“Həcc ziyarətinə dünyanın dörd bir yanından zəvvarlar gəlir. İnsanlar müxtəlif virus, xəstəlik daşıyıcısı ola bilər. İsti ölkələrdə isə təbii şərait virusların yayılma ehtimalını artırır”
Builki Həcc ziyarətində sağlamlıq məsələlərinə xüsusi önəm veriləcək. Azərbaycanda Həcc missiyasının rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi bildirib ki, Həcc ziyarətinə getmək üçün sənəd təqdim edənlərdən sağlamlıq haqqında arayış da tələb olunacaq. Nümayəndə bildirib ki, Həcc ziyarətinə sağlıq durumu normal insanların getməsi məsləhətdir. QMİ nümayəndəsi Azərbaycan Həcc missiyasının tərkibində ilahiyyatçı, bələdçilərlə yanaşı həkimlərin olacağı xəbərini də verib.
İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında Həcc ziyarətini yerinə yetirmək istəyən şəxsin sağlamlığından arxayın olmasını tövsiyə etdi:
- Həcc ziyarətində sağlamlıq məsələlərinə hər zaman diqqət yetirilir. Ziyarətə getmək üçün sənəd təqdim edənlərdən sağlamlıq haqqında arayış tələb olunur. Bu həmişə belə olub. Lakin son illərdə sağlamlıq məsələlərinə diqqət xüsusilə artıb. Bu da müxtəlif xəstəliklər, virusların yayılması təhlükəsi ilə bağlıdır. Məlumdur ki, Həcc ziyarətinə dünyanın dörd bir yanından zəvvarlar gəlir. İnsanlar müxtəlif virus, xəstəlik daşıyıcısı ola bilər. İsti ölkələrdə isə təbii şərait virusların yayılma ehtimalını artırır. Ona görə də bütün ölkələrə tövsiyə edilir ki, zəvvarlar yola çıxmazdan öncə tibbi müayinədən keçsinlər, sağlamlıqlarından arxayın olsunlar. Hətta zəvvarlara qabaqlayıcı peyvəndlər vurulması məsləhət görülür.
Amma bəzən zəvvarlar bu məsələlərə səhlənkar yanaşır. Həcc ziyarətini qaçırmamaq üçün həkimə gedib yoxlanmadan, müayinələrdən keçmədən formal bir arayış yazmasını istəyir, o arayışı da sənədlərlə birlikdə təqdim edirlər. Belə adamlar səfərə çıxmamış, Həcc ziyarətinə başlamamış, müqəddəs yola qədəm qoymamış yalanla məşğul olanlardır. Daha düşünmürlər ki, hansısa xəstəliyim varsa, ziyarətdə xəstəliyim şiddətlənə bilər. Bəzən zəvvarlar Həcc ziyarətindən xəstələnib qayıdır. Hətta ziyarətdə vəfat edənlər də olur. Bəzən belə olur ki, hansısa xəstəliyə yoluxmuş halda geri qayıdırlar. Sonra da xəstəlikləri ağırlaşır. Allah-təala ilahi hökmlərində də şərtlər qoyur. Həcc ziyarətinin şərti budur ki, insanın Həcc üçün qüdrəti və imkanı olmalıdır. Qüdrət və imkan deyildikdə sağlamlıq, səhhətin, yaş həddinin ziyarət üçün uyğunluğu, maddi imkan, Həcc ziyarətinə gedənin ailəsinin əminlikdə olması qəsd edilir. İnsanın ilahi hökmləri yerinə yetirmək üçün sağlamlığına zərər vurması, sağlamlığına biganə qalması şəri nöqteyi-nəzərdən bəyənilməyən əməldir. Bunlar nəzərə alınaraq, məsələn, Həcc əməlinin yerinə yetirilməsində naiblik anlayışı var. Əgər bir kəs yaşlanıbsa, sağlıq durumu Həcc əməllərini yerinə yetirməyə imkan vermirsə, o şəxsin özü üçün naib təyin etməsi şəriətdə qəbul olunandır. Şəxs Həcc ziyarəti üçün lazım olan məbləği ödəməklə bir başqasını naib təyin edir və o da Həcc əməllərini o şəxsin adından yerinə yetirir. Naib buna görə muzd da ala bilər.
H.A.İsmayılov Həcc ziyarətinə hazırlaşanlara sağlamlıqlarına biganə qalmamağı və tibbi müayinədən keçməyi tövsiyə etdi:
- Kim ki, Həcc ziyarətinə hazırlaşır, yaxşısı budur, həkimə müraciət etsin və yoxlansın. Həcc əməllərini düzgün yerinə yetirmək istəyən adam sağlamlığına biganə qalmamalıdır.
Məlahət Rzayeva