“Həkim səhlənkarlığından danışırıq, öz canımıza səhlənkarlığı isə görmürük”

Sevindik Arazov: “Natamam müayinə olunmuş xəstəlik daha təhlükəlidir”
Sabah "Medical Plaza” Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazovun 50 illik yubileyidir. O, 5 fevral 1967-ci il tarixində Xudat şəhərində anadan olub. Həm ad günü münasibətilə təbrik etmək, həm də Azərbaycanın səhiyyə sistemi ilə bağlı dəyərləndirmə aparmaq, insanları narahat edən xəstəliklər barəsində danışmaq üçün "Medical Plaza”ya gedib, həkimlə xeyli söhbətləşdik.
Elə klinikanın dəhlizindəcə bizi xoş üzlə qarşılayan Sevindik həkim suallarımızı da eyni məmnunluqla cavablandırdı. Özü haqqında qısa məlumatlandırmadan sonra tibb sahəsində baş verən proseslərə, daha çox yayılan xəstəliklərə və onlardan qorunma yollarına diqqət çəkdi. Sonda isə öz narahatlıqlarını bizimlə bölüşüb, bir həkim kimi tövsiyələrini də vətəndaşlardan əsirgəmədi:
- Xudat şəhərindəki Nəriman Nərimanov adına 2 saylı orta məktəbi oxuyub-başa vurmuşam. Hətta xoş təsadüfdür ki, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (Azərbaycan Tibb Universitetində) müalicə-profilaktika ixtisası üzrə təhsil almışam. Bizim tələbəlik illərimiz ölkənin qarışıqlıq dövrünə təsadüf etdi. Mən oxuyan illərdə artıq Azərbaycanda azadlıq mübarizəsi başlanmışdı. Tələbəlik illərim odlu- alovlu illərə təsadüf etdiyindən 1993-cü ildə Universiteti bitirəndən sonra hərbi həkim kimi fəaliyyət göstərməyə başladım. Düz 2010-cu ilə qədər. Həmin ildən isə Silahlı Qüvvələrin ehtiyatına zabit kimi təxris olunmuşam. Sonradan Türkiyədə ixtisasartırmada oxudum, bir müddət də Rusiyada işlədim. 2 ildir ki, "Medical Plaza”da terapevt-hepatoloq kimi fəaliyyət göstərirəm.
- Tibb sahəsi öz seçiminiz idi, yoxsa ailəniz belə istədi?
- Biz tərəflərdə belə bir inanc var ki, uşaq anadan olanda göbəyini hara basdırırlarsa, uşaq da böyüyəndə o sahəyə yiyələnir. Mən anadan olanda atam göbəyimi aparıb, xəstəxananın həyətinə atıb. Ailənin ilk oğlu olduğum üçün də elə adımı Sevindik qoyublar. Atam mühəndis idi, Konserva zavodunun direktoru olub. Amma ailədə mənə uşaq yaşlarımdan həkim olmağı aşıladılar. Böyüdükcə də məndə bu sahəyə qarşı bir sevgi yarandı.
- Bəs, sizə müraciət edən insanlar ən çox hansı xəstəlikdən əziyyət çəkirlər?
- Mənim sahəm mədə-bağırsaq və daxili xəstəliklərlə bağlıdır. Ən çox müraciət hepatit virusları ilə bağlıdır. Hansı ki, 3-4 il bundan əvvəl hepatitin müalicəsi mümkünsüz görünürdü. Bununla bağlı televiziya çıxışlarımda da qeyd etmişəm ki, hepatit S diaqnozu hökm deyil, sadəcə diaqnozdur. 2016-cı ildə 50-dən artıq hepatit S daşıyıcısı müalicə olunaraq tam sağalıb və ailəsinə qovuşub. Piylənmə ilə bağlı da müraciətlər olur, hansı ki, bu, qeyri-yoluxucu xəstəlikdir. 2016-cı ilin yanvarından Səhiyyə Nazirliyinin tərkibində komissiya yaradıldı və dövlət virus hepatitlərinin müalicəsini öz üzərinə götürüb. Antiviral dərmanlar isə orta-statistik azərbaycanlıların əldə edəcəyi səviyyəyə çatdırıldı.
- Doktor, hepatit virusları nədən yaranır bəs?
- Hepatitin törədiciləri var. Eyni zamanda qan, təmas və cinsi əlaqə yolu ilə keçir. Amma hepatit daşıyıcıları daha çox qan vasitəsilə yoluxdurur başqalarını. Gözəllik salonları isə potensial hepatit mənbəyidir. Ona görə də salonlardan istifadə edən xanımlar ehtiyatlı olmalıdırlar. Binaların altındakı gözəllik salonlarında sterilizə olunmamış alətlərdən istifadə edirlər. Orada işləyən insanların da sağlıq sertifikatı yoxdur. Eləcə də biz kişilər. Bərbərlərin əksəriyyəti boyun arxasını qırxan zaman ülgücü nuh-əyyamdan qalma spirtlə guya sterilizə edir, hələ bir alışqanla da yandırır. Bu, tamamilə yanlış bir addımdır. Halbuki bunu "odnarazvı” ilə edib, sonra da həmin aləti ata bilər. Ancaq əhalinin böyük əksəriyyəti sanitar qaydaları bilmədiyi üçün hepatit kimi viruslar daha çox yayılmağa başlayıb.
- Bəs, mədə-bağırsaq xəstəliklərinin əsas səbəbi nədir?
- Antireklam kimi çıxmasın, amma mədə xəstəliklərinin ən böyük səbəbi fast-fooddur. Yer kürəsində insanların sayı artıb və qida çatışmazlığı var. Bu qədər əhalini qida ilə təmin etmək üçün konservantlar əlavə elədilər, rəng qatdılar. Bu qatqılar isə bəlli həddən artıq olanda orqanizmə ziyan vurur. Ən başlıcası isə mədə-bağırsaq xəstəliklərinin yayılmasına gətirib çıxarır. O cümlədən də qidaların saxlanma şəraitindən çox şey asılıdır. Mediada xəbər yayılır, "Masallıda toyda kütləvi zəhərlənmə olub”. Təbii ki, olacaq. Sərinləşdirici içkiləri günün altında Bakıdan Masallıya aparırlar, sonra da onu soyuducuya qoyub, insanlara verirlər. Halbuki sərinləşdirci içkilərin tərkibində onlara şirinlik verən bir maddə var. İsti havada qaldıqda həmin maddə parçalanaraq zəhərə çevrilir.
Bizdə qidalanma mədəniyyəti deyilən bir şey yoxdur. Bizim yediyimiz qidalar ümumiyyətlə bir-biri ilə uyuşmur. Xaricdən gələn qonaqlarımız bizim düyü ilə ət yediyimizi görəndə sağ qaldığımıza təəccüblənirlər. Mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb düzgün qidalanmamağımızdır.
- Qidalanma mədəniyyəti ilə bağlı maarifləndirmə işini kimlər aparmalıdır?
- Əsas yük biz həkimlərin üzərinə düşür. Bu işdə də siz media nümayəndələri bizə kömək etməlidir. Hər şeyi kommersiya üzərində qurmaq düzgün deyil. Sovet alimlərindən birinin belə bir ifadəsi var: "Profilaktika ən yaxşı müalicədir. Amma profilaktika sahəsində gəlir yoxdur. Heç bir dietoloq, qastroenteroloq piylənmə ilə bağlı vətəndaşlara xəbərdarlıq etmir. Gözləyir ki, insanlar kökəldikdən sonra gəlsinlər onun qəbuluna, o da "resept” yazıb, arıqlatsın.
- Xəstəliklər, ölüm cavanlaşıb. Buna səbəb nədir?
- Xəstəliklərin cavanlaşmasının əsas səbəbi elmin yaxşı inkişaf etməsi və tənbəlləşmədir. Hərənin cibində iki telefon, qarşısında da bir kompüter var. Bu isə elektromaqnit şüalanması yaradır və insanlarda xəstəliklərin artmasına səbəb olur. Orta-statistik azərbaycanlılar 3700-4000 kalori qida qəbul edir, yandırdığı isə 1200-2000 kaloridir. Ruslarda belə bir ifadə var, "yeyərək arıqla”, biz isə yeyirik, amma hərəkət etmirik. Bir millət olaraq, o qədər tənbəlik ki, az qalır maşını binanın dəhlizinə qədər sürək. Atmosfer havasının yanmamış qazla həddindən artıq dolu olması da xəstəliklərin artmasına səbəb olur. Bir də yediyimiz konservantlar.
- Stress və qorxunun xəstəliklərin artmasına nə kimi təsiri var?
- Əlbəttə, bu da mühüm faktordur. Bütün dünyada insanlar yatmazdan əvvəl həzin musiqi dinləməli, sakitləşdirici filmlər izləməli, yaxud da bədii kitablar oxumalıdır. Amma bizim televiziyalar axşam saatlarında kriminal xəbərlər verir. "Filankəs arvadının başını kəsdi”, "oğul anasını öldürdü” kimi xəbərlərlə yüklənir başımız. Bu isə təbii olaraq insan psixologiyasına təsir edir.
- Xərçəng xəstəliyinin artmasına səbəb nədir?
- Ekoloji fəlakət əsas xərçəng mənbəyidir. Yaxın Şərqdə gedən müharibədə partladılan bombaların külü bütün regiona səpələnir. Eyni zamanda qida təhlükəsizliyinə əməl olunmaması da xərçəng yaradan amillər arasındadır. Azərbaycanda "Qida təhlükəsizliyi haqqında” qanun olsa da, ona riayət edən yoxdur.
- İcbari tibbi sığortanın tətbiqinə başlanılır. Artıq Yevlax və Mingəçevirdə pilot layihələr həyata keçirilir. Sizcə, bu sistemin tam şəkildə tətbiqi özünü doğrulda biləcək?
- Birmənalı doğruldacaq. 5 ildən artıqdır sığorta şirkətlərindən birinin eksperti olaraq fəaliyyət göstərirəm. Hesab edirəm ki, icbari tibbi sığorta səhiyyəmizdəki bir çox problemləri, bəlaları aradan qaldıracaq. Tibbi sığortanın müsbət cəhəti odur ki, artıq həkimə müraciət edən xəstələr təsadüfi həkimlərin əlinə düşməyəcək. Amma sığorta şirkəti həkimlərlə, klinikalarla işlədiyi üçün pasiyentlərin hüquqlarını qoruyacaq. Pulu verən sığorta şirkəti olduğu üçün gərəksiz müalicənin də qarşısını alacaq. Standart reseptdə cəmisi 3 dərman üçün yer var. Amma biz həkimlər 8-9 dərman yazırıq. Heç bir xəstə də soruşmur ki, "Ay həkim, bu dərman nə üçündür?”. Amma icbari sığorta işə düşdükdən sonra həkimdə olan reseptlərin bir nüsxəsi də sığorta şirkətlərində olacaq. Dərhal zəng vuracaqlar ki, Sevindik doktor, bu 3 dərmanı başa düşdük, bəs bu 4-cü dərmanı niyə yazmısız? Beləliklə də, həm pasiyentlərin hüquqları qorunacaq, həm də dövlət tərəfindən bu sahəyə ayrılan vəsaitlər düzgün xərclənəcək.
- Deməli, icbari tibbi sığortanın tətbiqi həkimlərlə firmaların da əməkdaşlığına son qoyacaq?
- Ötən ildən Səhiyyə Nazirliyi qərar verib ki, reseptlərdə dərmanın ticari adı yox, kimyəvi molekulası yazılacaq. "No şpa”nın durataveri onun molekulasıdı. Yuxarıda da qeyd etdiyim kimi, icbari tibbi sığortanın tətbiqi bir sıra problemləri aradan qaldıracaq. Həm həkimlər üçün, həm də pasiyentlər üçün faydalı olacaq. Həkimlərimizin əksəriyyəti xəstələrə gərəkli-gərəksiz müalicə yazır, MRT-yə yönləndirir. 20 il bundan əvvəl MRT vardı? Əvvəlcə pasiyentlə söhbət etmək, onun narahatlıqları ilə maraqlanmaq lazımdır. Ən yaxşı informasiya xəstə ilə təmas zamanı əldə olunur. Təbabət daha çox kommersiyanın üzərində qurulduğu üçün heç kim vaxtını boşuna sərf etmək istəmir. Həkim düşünür ki, bir xəstə ilə söhbət zamanı itirdiyi vaxta 3 xəstəyə resept yazıb, göndərər. Ona görə də, qapını döyən pasiyenti hansısa testdən keçmək üçün göndərir və test nəticələri ilə qapıda gözləyən xəstəni qəbul edir.
- Sizin münasibətiniz necədir öz xəstələrinizlə?
- Əvvəla onu deyim ki, Azərbaycanda icbari tibbi sığorta sistemi işə düşəndən sonra pasiyent məmnunluğu mühüm əhəmiyyət kəsb edəcək. Bir həkim kimi özünə güvəni olmayan, yerində oturmayan insanlar 2-3 ilə səhiyyə sahəsindən uzaqlaşdırılmalı olacaq.
Amma indi bizim pasiyentlərin ən böyük çatışmazlığı həkimlərə "niyə” sualını verməməsidir. Xaricdə heç bir həkim hansısa xəstəsinə artıq dərman yaza bilmir. Həmin an soruşur ki, həkim, marağın nədir ki, mənə bu dərmanı yazmısan? İcbari tibbi sığortanın tətbiqindən sonra bizdə də belə olacaq.
- Gələn ildən meyitdən orqan köçürüləcək. Sizin münasibətiniz necədir?
- Subyektiv fikrim belədir ki, gec, ya tez, Azərbaycan bu təcrübədən yararlanmalıdır. Qanunun aliliyi qorunmaq şərti ilə orqan transplantasiyasının tətbiqini təqdirəlayiq hal hesab edirəm. Meyitdən donor kimi istifadə ilə bağlı mental dəyərlərimiz xaricində heç bir maneə yoxdur. Biz sadəcə olaraq stereotipləri qırmalı və dünya elminin inkişafından faydalanmalıyıq.
- Azərbaycanda orqan nəqlini həyata keçirəcək klinika və kadr potensialı var?
- Əlbəttə, bu sahədə yüksək səviyyədə xidmət göstərəcək imkana sahib klinikalarımız və həkimlərimiz var. Müstəqil Azərbaycan Respublikasında yetişən kadrların hamısı peşəkardır. Neftçilər Xəstəxanasında və Gömrük Klinikasında, Mərkəzi Klinik Xəstəxanasında orqan transplantasiyasını həyata keçirən çox gözəl cərrahlarımız var. Onlar sovet təfəkkürlü deyillər. Əksəriyyəti Türkiyədə təhsil alıb və qərb ölkələrinin tibbi yeniliklərini mənimsəyiblər.
- Səhiyyə sistemi ilə bağlı ciddi narazılıqlar var. Həkim səhlənkarlığı nə qədər insana həyatı bahasına başa gəlib. Media mütəmadi olaraq bu cür faktları işıqlandırır. Amma həkimlər iddia edir ki, heç kəs faciədən sığortalanmayıb. O cümlədən də həkimlər. Siz bu barədə nə deyə bilərsiz?
- Məncə, məsuliyyət 50-nin 50-yədir. Sizə bir misal çəkim. Azərbaycandan kimsə Türkiyədə həkimə müraciət edəndə azərilərin sağlıq durumunu mənfi dəyərləndirirlər. Az qala bizi suriyalılarla bir tuturlar. Hansımız indiyə qədər "çek up” müayinəsindən keçmişik? Bahalı telefon almağa pul tapırıq, amma 135 manat müayinə üçün pul tapmırıq. Xanımlarımız kosmetik vasitələr üçün nə qədər xərc çəkir, amma müayinə üçün nə vaxt, nə də pul tapır. Həkim səhlənkarlığından danışırıq, amma özümüzün öz canımıza qarşı etdiyi səhlənkarlığı görmürük. Biz özümüz-özümüzü sevmirik. Media ilə səhiyyə sadəcə öz işini görür. Biri səbəbi, biri isə nəticəni araşdırır. Gəlin, real danışaq. Şəxsən mən pasiyentlərimi protokol üzrə müayinə edə bilmirəm. Niyə? Çünki tam müayinə orta-statistik azərbaycanlının qazancının üstündədir. Natamam müayinə olunmuş xəstəlik isə daha təhlükəlidir. Yəqin ki, amerikan, rus və azərbaycanlı xəstə ilə bağlı yazılan lətifəni hamı bilir. Təkrarlamağa ehtiyac görmürəm. Ağ xalatlı olduğuma görə həkimləri müdafiə eləmirəm.
- Sonda bir həkim olaraq məsləhətlərinizi almaq istərdik.
- Əvvəla, Vətəni və özlərini sevsinlər, bir də nə istədiklərini bilsinlər. 25 il hərbi həkim vəzifəsində çalışmışam, Qarabağ müharibəsi veteranıyam. Amma gəlin etiraf edək ki, media olmasa, Qarabağ problemi heç kimin yadına düşməz. Hesab edirəm ki, millətin millət kimi formalaşması üçün anadan olan gündən körpə uşaqlara onun milli kimliyi izah olunmalıdır. Mənə elə gəlir ki, Türkiyəlilərin uşaqlara verdiyi tərbiyə forması bütün dünyaya nümunə kimi göstərilməlidir. Azərbaycanda hansısa bir məclisdə boşqab sındıran uşağa qarşı valideynləri son dərəcə aqressiv münasibət göstərir, onu hər kəsin gözü qarşısında danlayırlar. 
Bu da uşaqda psixoloji travma yaradır və böyüyəndə də başıqapazlı olur. Amma Türkiyədə belə deyil. Uşaq qab sındırıbsa, anası uşağının başına sığal çəkir, qabını dəyişdirir və onu yenidən masaya oturdur. Bir sözlə, uşaqlarını şahzadə kimi böyüdür, kiçik yaşlarından bir şəxsiyyət kimi formalaşdırırlar. Uşağına izah edir ki, biz bura pul ödəyirik və onlar sənə qulluq eləməyə borcludur. Bu zaman da uşaqda özünə əminlik yaranır. Bizdə valideynlər bunu edir? Əlbəttə ki, yox! Bizimkilər xoşlayır ki, uşaq quzu kimi olsun. Quzu da böyüyəndə qoyun olur. Biz uşağımızı aslan ruhunda böyütməliyik. Bütün bunları deməkdə məqsədim odur ki, uşaq vaxtı başımız qapazlı olduğundan özümüzdən soyuyuruq, canımıza baxmırıq.
Əgər bizə uşaq vaxtdan özümüzü sevməyi aşılasalar, böyüyəndə də sağlığımızı hər şeyin üstündə tutarıq. Əziz analar, gələcəyimiz də, genefondumuz da sizin əlinizdədir. Bu gün demoqrafik problem, sonsuzluq Azərbaycana ayaq açmağa başlayır. Çünki oğlanlarımız və qızlarımız qısabel şalvarı geyinirlər, böyrəküstü vəzləri də açıq qalır və soyuq alır. Halbuki böyrəküstü vəzin cinsi artımla birbaşa bağlılığı var. Təsadüfi deyil ki, qədimdə qayınanalar belindəki şalı çıxarıb təzə gəlinlərin belinə bağlayardı ki, övlad dünyaya gətirən zaman hansısa problem yaşamasın. Amma bu gün evlənən cütlüklərin əksəriyyəti sonsuzluq problemi ilə üzləşir.
Şəymən