“Hamısını məhv edəcəyik”

Ərdoğan: “Qısa müddət ərzində Türkiyədə terroru siləcəyik, PPK-nı diz çökdürəcəyik”



Türkiyə Prezidenti Ərdoğan çıxış etdiyi 12-ci muxtarlar toplantısında bir sıra mühüm məsələlərə toxunub. Ərdoğan qısa müddət ərzində Türkiyədə terroru siləcəklərini, PKK-ya diz çökdürəcəklərini bəyan edib: "Heç kimin bundan şübhəsi olmasın. Şəhidlər bizim qanayan yaramızdır. Bir millətə şərəfi, şanı şəhidlər qazandırıb. Türkiyə şəhid qanları ilə sulanıb. Amma artıq yetər, indi ölmək sırası terrorçulardadır. Qısa zamanda hamısını məhv edəcəyik”.

Terrordan təbliğat vasitəsi kimi istifadə edirlər...

Ərdoğan onu əsassız yerə hədəfə alanları sərt tənqid edib: "Bəzi siyasi qurumlara partiya deməyə dilim gəlmir. Sadəcə qruplaşmalar deyirəm. Əlbəttə, müxalifət etmək, tənqid etmək sadəcə siyasətçilərin işi deyil, ölkə ziyalıları da bu haqqa sahibdir. Amma heç bir müxalifətçinin öz ölkəsinə qarşı olmağa haqqı çatmır. Təəssüflər olsun ki, Türkiyədə bir qrup media orqanları, elm adamları və siyasətçilər terror hadisələrindən təbliğat maşını kimi yararlanmaq niyyətindədir”.

Prezident yolunu azanlara meydan oxuyub...

Mənim mücadiləm ölkəmin və millətimin gələcəyi naminədir. Əgər yerində sakit oturan bir Prezident olsam, heç kim məni tənqid etməz. Onda başım da ağrımaz. Amma onların istədiyi kimi olsam, onda millətimin üzərinə çıxacaq üzüm olmaz. Gücünü millətdən almayan kimsələr artıq ölkədə at oynada bilməyəcəklər. Əgər Türkiyəni idarə etmək istəyirlərsə, seçkiyə qatılıb 1 noyabrda sandıq başında qarşımıza çıxsınlar. Prezident sarayı qanunsuz tikilib deyə dad edirlər. Ancaq əllərində bunu sübut edəcək heç bir sənəd yoxdur. Ana müxalifət lideri "mən heç vaxt o saraya getmərəm” deyirdi, amma indi deyir ki, "çağırsalar gedərəm”. Bu insanlar siyasətin dürüstlükdən keçdiyini bilmirlər”.

"Türkiyəni gözəl günlər gözləyir...”

Ərdoğan bəyan edib ki, Türkiyənin gələcəyini terrorla, qanla qaraltmaq istəyənlər bu millətin xoşbəxt gələcəyinə şahidlik edəcəklər: "Ötən gün Prof. Dr.Aziz Sancar Nobel mükafatını aldı, milli komandamız İslandiyanı məğlub etdi. Bütün bunlar xalqımıza qürur verdi. Daha sonra G20 zirvəsinin açılışını etdik. Bir xəyalın reallaşmasına nail olduq. Anamurdan Kıbrısa su kanalı çəkdik. Kıbrısın 50 illik su ehtiyacı qarşılandı”.

"Qardaşlığımızı poza bilməyəcəksiniz...”

Prezident Ərdoğan Türkiyəni yoldan çıxarmaq istəyənlərə də səslənib: "Nə edirlər, etsinlər, heç nə bacarmayacaqlar. Bayrağımızı endirə bilməyəcəklər, azanlarımız susmayacaq. Heç kim bizi 2023 hədəflərimizdən vaz keçirə bilməz. Bizim üçün qurduğunuz tələlərə inşallah özünüz düşəcəksiniz”.

İsmayıl