Ona görə status-kvonu qorumaq üçün Azərbaycanın nəbzini yoxlayırlar
“İrəvanın Qarabağla bağlı siyasətində dəyişiklik yoxdur. Azərbaycan tərəfi son qərarını verməli, mənasız danışıqlardan imtina etməlidir”
Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, vasitəçilər Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Onun sözlərinə görə, nazir Elmar Məmmədyarov Azərbaycanın intensiv danışıqlara hazır olduğunu bir daha ifadə edib. Görüş əsnasında danışıqlar prosesinin irəliyə getməsi üçün həmsədrlər tərəfindən həyata keçirilən tədbirlər də müzakirə olunub. Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.
Danışıqların yeni mərhələsini şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq”ə açıqlamasında deyib ki, indiyə kimi həmsədrlər müxtəlif tədbirlər çərçivəsində hər iki tərəfin nümayəndəsi ilə eyni gündə görüşməyə üstünlük veriblər.
QAT rəhbəri diqqətə çatdırıb ki, vasitəçilər öncə Ermənistan və ya Azərbaycan tərəfi ilə bir araya gəlsələr də, ən geci bir-iki gün sonra digər ölkənin nümayəndəsi ilə görüş təşkil ediblər: "Həmsədrlərin indiki formatında dəyişiklik var. İlk olaraq Azərbaycanın xarici işlər nazirini görüşə çağırdılar. Ancaq Ermənistan tərəfi ilə görüş bir ay sonraya planlaşdırılır. Fikrimcə, bu, həmsədrlərin tələskənliyindən xəbər verir. Onları narahat edən münaqişənin həlli deyil, sadəcə, cəbhə xəttində növbəti gərginliyin baş verməsindən ehtiyat edirlər. Ona görə də Azərbaycan tərəfindən söz almaq istəyirlər ki, Ermənistanda baş verən hadisələr fonunda hərbi əməliyyatlara başlamayaq.
Əgər bizdən söz ala bilsələr, Ermənistanı əmin edəcəklər ki, "narahat olmayın, rəsmi Bakının müharibəyə başlamaq niyyəti yoxdur”.
A.Nağı bildirib ki, vasitəçilər işin xeyrinə çalışmırlar:
"Həmsədrlər öz ənənələrini davam etdirirlər. Məqsəd status-kvonu qorumaq və torpaqlarımızı işğal altında saxlamaqdır. Təşəbbüsün əsas səbəbi budur”. Qurum rəhbəri Ermənistanın yeni hakimiyyətində köhnə kadrların çox olduğunu söyləyib: "Hakimiyyət qarışıq güclərdən ibarətdir. Amma İrəvanın Qarabağla bağlı siyasətində dəyişiklik yoxdur. Ona görə də Azərbaycan tərəfi son qərarını verməli, mənasız danışıqlardan imtina etməlidir”.
İsmayıl