“Hər gün aksiya keçirəcəyik”

Sabir Rüstəmxanlı: “İran səfirindən tələb edirəm ki, bu millətin heysiyyəti və hissləri ilə oynamasın”



İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkələrinin televiziyasında efirə gedən verilişdə azərbaycanlıların təhqir olunması və İrandakı soydaşlarımızın buna etirazına münasibət bildirib. Diplomat qeyd edib ki, sözügedən verilişdə hazırlanan yumor və deyilən sözlər xoş deyildi. Onun sözlərinə görə, bu, qəsdən edilməyib və "Fitilə” proqramında səhvə yol verilib:

"Bu proqram 10 ildir nümayiş olunur, yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulub. Veriliş heç bir halda İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara hörmətsizlik etmək fikrində olmayıb. Hətta proqramı hazırlayan və efirə verən də Azərbaycan dillidir. Verilişdən sonra o, İran televiziyasında Azərbaycan dilində çıxış edərək azərbaycanlılardan üzr istəyib. İranın radio və televiziya təşkilatının sədri də bu hadisəyə görə üzrxahlıq edib. Televiziyada olan digər məsul şəxslər üzr istəyərək bildiriblər ki, bu, qəsdən edilməyib, səhvən olub”.

Səfir diqqətə çatdırıb ki, üçüncü qüvvələrə bağlı olan qruplar bu hadisədən istifadə edib iki ölkə arasındakı münasibətləri korlamağa çalışdı və separatçı şüarlar səsləndirdi: "Hətta 30 nəfərlik kiçik qrup səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi, separatçı şüarlar dilə gətirdi. İran azərbaycanlılarının sayı 30 milyondan çoxdur. Onlar da bu verilişə görə narahatlıqlarını bildirdilər. Onlar heç zaman icazə verməzlər ki, hansısa qruplar bu məsələdən istifadə edib ambisiyalar irəli sürsün, İrana qarşı hər hansı separatçılıq iddiaları səsləndirilsin. Mən Azərbaycanın məntiqli, ziyalı və müdrik xalqına təşəkkür edirəm ki, kiçik qrupların elədiyi bu səs-küyə uymayıb, onların iddialarını heçə saydı”.

İranın səfirinin bəyanatına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresinin sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, bunu ancaq məsuliyyətsiz və özünə hörmət etməyən bir adam deyə bilər: "Orada sənin, mənim millətim təhqir olunur, 35 milyon yox, 50 milyon Azərbaycan türkü, üstəgəl, 86 milyon Türkiyə türkü və 300 milyona yaxın sayı olan bütün türklər təhqir olunur. Birinci dəfə deyil, hər gün millətimizə münasibətdə təhqir davam edir. Bizdə isə 10-15 nəfər gedib həmin o səfirin xoş qulluğunda, oturduğu iqamətgahı qarşısında buna etirazını bildirəndə təxribat olur və ölkələr arasında münasibəti pozur? Onun diplomatiyadan xəbəri yoxdur. Çünki səfir və İrandakı bütün rəsmilər belə düşünür”.

S.Rüstəmxanlı İran rəsmilərinin türklərə, əsasən də Cənubi Azərbaycan türklərinə hər zaman hörmətsizlik etdiklərini vurğulayıb: "Ağa Ayətullah Tehraniyə baxırsan, özü cəhənnəmdən təzə çıxmışa oxşayır. Amma Ayətullah Tehrani yazır ki, türk dili cəhənnəmin dilidir. Cəhənnəmin dilini bilən yoxdur. Görünür ki, o farslar cəhənnəmə çox gedib-gəliblər və orada hansı dildə danışıldığını da bilirlər. Bizim dilimiz adamların dilidir. Bizim dilimiz göytürklərdən gələn türk dilidir. Bizim dilimiz göy dilidir. Cəhənnəmin dilini farslar bilirlər. Guya ki, farsların dilinin "zahiri” şirin dildir. Həmin o "şirin” dillə bütün alçaq şeyləri yazırlarsa, bu dilin qara dildən fərqi yoxdur. Mən Dünya Azərbaycanlıları Konqresinin sədri kimi İran səfirindən tələb edirəm ki, bu millətin heysiyyəti və hissləri ilə oynamasın. O, oturduğu və diplomatik xidmət daşıdığı ölkəyə hörmətlə yanaşsın. Əks halda, biz hər gün onun oturduğu iqamətgahın qarşısında aksiya keçirəcəyik”.

İranın hazırda Azərbaycana qarşı siyasət apardığını deyən müsahibimiz bu ölkənin hökumət səviyyəsində Ermənistana yardımlar göstərdiyini də xatırladıb: "Bu bəyanat həm də şantajdır. Burada başqa heç bir şey yoxdur. Sadəcə olaraq şantajdır. Neçə müddətdir Azərbaycan dövləti və hökuməti İranla xoş münasibət qurmağa çalışır və münasibəti qorumağa çalışır. İranla müqavilələr bağlanır. Amma İran bunu dəyərləndirmir. Buna baxmayaraq, Bakıda İranın hər cür təhsil ocaqları var, Azərbaycana hər cür kitab gətirilir. Belə olan şəkildə İran tam əksinə, davamlı olaraq Ermənistanla münasibəti genişləndirir, ermənilərə yardım edir. Təəssüf ki, bizim də bəzi milli heysiyyəti və qeyrəti olmayan Güney azərbaycanlılar gedib hətta İrəvan bazarlarında ticarətlə məşğuldurlar. Bu, davamlı olaraq Azərbaycan dövlətini heçə saymaqdır. Onlar belə hesab edirlər ki, hər şey edə bilərlər. Azərbaycan müharibə şəraitindədir, onsuz da problemləri çoxdur. Belə münasibət olmaz. Elementar üçüncü sinif səviyyəsində, yaxud diplomatik savadı olan adam belə səhvlərə yol verməz”.

Ayyət Əhməd