"Hələ ki, AŞPA-dan ədalətli və maraqlarımıza xidmət edən mövqe görməmişik"





"Avropa Şurası Parlament Assambleyasının (AŞPA)prezidentinin kim olmasının fərqi yoxdur. Rəhbərlər bu tip beynəlxalq qurumların siyasətinə və fəaliyyətinə çox az təsir göstərə bilirlər”.

Bunu "Sherg.az”a AŞPA-nın yeni seçilən prezidenti isveçrəli Liliane Maury Pasquier haqqında danışarkən millət vəkili Elman Məmmədov söyləyib. 

O bildirib ki, ayrı-ayrı dövlətlərə münasibət, təşkilatın üzvləri ilə bağlı məsələlərə obyektiv yanaşma bütövlükdə qurumun yeritdiyi siyasətdən asılıdır:

"Avropa Şurasının və digər beynəlxalq qurumların Azərbaycana olan konkret münasibətləri var. Bu münasibət ədalətli də, ədalətsiz də ola bilər. Çox hallarda beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyi müşahidə olunur. Hələ ki, bu təşkilatlardan ədalətli, nisbətən maraqlarımıza xidmət edən mövqe görməmişik. 

Ona görə, AŞ PA kimi beynəlxalq təşkilatların sədrlərinin dəyişməsi onların fəaliyyətinə çox az təsir göstərir. Əsas məsələ odur ki, təşkilat üzvü olan ölkələrə, ayrı-ayrı dövlətlərə necə münasibət göstərir.

Arzu edərdik ki, yeni seçilən sədr ədalətli mövqedə dayansın, güclü siyasət ortaya qoya bilsin. Normal münasibət göstərilərsə, bizə qarşı olan qərəzlərin, təzyiqlərin tam qarşısı alınmasa da, nisbətən azalması müşahidə oluna bilər”.

Qeyd edək ki, yeni prezident L. M. Pasquier bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur duyduğunu deyib. O vurğulayıb ki, bu günə qədər qurumun sadəcə üç qadın prezidenti olub.
Xatırladaq ki, AŞPA-nın hazırkı prezidenti Mikele Nikoletti bu ilin yanvarında həmin vəzifəyə seçilmişdi.

Aysel Aslan