiçik yaşlı uşaqların cadugər libasları geyinib, qorxulu xarakterlər canlandırmasının hansı müsbət tərəfi ola bilər? Ümumilikdə nağıl qəhrəmanları obrazlarını əks etdirməkdən söhbət getsəydi, bunu anlayardıq. Uşağın biri müsbət qəhrəman olanda, bir başqası mənfi qəhrəmanın obrazını oynayardı. Bu, tamam fərqli bir oyun, festival olardı. Amma uşağın özünü eybəcər şəklə salması, ətrafa qorxu saçması, mənasız, lazımsız, mənbəyində qara qüvvə, qara enerji daşıyan bir festivalın orta məktəblərdə bu şəkildə yayqın qeyd edilməsinin elmi-pedaqoji izahı varmı, görəsən?! Kiçik yaşlı uşaqlara qorxu xarakterləri təlqin etmək, onlara bənzətməyin gələcəkdə daha ağır nəticələr yarada biləcəyi gözardı edilməməlidir. İntihar, qətl, zorakılıq hallarının dünyada artdığı bir zamanda uşaqlara bu cür eybəcərlikləri təlqin etmək qətiyyən yolverilməzdir. Ekspertlər nəinki uşaqların, hətta böyüklərin də gərgin, psixoloji, qorxu, dəhşət filmlərindən uzaq durmalarını israrla tövsiyə etdikləri bir vaxtda, uşaqların "Cadılar bayramı”nda yer almalarını təşkil edən müəllimlər necə kobud səhvə imza atdıqlarının fərqində belə deyillər.
"Valentin Günü”nü də bir vaxtlar belə sırıdılar”
Təhsil eksperti, Əməkdar müəllim Almaz Həsrət "Şərq”ə açıqlamasında Təhsil Nazirliyinin "Cadılar bayramı”nın orta məktəblərdə qeyd edilməsinin qarşısını almalı olduğunu dedi:
- Sosial şəbəkələrdə bu "bayramla” bağlı nə qədər məlumatlar, fotolar paylaşılıb, həm də bizim bəzi müəllimlər tərəfindən. Dəhşətə gəlirəm ki, özünü müəllim adlandıran bir insan buna necə yol verir? Necə bu "bayramı” böyük sevinclə, şövqlə tərifləyir? Heyrət edirəm... Çox təəssüf ki, bəzi məktəblərdə bu "bayramı” keçirirlər, adını da qoyurlar ki, guya festivaldır, maskaraddır, paraddır... Bu, sadəcə, bizim adət-ənənələrimizə, milli maraqlarımıza tamamilə zidd, keçirilməsi heç bir halda məqbul sayıla bilməyəcək bir tədbirdir. Təəssüf ki, ölkəmizə Qərbdən yayılan, bəlkə də düşünülmüş şəkildə yaydırılan belə "bayramlar” əmələ gəlməyə başlayıb. "Valentin Günü” də onlardan biridir. Son zamanlar da bu "Cadılar bayramı”nı ölkəmizdə geniş yaymağa başlayıblar. Bizim bəzi insanlarımız isə yad ideologiyaların planlı şəkildə xalqımızın şüuruna yeridilməsini anlamırlar. Zahiri tərəfinə baxıb, onu təkrarlayırlar. Amma bu "bayram” heç zahirdən də normal deyil. Bir yerdə ki, gözəllik yoxdur, mərhəmət, şəfqət duyğuları görünmür, yalnız heybətli simalar, qorxu, dəhşət, eybəcərlik hökm sürür, hansısa müsbət keyfiyyət axtarmaq absurddur. Bu cür lazımsız tədbirlərə, bizə yad bayramlara heç bir müsbət nümunəsi, örnəyi olmayan adətlərə şagirdləri alət etmək qətiyyən yolverilməzdir. Orta məktəbin vəzifəsi layiqli vətəndaş yetişdirməkdir. Azərbaycanın dövlətçilik ənənələrini, milli kökləri özündə birləşdirən bir vətəndaş. Bəs bu yad bayramlar, festivallar bizim uşaqlara hansı müsbət keyfiyyətləri aşılayır? Şəxsən mən burada müsbət heç nə görmürəm. Və bu cür yad elementli və özündə yalnız zorakılığı təbliğ edən "bayramlar”ın, Avropanın çirkli oyunlarının orta məktəblərdə keçirilməsini ziyanlı sayıram. Guya ki, "Cadılar bayramı”nda pis ruhları qovurlar. Amma əksinə, pis ruhları məktəbin daxilinə yığırlar.
Hesab edirəm ki, Təhsil Nazirliyi də bunun qarşısını almalıdır. Nə çoxdur, özümüzün gözəl bayramlarımız, əlamətdar günlərimiz. Təkcə Yeni il və ya Novruz Bayramı keçirməkdən söhbət getmir. Müəllimlər adət-ənənələrimizi yaxşı bilsələr, araşdırsalar, qeyd etməyə istənilən qədər bayram taparlar. Lap götürək, Nar bayramını. Niyə bunu qeyd etmirlər? Hansısa yad ideologiyaya xidmət edən bayramları məktəbə daşımaqla bəzi müəllimlər özlərini müasir hesab edirlər. Amma yanılırlar. Bu, müasirlik deyil. Müasirlik odur ki, unudulmuş oyunları, bayramları, milli köklərə söykənən əlamətdar günləri müasir dünyanın tələblərinə uyğun şəkildə qeyd etməyi bacarasan. Düşünürəm ki, Təhsil Nazirliyi mütləq tədbir görməlidir.
Məlahət Rzayeva