Akif Nağı: “Onlar çalışırlar ki, münaqişə donmuş vəziyyətdə qalsın, cəbhə xəttində gərginlik müşahidə olunmasın”
"Birillik fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü olduqca vacib idi. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə çalışacaq”.
Bunu ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, sıçrayışa nail olunmasa da, həmsədrlər cari ildə prezidentlərin görüşünü təşkil etməyə çalışacaqlar: "Tərəflər baş tutmuş görüşdə təmas xəttində atəşkəs rejiminin pozulması daxil olmaqla bir sıra məsələləri, eləcə də münaqişənin nizamlanması ilə bağlı təklifi müzakirə ediblər. Həmsədrlər iki ölkənin xarici işlər nazirləri ilə münaqişənin nizamlanmasına dair sazişin əldə edilməsi, zorakılığın yaranması risklərinin azaldılması tədbirləri və Dağlıq Qarabağın icmaları arasında dialoqun gələcək inkişaf proqramı üzrə işi davam etdirəcəklər”. Xatırladaq ki, 2015-ci il dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilib. Görüşdə iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər. Prezidentlərin növbəti görüş ehtimalını dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq”ə açıqlamasında erməni tərəfi ilə danışıq aparmağın mənasız olduğunu deyib: "Həmsədrlər çalışırlar ki, münaqişə donmuş vəziyyətdə qalsın, cəbhə xəttində gərginlik müşahidə olunmasın və Azərbaycan radikal üsullara əl ataraq hərbi yolla torpaqlarını azad etməsin. Çünki həmsədrlərin planından kənar baş verənlər vasitəçiləri ictimaiyyətin nüfuzundan və gözündən salır. Bern görüşünü də sırf bu məqsədlə dəstəkləyir və razılıq ifadə edirlər. Yəni həmsədrlər "narahat” olduqları gərginliyin qarşısını bu şəkildə alırlar. Ancaq vasitəçilər gərginliyin hansı səbəbdən yarandığını görmək və onları aradan qaldırmaq istəmirlər. İşğalın birdəfəlik aradan qaldırılması üçün səy göstərmirlər”. A.Nağı bildirib ki, həmsədrlər davamlı görüş görüntüsü yaradaraq, yerli və beynəlxalq ictimaiyyətin başını qatırlar: "Elə edirlər ki, guya ciddi danışıqlar gedir, müzakirələr aparılır və s. Amma göründüyü kimi görüşlər müsbət nəticə vermir.
Prezident İlham Əliyev keçən ilin sonunda bəyan etdi ki, görüş baş tutsa da, 2015-ci il ərzində münaqişənin həlli ilə bağlı nəticə əldə olunmayıb. Səbəbi də odur ki, Ermənistan sülh istəmir və buna görə də danışıqlardan qaçır, təcavüzkar mövqeyindən geri durmur. Prezidentlərin sonuncu görüşündən sonra da erməni rəhbərliyi bildirdi ki, onların mövqeyi dəyişməz olaraq qalır. Ortada olan təkliflərin isə heç biri münaqişənin həlli ilə bağlı reallığı əks etdirmir. Belə halda görüşləri davam etdirməyin mənası varmı?”.
İsmayıl