"Şəhidin valideynlərini mətbuatda göstərmək lazımdır. Xalq qəhrəman oğul böyüdən ata-ananı tanımalıdır”.
Bu barədə "Sherg.az”a sosial şəbəkələrdə şəhid Adil Tatarovun dəfn mərasimində çəkilən şəkillərin, şəhid atasını çarəsiz vəziyyətdə göstərən fotoların yayılmasından danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb.
O vurğulayıb ki, şəhidin ailəsinin fotolarının yayılmasını qanunazidd hesab etmir:
"Şəhidin son mənzilə yola salınması, dövlətin bu məsələni diqqətdə saxlaması qəhrəman oğullarımıza nə qədər diqqət göstərildiyini sübut edir. Şəhid atasının beli bükülmüş, çarəsiz, üzüntülü halda çəkilən fotolarını paylaşırlar. Təbii ki, oğul itirmiş ata üzüntülü olacaq. Onun ətrafında hər kəs dərdinə şərik olur, səbir diləyir. Amma şəhid atasının bu halından öz məqsədi üçün istifadə edənlər əl saxlamalıdır.
Bir neçə il əvvələ qədər Türkiyədə şəhid olan əsgərlərin vida mərasimi televiziya kanallarında yayımlanırdı. Elə vida mərasimi keçirirdilər ki, adamın ürəyi yerində durmurdu. İndi isə, biz də şəhidlərimizə bu cür hörmət edirik. Şəhidin dəfnində Müdafiə Nazirliyinin səlahiyyətliləri, hərbi rütbəli şəxslər iştirak edirlər. Belə məqamda şəhid atasının hansısa deputatla müqayisə edilməsi, kiminsə şəxsi intriqasına bu fotoların daxil edilməsi şəhid ailəsinə hörmətsizlikdir. Nə olur olsun, biz şəhidlik zirvəsinə ucalan vətən övladını hər zaman yüksəkdə saxlamalıyıq”.
Ş.Ramaldanov düşünür ki, hansısa məmurla ədavəti olan, qıcıq duyan şəxslər bu məsələyə şəhid atasını qatmamalıdır:
"Niyə şəhid atası ilə məmuru müqayisə edirlər? Hər bir Azərbaycan ailəsi şəhidlik zirvəsinə ucalan övlad böyüdə bilər. Sosial şəbəkələrdə yayılan şəkilləri mən də görmüşəm. Şəhid atası sadə kənd sakinidir. Düşmən o şəhid atasının çarəsiz vəziyyətinə sevinməkdənsə, şəhidin nəşini evində qarşılayanda, son mənzilə yola salanda yığılan izdihamın görüntülərinə baxıb, qorxmalıdır. Xalqın bu cür birliyi düşmənə dərsdir.
Dövlətin dəyərli vətəndaşını, övladını itirməsi təbii ki, bizim üçün ağrılıdır. Amma vətənin müdafiəsində əsgərlərimiz, qəhrəmanlarımız durur. Onlara hər zaman diqqətlə yanaşmalıyıq. Oğlu şəhidlik zirvəsinə ucalan ataya hörmət edilməlidir. Şəhid ailəsi haqqında yayılan məlumatlarda diqqətli olmaq lazımdır”.
Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Aysel Aslan