Bu tələblə məktəblərdəki şagird sıxlığını aradan qaldırmaq olmaz
“Alternativ variantlar düşünmək lazımdır. Hər şey dövlətin əlindədir, məsələn, Təhsil Nazirliyi boş müəssisələrdən birini icarəyə götürə bilər”
Təhsil naziri Ceyhun Bayramov Bakı məktəblərində 10 faiz sıxlıq olduğunu deyib. O bildirib ki, buna səbəb həmin məktəblər üzrə müraciət edənlərin sayının çox olmasıdır: "Ona görə də təklif etdik ki, ilk növbədə müvafiq məktəbin əhatə etdiyi ərazidə yaşayanlar həmin məktəbə qəbul edilsin. Bundan sonra boş yer qaldıqda digər müraciət edənlər qəbul ediləcək”.
Bəzi məktəblərdə bir sinifdə 30-35, hətta 40-dan çox şagirdin təhsil almasının şahidi oluruq. Mövcud problem daha çox Bakı məktəblərindədir. Təhsil naziri şagirdlərin yaşadığı ərazidəki məktəbə qəbul edilməsi ilə sıxlığın aradan qalxacağını düşünür. Bəs bu təklif valideynlər tərəfindən necə qarşılanacaq?
Məktəblərdə şagird sıxlığı ilə bağlı müəyyən problemlər olduğunu təsdiqləyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə deyib ki, buna baxmayaraq şagirdlərin sırf yaşadığı ərazilərdəki məktəbdə təhsil alması ilə bağlı təklif düzgün deyil. Ekspertin fikrincə, bu hal şagirdlərin təhsildən yayınmasına səbəb ola bilər:
"Təhsil haqqında” qanunda təhsilin icbari olduğu təsbit edilib. Yəni, ola bilməz ki, kimsə təhsildən kənarda qalsın.
Artıq 21-ci əsrdir, Azərbaycanda şagirdin məktəbdən yayınmasına imkan vermək olmaz. Məktəblərdəki sıxlığa səbəb yerləşmə ilə bağlıdır. Uzun müddətdir ki, rayonlardan Bakıya köç davam edir və Bakı meqapolisə çevrilib. Təbii ki, meqapolis şəraitində məktəblərdə sıxlıq olacaq. Bu günə kimi elə bir hal görməmişəm ki, kiminsə övladı təhsildən kənarda qalsın. Bütün şagirdləri yerləşdirirlər, amma təbii ki, bu yerləşmə nöqsanla başa gəlir. Hesab edirəm ki, sıxlığı aradan qaldırmaq üçün alternativ variantlar düşünmək lazımdır. Hər şey dövlətin əlindədir, məsələn, Təhsil Nazirliyi boş müəssisələrdən birini icarəyə götürə bilər. Yeni məktəblər tikilənə kimi, bu, ən optimal varinatlardan biridi.
Bizim təhsil aldığımız məktəbin üstü heç bağlanmamışdı, külək və yağış olsa belə dünya dağılmırdı. Amma oxuyub təhsil ala bildik. Düşünürəm ki, boş qalan yerləri icarəyə götürməklə sıxlığı aradan qaldırmaq olar. Yoxsa filan məktəbə şagird götürülməsin və yaxud şagird yaşadığı yerə yaxın məktəbdə təhsil alsın - bu, təhsil qanununa ziddir və uşaqların təhsildən qalmasına şərait yarada bilər”.
Yeganə Bayramova