“Hələ ki, İran rejiminin sonu deyil”

Sədrəddin Soltan: “Etirazların hakimiyyət tərəfindən təşkil olunduğu da istisna edilmir”





İranda dekabrın 28-də başlayan kütləvi etirazlar səngimək bilmir. İqtisadi problemlərə etiraz etmək üçün küçələrə axışan nümayişçilərdən 20 nəfəri öldürülüb, yüzlərlə yaralı var. Paytaxt Tehranda 450 nəfərdən çox insan həbs olunub. Rəsmi Tehran nümayişlərdə "xarici qüvvələrin” əli olduğunu söyləyir. İranın rəqibləri isə kütləvi etirazların səbəbini rejimin sərtliyində və ədalətsizliyində görürlər. ABŞ və İsrail rəsmiləri düşünürlər ki, cərəyan edən proseslər İranda hakimiyyət dəyişikliyinə və ardınca inqilabi dəyişikliklərə gətirib çıxaracaq.


Hadisələri dəyərləndirən analitiklər etirazların 2009-cu ildən bu yana ən böyük kütləvi nümayişlər olduğunu deyirlər. Onların fikrincə, 2017-ci ilin son günlərində başlayan etirazların əsas səbəbi isə iqtisadi sıxıntılardır. Bundan başqa, xalq Qərb dövlətləri ilə əldə edilən nüvə razılaşmasının iqtisadi təsirlərinin küçələrdə əks olunmamasından şikayətçidir. Etirazçılar əvvəlcə iqtisadi sıxıntılara görə baş qaldırsalar da, sonrakı günlərdə haqq və azadlıq tələbləri ilə də çıxış etməyə başlayıblar. Məsələ ondadır ki, kütləvi etirazlarla yanaşı, hökumətə dəstək nümayişləri də keçirilir. Etiraz aksiyalarında səslənən şüarların müxtəlifliyi ölkədə fikir ayrılığının və fərqli problemlərin mövcud olduğunu göstərir. Son məlumata görə, İranın ali rəhbəri Xamneyi SEPAH döyüşçülərinə hazırlıq təlimatı verib. Təlimata əsasən, etirazlar davam edərsə, 140 min xüsusi təyinatçı aksiyalara müdaxilə edəcək. 

Cənub qonşumuzdakı proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Sədrəddin Soltan İrandakı etirazların hansı səbəblərdən vüsət aldığına aydınlıq gətirib.

- İrandakı kütləvi etirazların səbəbləri nədir? Baş verənləri sosial partlayış adlandırmaq olarmı?
- 2015-ci ildə Tehrana qarşı bəzi iqtisadi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra İran bir sıra dövlətlərlə ticarət əlaqələri yaratdı. Nəticədə dövlət xəzinəsinə pul gəlməyə başladı. Əldə edilən gəlirlər Suriya, İraq və Yəməndəki hərbi əməliyyatlara xərcləndi. Halbuki hərbi əməliyyatlara xərclənən pul dövlətin və millətin sosial müdafiəsinə, maaşların, müavinətlərin artırılmasına yönəldilməliydi. İlk etirazlar Məşhəddən başladı, əsas tələblər də maaşların ödənilməməsi ilə bağlı oldu. Şüarlar birbaşa rejimə, rejimin başında duran ayətulla Seyidəli Xamneiyə qarşı deyil, prezident Həsən Ruhaniyə və onun hakim kabinetinə qarşıdır. Ərəb baharı başlananda İranda keçirilən aksiyalarda deyilirdi ki, "Tunisin Əlisi getdi, sən də get, Seyidəli”. İranda "istefa” şüarı, məhz Ruhani üçün səsləndirilir. Son hadisələrdən, xüsusən də İraq və Suriyada İŞİD-dən təmizlənmə ilə bağlı bəyanatlar səsləndikdən sonra İran xarici və daxili siyasətinə ciddi korrektələr etməli idi. Lakin bu korrektələr edilmədi. İran Yaxın və Orta Şərqdə Qərblə kompramisə getmədi. Suriyada Bəşər Əsəd hakimiyyətinin getməsi və yenisinin qurulmasına, Yəmənlə, İraqla, Səudiyyə Ərəbistanı ilə bağlı anlaşmalara yaşıl işıq yandırmalı idi. Ancaq bunlar baş vermədi. Əksinə, İran bölgədə daha təcavüzkar siyasət yürütməyə başladı. Ona görə də etirazlarda səslənən şüarlardan biri xarici siyasət kursunda korrektələr edilməsi ilə bağlıdır.

- Ən çox vurğulanan məqamlardan biri də nümayişlərin arxasında xarici qüvvələrin dayanmasıdır. Ancaq əksəriyyət hesab edir ki, etirazlarda daxili amillərin rolu daha böyükdür. Sizcə, İrandakı hansı daxili güclər etirazlarda maraqlıdır?

- Ehtimal edirəm ki, hakimiyyətçi qüvvələr bu prosesdə maraqlıdır və bundan yararlanırlar. Məsələn, Hatəmi etirazçıları müdafiə mövqeyində dayanıb. Çünki Xamneinin, yəni mühafizəkar qüvvənin arxasında təhlükəsizlik qüvvələri, İnqilab Keşikçiləri Qvardiyası, ordu, məscidlər, təbliğatçılar, təxminən 20 milyonluq güc dayanır. İslahatçı xəttin arxasında isə özünü demokratik sayan, sosial bazası zəif olan qüvvə durur. Etiraz aksiyaları hökumətə qarşı olsa belə, hakimiyyət özünü tolerant, dözümlü aparır və bəyan edir ki, "etirazlar olmalıdır, ancaq zorakılığa yol verilməməlidir”. Zorakılığı tətbiq edənlər, məhz mühafizəkar qüvvələrdir, onlar iki nəfəri öldürdülər və artıq qan töküldü. Axı qan niyə töküldü? Xalq sadəcə sosial vəziyyətinin yaxşılaşdırılmasını, xarici siyasət kursunda düşmənliklərin aradan qalxmasını tələb edirdi.

- Mövcud gərginlikdən sonra Tehran hakimiyyəti hansısa islahatlar edə bilərmi?

- Fikrimcə, yaxın dövrdə hökumətdə dəyişikliklər baş verə bilər. Bugünlərdə İranda guya hicab qaydalarını bir az yumşaltdılar. Amma bu, bir oyundur. Sadəcə, mühafizəkar xətt, bütünlükdə rejim bu addımla cəmiyyətin bir kəsiminin dəstəyini, etimadını qazanmaq istəyirdi. Bu da alınmadı. Çünki ölkədə ciddi sosial problemlər var, buna görə də inqilaba bərabər islahat getməlidir, xarici siyasət kursu dəyişməlidir. Bunlar alınmasa, İranı ciddi qarşıdurmalar gözləyir. İran bölgədə ən fəal ölkədir. Bu ölkənin alt qatında nələr baş verdiyini əvvəldən söyləmək çətindir. Məsələn, son hadisələr qəflətən baş verdi. Bundan öncə, Tehran Suriyada, İraqda İŞİD-in məhvində iştirak edən ali qüvvələrdən biri sayılırdı. Ancaq belə fəal hakimiyyət elementar sosial problemlərə görə etirazlarla üzləşdi. Baş verənlər Tehranı çaş-baş saldı və hakimiyyət İraqla Suriyada əldə etdiyi qələbənin kefini yaşaya bilmədi. Ehtimal ki, perspektivdə etiraz aksiyaları davam edəcək. Bu da hakimiyyəti islahatlara məcbur qoyacaq.

- Bir sıra Qərb ölkələrinin rəsmiləri İrandakı insan ölümləri ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Proseslər gərginləşərsə, İrana xarici müdaxilə mümkün olarmı?

- İranda bir halda müdaxilədən danışmaq olar. Əgər İnqilab Keşikçiləri Qvardiyası ABŞ, Avropa Birliyi tərəfindən terrorçu kimi tanınarsa, İrana müdaxilə ehtimalı mümkün olar. Əks halda, müdaxilə üçün əsas yoxdur. Sadəcə, proseslər bu cür davam edərsə, Tehrana güclü təzyiqlər olacaq, sanksiyalar tətbiq ediləcək. İranlıların çox olduğu ölkələrdə etiraz aksiyaları keçiriləcək. Bu da İranı tutduğu mövqedən çəkinməyə vadar edə bilər. Həmçinin, ölkədə azad toplaşmaq, söz azadlığı təmin edilə bilər, sosial şəbəkələrdə, geyimdə bir qədər sərbəstlik verilər. Çünki İrandakı islahatçı xətt zəifdir, xarici dəstəyə ehtiyacı var. Bu dəstəyi AB, ABŞ verə bilər.

- Etirazların geniş vüsət alacağı təqdirdə rejimin devriləcəyi də iddia edilir. Bunu necə dəyərləndirirsiniz?

- Etiraz aksiyalarının genişlənməsinə baxmayaraq, bu, hələ ki, rejimin sonu deyil. İranda keçirilən aksiyalara başqa formada baxmaq olar. Ola bilər ki, baş verənlər hakimiyyət daxilində yaşanan fikir ayrılıqlarının, qarşıdurmaların təzahürüdür. Tutaq ki, İranda hökumət və ya islahatyönümlü qüvvələr Qərblə danışığa getmək istəyirlər, lakin mühafizəkar qüvvələr buna qarşı çıxırlar. Bu cür etiraz aksiyaları təşkil olunur və hakimiyyətdə olan kiminsə əlinə oynayırlar. Ya da Xamneyi tərəfdarları islahatyönlü olduğu ehtimal olunan hakimiyyət qüvvələrinə qarşı bu cür oyun hazırlayırlar. Bəlkə də ishalatçılar görüntü yaratmağa çalışırlar ki, guya onlar Qərblə danışığa getmək istəyir, amma mühafizəkarlar ölkə daxilində etiraz aksiyası təşkil etməklə bu prosesin qarşısını alırlar. Yəni, hər iki halda baş verənlər hakimiyyətdaxili münaqişənin təzahürü ola bilər.

- Yəni belə çıxır ki, hökumət məqsədinə çatmaq üçün bu cür etirazlar təşkil edə bilər.

- Etirazların hakimiyyət tərəfindən təşkil olunduğu da istisna edilmir. Digər tərəfdən, İranda ara-sıra bu sayaq etiraz aksiyaları keçirilib ki, cəmiyyətin "köpü” alınsın. Ya da İranda ehtimal olunan real hərakatın qabağını almaq üçün bu cür gedişlər edirlər. Hərəkatdan qabaq nümayişlər təşkil edirlər ki, cəmiyyətdə ola biləcək etiraz aksiyalarının qarşısı alınsın. Məsələn, qazan qaynayanda qapağını bir az çəkirsən ki, daşıb ocağı söndürməsin. İran hakimiyyəti də bu cür aksiyalar təşkil edə bilər.

- Bizim üçün diqqətçəkən və bir o qədər də narahatedici məsələ İrandakı soydaşlarımızla bağlıdır. Bəziləri hesab edir ki, azərbaycanlılar da etirazlara qoşulmalı, azadlıq şüarları səsləndirməlidir. Lakin digərləri bunun əleyhinə çıxır və soydaşlarımızı səssizliyə dəvət edir. Sizin bu barədə fikriniz nədir?

- Etiraz aksiyasının əsas şüarları sosial tələblərlə bağlıdır. Aksiyada milli məsələlərə işarə belə yoxdur. Bu isə məsələnin mahiyyətində daha çox iqtisadi problemlərin durduğunun göstəricisidir. Güney Azərbaycan türkləri İran vətəndaşıdırlar. Bu ölkənin iqtisadi və sosial sahələrini əhatə edən ciddi problemlər onların da həyatına təsir edir. Azərbaycan milli hərəkatının öz şüar və istəkləri var. Ona görə də milli hərəkatçıların belə yarımçıq sosial tələblər irəli sürülən aksiyalara qatılması məntiqli görünmür.

İsmayıl