Hazır olun!!!

Saatların geri çəkilməsi insan orqanizminə mənfi təsir edəcəkSaatların geri çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat gec yatsalar, bu təsiri minimuma endirə bilərlər
Bazar günündən etibarən qış vaxtına keçiləcək. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, keçid oktyabrın 25-dən 26-na keçən gecə olacaq. Həmin gün saat 5:00-da saatın əqrəbləri 1 saat geri çəkiləcək.
Qış vaxtına keçiləcək, çünki qərar var. Amma saat əqrəblərinin ildə iki dəfə - yazda və payızda irəli-geri çəkilməsi illərdir ki, müzakirə mövzusudur. Elm adamları, iqtisadçılar, həkimlər saat əqrəblərinin "oynadılmasının” müsbət təsirlərinin hədsiz az, zərərinsə, əksinə, çox olmasından dəfələrlə danışıb, yaz-qış vaxtına keçidin səmərəsiz, lazımsız bir iş olduğuna dair elmi dəlillərlə çıxış ediblər.
Yay-qış vaxtına keçidlər Azərbaycanda 1997-ci ildən tətbiq olunur və alimlərin tövsiyələrinə baxmayaraq ləğv olunacaq kimi də görünmür.
Alimlər qarşıdır
2012-ci ildə yay-qış vaxtına keçid AMEA-da müzakirə olunub. O zaman N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev "Yay-qış vaxtına
keçid haqqında” mövzusunda elmi məruzə ilə çıxış edib. Azərbaycanda yay-qış vaxtına keçidin ləğvinin zəruriliyini diqqətə çatdıran Ə.Quliyev bunu elmi cəhətdən əsaslandırıb. Alim vurğulayıb ki, bu məsələ hər bir ölkənin milli maraqları mövqeyindən həll olunmalıdır. Yay-qış vaxtına keçid bir neçə saat qurşağında yerləşən, o cümlədən günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu ölkələr üçün aktualdır. Regionda Günəşin saat 12:00-da kulminasiya nöqtəsində olması keçidin düzgünlüyü üçün əsas meyar götürülməli, iş vaxtı günün işıqlı hissəsində "səhər-axşam” simmetriyası prinsipinə əsaslanmalıdır.
Ə.Quliyev deyib ki, yay-qış vaxtına keçid ekvatora yaxın ölkələr üçün, eləcə də şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyil. Keçid vaxtı bir sıra vacib məsələlər - keçid nəticəsində enerjidən istifadəyə qənaət, keçidin ətraf mühitə, idarə, müəssisə və təşkilatlarda iş rejiminə, əmək məhsuldarlığına və insan sağlamlığına təsiri, təhsil sistemində və bir sıra digər sektorlarda ortaya çıxan problemlər və sair nəzərə alınmalıdır.
Əqrəblərin yerdəyişməsinin xeyri nə, zərəri nə?
Qeyd etməliyik ki, yay-qış vaxtı dəyişməsini tətbiq edən ölkələrin sayı getdikcə azalır. Xüsusən də Asiya ölkələri əqrəblərin yerini dəyişməkdən daha çox imtina edirlər. Rusiya artıq neçə ildir ki, yay-qış saatı dəyişikliyi etmir. Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələr də saatlarının əqrəbini geri çəkməkdən imtina edib.
Yay və qış vaxtına keçidlərin adətən iqtisadiyyata müsbət təsirini önə çəkirlər. Guya qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Bu qanunun tətbiq olunduğu ölkələrdə elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət edilir. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki ölkələr elektrik enerjisinin istifadəsini azaltdıqca, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.
Amma bunun müqabilində vaxt dəyişikliyi insan orqanizminə daha ağır zərbələr vurur. Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri də saat əqrəblərinin irəli-geri çəkilməsinin insanların səhhəti ilə bağlı müəyyən problemlər yaratdığını sübut edir. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var. Saatların çəkilməsi insanların davranışında da özünü göstərir. İnsanlar öz "daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir, yuxusuzluq yaradır, anaların davranışlarına təsir edir.
Adaptasiya prosesi insanların sinir sisteminə də mənfi təsir edir. Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirdir. Bu qrup şəxslərin özlərinə gəlməsi üçün ən azı bir həftə vaxt tələb olunur.
Yay-qış vaxtına keçidlər insan orqanizminə təsirsiz ötüşmür. Hər bir insanın fiziki cəhətdən sistemləşdirilmiş orqanizmi var. Bu sistemdən kənara çıxmaq onun fiziki cəhətdən problemlər yaşaması deməkdir. Elə insan var ki, hər hansı bir dəyişikliyə anında reaksiya verir və orqanizm bu dəyişikliyi qəbul etmir. Məsələn, orqanizm hər gün müəyyən saatda qidalanırdısa, bəlli saatlarda yatıb, səhər də eyni saatda qalxırdısa, artıq bir saat fərq ilə hərəkət edəcək. Bu da birbaşa olaraq mədə-bağırsaq, ürək, qan-damar sisteminə mənfi təsir göstərir. Eyni zamanda insanda həzm sistemi pozulur və mədə şirə ifraz etməkdə çətinlik çəkir. Əqrəblərin irəli, yaxud, geri alınması ən çox da yuxu rejiminin pozulmasına təsir edir. Bu hallar daha çox sistemli şəkildə işləyən insanlarda baş verir. Belə ki, hər gün evə yorğun gəlib, bəlli bir saatda yatmağa, səhərləri də konkret zaman dilimində qalxmağa öyrəşən insan, artıq yeni sistemə ayaq uydurana qədər yuxusuzluq problemi ilə qarşılaşır. Bu da halsızlığa, baş ağrılarına yol aça bilir. Və bu da insanlarda psixoloji narahatlıqlara səbəb olur.
Yarım saat gec yatın
Həkimlər "yeni saat”a daha tez uyğunlaşmaq üçün məsləhət görürlər ki, istirahət günündən başlayaraq insanlar öz gündəlik rejimlərini korrektə etməlidirlər. Saatların geri çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat gec yatsalar, bu təsiri minimuma endirə bilərlər.
Yay-qış vaxtının tətbiqi insan orqanizminin bioritmini pozur və səhhətimizə neqativ təsir göstərir. Mütəxəssislərə görə, bunun dərmanı səhərlər qaçış və axşamlar ilıq süd içməkdir.
Türkiyəli həkimlər hesab edir ki, yay-qış vaxtına keçidin insan orqanizmində yaratdığı sistemsizlik, disharmoniya 48 saatdan 2 həftəyə qədər davam edə bilər.
İnsan sutkanın orta hesabla, 8 saatını yuxuda, 16 saatını isə oyanıq keçirir. Yuxu zamanı əzələlərin hərəkəti dayanır, maddələr mübadiləsi, tənəffüs, ürək ritmi və qan təzyiqi enir, həzm sisteminin fəaliyyəti isə sürətlənir. Yuxudaykən bədənimizin temperaturu 1 dərəcə soyuyur. Oyandıqda isə fiziki və zehni funksiyalar çox sürətlə çalışır. Oyanma anından 1-2 saat əvvəl adrenalin səviyyəsi artaraq, bədəni normal iş prosesinə hazırlayır.
Saatların irəli-geri çəkilməsi isə ilk günlərdə yuxu pozğunluğu, diqqətsizlik, beynin tam oyanmaması kimi hallara səbəb olduğu üçün iş zamanı xoşagəlməz hallar müşahidə olunur.
Saatların irəli çəkilməsinin səbəb olduğu yuxusuzluq ən çox ürəyə ziyan vurur. Yuxusuzluq ürək ritmini pozur.
Türkiyəli həkim Murad Berksoy bildirib ki, bioritmimizin pozulması sinir sisteminin fəaliyyətinə birbaşa təsir göstərir. Bu da yaddaşın zəifləməsi, depressiya, şəkər yüksəlişi və hətta infarkta səbəb olur. Beynəlxalq bir araşdırmaya görə, bu dönəmdə infarkt keçirmə riski 4-5 dəfə artır. Saatın çəkilişinin təsiri bir-iki həftə davam edə bilir. Ona görə də həkim gecə yatmazdan əvvəl saatı 15-20 dəqiqə geri çəkməyi tövsiyə edir. Ya da günə 15 dəqiqə daha tez başlamağı. Bundan başqa, həftədə 3-4 gün tezdən qalxıb, yürüş etmək lazımdır. Yatmazdan əvvəl isə mütləq bir bardaq süd içmək lazımdır. Gec saatlarda idman hərəkətlərindən uzaq dayanmaq lazımdır.
Qış vaxtına keçiddən daha az zərərlə çıxmaq üçün insanlar 1-2 ay əvvəldən başlayaraq yatmaq və oyanmaq vaxtlarını, iş rejimlərini hər gün 10-15 dəqiqə dəyişməlidirlər.
Yay və qış saatına keçid zamanı beyin qarışıqlığı, eyni zamanda halsızlıq, adaptasiya problemləri də yaranır. Həkimlər bu təsirin 24-48 saat ərzində düzəldiyini bildirir. Ona görə də bioloji saatımız özünü sistemə salana qədər bir az erkən yatmaqda fayda var. Hovuzda üzmək, ya da dəniz kənarında gəzintiyə çıxmaq, nəfəs çalışmaları çox fayda verəcək. Sağlıqlı və məntiqli qidalanmaq da faydalı ola bilər. Ən maraqlı detal isə bu ərəfələrdə insanlarda yaranan emosional partlayışlardır. Belə ki, əsəb, üzüntü, utanma, günahkarlıq, qısqanclıq, ağrı kimi hisslər bu günlərdə pik həddə çatır. Onların yaratdığı enerjini boşaltmaq üçün həkimlər duyğuları yazaraq ifadə etməyi məsləhət görür. Ya da nəfəs çalışmaları etmək, təbiətdə bol-bol vaxt keçirmək bu çətin günlərdən "zərərsiz” çıxmağa yardım edə bilər.
Məlahət Rzayeva