Həmsədrlər gəlib baş qatıb gedəcək

“Qaçqınların qayıtması üçün ilk öncə işğal olunmuş ərazilər boşaldılmalıdır”



Bu günlərdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başlayıb. Məlumata görə, həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) bu gün Ermənistana səfər edəcəklər. Onlar səfər çərçivəsində bu ölkə Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüş keçirməyi planlaşdırırlar. Daha sonra həmsədrlər Dağlıq Qarabağa səfər edəcəklər.

Vasitəçilər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər. Ehtimal olunur ki, onlar Dağlıq Qarabağ cəbhəsində monitorinqdən sonra təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qarşı tərəfinə keçəcəklər.

Həmsədrlərin səfərini şərh edən analitik Arzu Nağıyev "Şərq”ə söyləyib ki, həmsədrlərin səfərindən müsbət istiqamətdə hər hansı bir yenilik gözləmək düzgün olmazdı. Ekspertin fikrincə, həmsədrlərin irəli sürdükləri təkliflərin icrası real görünmür: "Düşünürəm ki, bu səfər də əvvəlkilərin təkrarına çevrilsə, müsbət istiqamətdə hər hansı bir irəliləyiş gözləmək düzgün olmazdı. Məlumdur ki, Minsk Qrupunun həmsədrləri oktyabrın 28-də Azərbaycana səfər edəcəklər. Hazırda İrəvanda olan ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik indi də qaçqınların qayıtması məsələsini ortaya atıb. Sözügedən məsələ "Madrid prinsipi”ndə əksini tapıb. Lakin qaçqınların qayıtması üçün ilk öncə işğal olunmuş ərazilər boşaldılmalı, minalardan təmizlənməli və bir sıra işlər görülməlidir, məhz bundan sonra bu məsələ öz həllini tapa bilər. Bu gün isə bu problemi ortaya atmaq məsələnin həllinin uzanması deməkdir”.

Ayyət Əhməd