Həkimdən SOS:"Günvurma halları arta bilər" - Günəşdən qorunun !





"Çimərlik mövsümündə saatlarla dəniz kənarında, günəş altında qalmaq düzgün deyil”.

Bunu "Sherg.az”a günvurma problemindən qorunmanın yollarını izah edərkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov deyib. 

Onun sözlərinə görə, iki saatdan artıq günəş şüalarının altında qalıb, dərini yandırmaq gələcəkdə ciddi xəstəliklərinin yaranmasına səbəb olur:

"Günvurma hadisələrinin əksəriyyəti belə hallardan qaynaqlanır. İşlə əlaqədar qızmar yay günlərində günəş altında qalmalı olan şəxslər var. Amma bütün ölkələrdə hidrometeoroloqlar xəbərdarlıq edirlər ki, havanın temperaturu 36-37 dərəcə olduğu təqdirdə, günəş altında işləmək olmaz. Hətta gündən qoruyucu vasitələrdən istifadə olunsa belə, günəşə çıxmamaq lazımdır.

Yay aylarında anomal isti hava şəraiti gözlənilir. Belə davam edərsə, günvurma halları da arta bilər. Ona görə, insanlar mümkün qədər özlərini günəşdən qorumalıdırlar. Havanın temperaturu ciddi yüksəldikdə günün pik saatlarında günəş altına çıxmamaq məsləhətdir. 

Ən təhlükəli vəziyyət isə, qeyd etdiyim kimi çimərliklərdə saatlarla günəş şüaları altında dayanmaqdır. Bu dəri xərçənginin əmələ gəlməsinə bir addım deməkdir”.

Qeyd edək ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, may-iyun aylarında günvurma ilə bağlı 40 müraciət daxil olub ki, onlardan 6-nın vəziyyəti ağır olub. Lakin həkim müdaxiləsindən sonra səhhətləri əvvəlki vəziyyətinə dönən xəstələr bir müddətdən sonra evə buraxılıb.

Aysel Aslan