Həmsədrlərin təmasları əhəmiyyətsizir

“Nəyinsə xatirinə belə görüşlər təşkil etmək və sosial şəbəkə üzərindən mesajlar vermək heç nəyi həll etmir”



ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-York və Vaşinqtonda görüşlər keçiriblər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün "twitter” səhifəsində yazıb. Uorlik bildirib ki, onlar Dağlıq Qarabağ danışıqları ilə bağlı vasitəçilik işini davam etdirir və bu işdə birlik ortaya qoyurlar.

Həmsədrlərin nəticə verməyən görüşlərini dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev "Şərq”ə deyib ki, 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi yüzlərlə mənasız görüş keçiriblər: "Məsələ burasındadır ki, indiki şəraitdə, özü də nəyinsə xatirinə belə görüşlər təşkil etmək və sosial şəbəkə üzərindən mesajlar vermək heç nəyi həll etmir. Bu, baş qatmaq və guya nəsə "iş görürük” görüntüsü yaratmaqdır. Onlara ancaq saf adamlar inanar. Azərbaycanın siyasi rəhbərliyi də birmənalı şəkildə həmsədrlərə etimad göstərmir. Çünki həmsədrlər birbaşa Ermənistan tərəfinin "hüquq müdafiəçiləri” kimi çıxış edirlər. ATƏT-in Minsk Qrupunun böyük büdcəsi var. Həmsədrlər də həmin pulları boş işlərə sərf etməklə məşğuldur. Bu gün Moskvada, sabah Vaşinqtonda, bir ay sonra Londonda görüşək və nəyisə müzakirə edək ifadələri artıq hamı üçün əhəmiyyətsiz sözlərdir”.

İsmayıl