“Rusiya atəşkəsi qorumaqla regionda öz təsirini saxlamağa çalışır. Əslində isə indiki şəraitdə Ermənistan heç bir güzəştə hazır deyil”
Moskva çalışır ki, danışıqlar prosesində uzun ara yaranmasın
Aprelin 28-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri arasında üçtərəfli görüş baş tutdu. Qapalı keçirilən görüşlə bağlı ictimaiyyətə detallı açıqlama verilməsə də, tərəflər arasında müəyyən "razılığın” əldə edildiyi bildirildi. Amma əksər ekspertlərin fikrincə, XİN rəhbərlərinin görüşü indiyə qədərki çoxsaylı toplantılardan heç nəyi ilə fərqlənməyib. Yəni ənənəvi xarakter daşıyan növbəti əhəmiyyətsiz görüş olub.
Nəticəsiz görüş müharibə ehtimallarını da gücləndirib. Bir sıra şərhçilərə görə, Moskva görüşü əslində üstüörtülü şəkildə savaş anonsu verib. Görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarovun və ictimaiyyət nümayəndələrinin sərgilədiyi mövqe də prosesin müsbətə doğru getmədiyini göstərir. Politoloqlar hesab edirlər ki, Moskva görüşü Rusiyanın növbəti diplomatik avantürası olmaqla yanaşı, imitasiya xarakteri daşıyır. Onların sözlərinə görə, Azərbaycan bundan sonra Kremlin təşkil etdiyi danışıqlardan ciddi nəticə gözləməməlidir. Çünki Rusiya atəşkəsi qorumaqla regionda öz təsirini saxlamağa çalışır. Əslində isə indiki şəraitdə Ermənistan heç bir güzəştə hazır deyil. Rusiyalı ekspert Aleksandr Skakov da bildirib ki, nazirlərin keçirdiyi görüş protokol xarakterli idi: "Tərəflər güzəştə getmək fikrində olmadıqlarına görə, irəliləyişə nail olunmadı. Bu baxımdan görüşlə bağlı deməyə söz yoxdur. Prezidentlərin görüşü yay və payızda baş tuta bilər. Ancaq irəliləyiş və nəticə gözləməyə dəyməz”.
Ehtimallarla bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, erməni tərəfi hər zaman olduğu kimi konkret danışıqlardan yayınır. Ekspertin sözlərinə görə, düşmənin davranışı barbarlıq və hücum strategiyasının tərkib hissəsidir:
"Ermənistan tərəfi istənilən halda indiki status-kvonu qoruyub saxlamağa çalışır. Ona görə də danışıqlarda torpaqların qaytarılması məsələsini gündəmə gətirməkdən boyun qaçırır və gələcək münasibətlərdən bəhs edir. Hazırda həm diplomatik müstəvidə, həm də ümumilikdə regionda çox nataraz vəziyyət yaranıb. Ermənistan avantürist və yalançı oyun oynamaqla məşğuldur. Düşmən tərəf oyunun birinci hissəsini meydana çıxarsa da, ikinci mərhələ oyundan yayınır. Reallıq budur ki, Qarabağ problemi çox mürəkkəbdir və münaqişənin tarixi kökləri var. Problemi qəlizləşdirən fakt isə odur ki, ermənilər 20 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayırlar. Ona görə də düşmənlə mehriban qonşuluq münasibətindən danışmaq yersizdir. Çünki Ermənistan qonşusu Azərbaycanın ən hazırlıqsız zamanında rus və digər xarici qüvvələrin köməyi ilə təcavüz siyasətinə əl atıb. Hər şeyə rəğmən Azərbaycan tələb edir ki, Ermənistan işğal etdiyi bütün əraziləri qeyd-şərtsiz boşaltsın. Yalnız o halda Qarabağdakı erməni azlıqlara müəyyən status verilə bilər”.
Politoloq bildirib ki, hələlik Azərbaycan Ermənistana möhlət verib. Ekspertin fikrincə, indi düşmən ölkədə keçid dövrüdür:
"Bilirsiz ki, ermənilər aprel döyüşlərindən sonra vaxt qazanmaqdan ötrü tələsik referendum keçirdilər və rejimi dəyişmək qərarına gəldilər. İndi ermənilər bunu bəhanə edərək danışıqlar masasına yaxın durmurlar. Amma yeni sistem oturuşandan sonra artıq Ermənistanın qaçmağa yeri qalmayacaq. Həmin andan etibarən Sarkisyan rejimi konkret mövqe bildirmək məcburiyyətində qalacaq. Moskva isə danışıqlar prosesində uzun ara yaranmaması üçün moderatorluğu üzərinə götürüb. İrəvan Moskva görüşündən yayınsa da, Kremlin tələbi ilə toplantıya qatılmaq məcburiyyətində qaldı. Əslində Moskva və İrəvan görüşün nəticəsiz olacağını daha əvvəldən bilirdilər. Amma məqsəd nəticəsi olan görüş keçirmək yox, formal mənada tərəfləri bir araya gətirmək idi”.
İsmayıl