Həkimlərə güvənin

Ağrılarınızı aptekdəki satıcılar duya bilməz




Son vaxtlar ölkəmizdə dərmandan zəhərlənmələrin sayı artır. Sonuncu belə hadisə isə bir neçə gün öncə Astara rayonunda baş verib. Belə ki, Astaranın Kijəbə qəsəbə sakini Şahbala Qurbanovun dərmandan zəhərlənərək dünyasını dəyişməsi ciddi narahatlıq doğurur.

Tibb elmləri doktoru Şəmsiyyə Namazova dərman preparatlarından zəhərlənmənin səbəbini bir neçə faktorlarla bağlayır: "Xəstənin dərmanı təyin olunmuş normadan artıq qəbul etməsi və ya dərmanın istifadə müddətinin keçməsi ola bilər. Həmçinin istifadə olunmuş, ancaq yararlılıq müddəti bitməyən dərmanlardan zəhərlənmələrin olması da qaçılmazdır. Çünki dərmanların saxlanma şəraitindən də asılı olaraq tərkibindəki qatqılar reaksiyaya girir və tərkib dəyişir”.
Ş.Namazova qəbul edilən dərman nəticəsində zəhərlənmənin konkret necə baş verdiyini ancaq laboratoriya müayinələrindən sonra deməyin mümkün olduğunu bildirir: "Bunun nəticəsində dərmanın tərkibindəki qatqılar hansı tərkibdə və normada olduğunu müəyyənləşdirir”.

Tibbi ekspert dərman alarkən diqqətli olmağı tövsiyə edir: "Bəzi hallarda hər hansı ağrı ilə bağlı həkimə müraciət etmək əvəzinə, aptekə gedərək əczaçıdan ağrısı ilə bağlı dərman almaq istəyir. Çox zaman hardansa oxuduğu və bildiyi dərmanları alıb istifadə edirlər. Belə olan halda xəstəyə dərman haqqında yanlış məlumat verə bilər və böyük fəsadlara səbəb ola bilər. Ona görə də həkim müayinəsi əsasında təyinatı üzrə dərman preparatları alınsa, daha yaxşı olar”.

Vüqar Şahinoğlu