"Heç kim Paşinyanı ciddiyə almır" - Politoloq





"Nikol Paşinyanın hakimiyyətə gələn kimi səsləndirdiyi açıqlamalar daxili auditoriyanı razı salmağa yönəlmişdi”.

Bunu "Sherg.az”a erməni baş nazirin qondarma Dağlıq Qarabağ Respublikasının ("DQR”) danışıqlarda üçüncü tərəf kimi çıxış etməsi təklifinə münasibət bildirərkən politoloq Elşad Mirbəşiroğlu söyləyib. 

O xatırladıb ki, hakimiyyət dəyişikliyinə gətirib çıxaran etirazlar zamanı N.Paşinyan tamamilə başqa vədlər verir, əhalini ələ almağa çalışırdı:

"Paşinyan verdiyi yalançı vədlərini yerinə yetirə bilmədiyinə görə, öz siyasi karyerasını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzərində qurmağa başladı. O hakimiyyətini möhkəmləndirmək üçün münaqişədən alət kimi istifadə edir. 

Onun səsləndirdiyi şovinist fikirlərdən biri də qondarma DQR-in danışıqlarda üçüncü tərəf kimi çıxış etməsi oldu. O "DQR”i tərəf kimi təqdim etməklə hətta Serj Sarkisyandan belə irəli getdi. Halbuki heç kim Paşinyanı ciddiyə almır.

Nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədri və regionda təsiredici qüvvə olan Rusiyanın münaqişənin həllində mövqeyi önəmlidir. Rusiyanın məsələyə münasibətindən sonra Nikol Paşinyan bu mövzuda çox danışmır. Azərbaycan isə baş nazirin açıqlamalarını növbəti müharibə çağırışı kimi dəyərləndirdi. 

Serj Sarkisyanın hakimiyyətinin sonlanması da Azərbaycanın səyi nəticəsində baş verdi. Paşinyan da eks-prezidentin səhvlərini təkrar etsə, elə davransa, onun aqibətini yaşamalı olacaq”.

Aysel Aslan