“Heç kim bilməzdi ki, neftin qiyməti 80 dollar olacaq”

Vahid Əhmədov hesab edir ki, büdcəyə yenidən baxılmasını qeyri-adi hal kimi dəyərləndirmək doğru deyil




2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. Neftin dünya bazarında qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir.

Bəzi ekspertlər isə dövlət büdcəsinə dəyişiklik edilməsinə ehtiyac olmadığını düşünür. Onların fikrincə, ilin tən yarısında büdcəyə yenidən baxmaq və ondakı xərcləri artırmaq lüzumsuzdur. Gəlir artıbsa, pulu ehtiyat üçün saxlamaq da olar. Şərt deyil ki, hamısı xərclənsin?

Millət vəkili Vahid Əhmədov isə "Şərq”ə açıqlamasında deyib ki, "Büdcə haqqında” qanunda bütün məsələlər öz əksini tapıb: 

"Dövlət büdcəsində gözlənilən dəyişikliklər əsasən dünya bazarında neftin qiymətinin kəskin artması ilə əlaqədardır. Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində proqnozlaşdırıldığından iki dəfə baha qiymətə satılır. İlin əvvəlində heç kəs əvvəlcədən təminat verə bilməzdi ki, neftin qiyməti 40 dolları ötüb, 80 dollar olacaq. Neftin qiymətində dəyişikliklər olduğu üçün Azərbaycanın dövlət büdcəsinə və Neft Fonduna əlavə gəlirlər daxil olub. Bu da büdcəyə daxil olan əlavə gəlirlərin bölüşdürülməsi məsələsinə baxılmasını labüd edir.
Neftin qiymətindən asılı olaraq büdcəyə baxılır və hansı sahədə ehtiyac varsa, artım edilir. Büdcəyə yenidən baxılmasının qeyri-adi hal kimi müzakirəyə çıxarılmasını düzgün hesab etmirəm. Prosedur qaydasına uyğun aparılan bir işdir.
Millət vəkili büdcəyə əlavə ediləcək vəsaitin müəyyən məqsədlər üçün istifadə ediləcəyini vurğulayıb: "Söhbət bank sisteminin sağlamlaşdırılması, sosial təbəqələrdə, xüsusilə də büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarından, həmçinin sosial layihələrin həyata keçirilməsindən gedir.
Yəni Azərbaycanda 2018-ci il dövlət büdcəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları üçün ayrılan vəsaitin, əsaslı vəsait qoyuluşunun məbləğində artım gözlənilir. Bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib”.
Şəymən