Azərbaycanın Türkiyə ilə birgə sərhədləri qorumasına böyük ehtiyac var
Azərbaycan Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevlə ölkəmizdə rəsmi səfərdə Türkiyə Quru Qoşunlarının Komandanı Salih Zeki Çolak arasında görüş baş tutub. Məlumata görə, danışıqlarda Türkiyə və Azərbaycan sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi müzakirə edilib.
Ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurlu inkişafı xüsusilə vurğulanıb. Bundan başqa, tutduğu tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.
Tərəflərin sərhəd təhlükəsizliyinə dair narahatlığını şərh edən politoloq Natiq Miri "Şərq”ə deyib ki, Yaxın Şərqdəki münaqişə ocaqlarına bizdən və digər regionlardan kütləvi şəkildə insanlar axışır. Məxsusi olaraq onlar terror təşkilatlarına qatılaraq maliyyə əsasında alətə çevrilirlər: "Azərbaycandan və eyni zamanda Türkiyədən insanlar Suriyaya və digər terror qruplaşmalarına üzv olmaq üçün axın edirlər. Məlum razılaşma da həmin axının qarşısını almağa yönəlib. Bundan başqa, nəzərə almaq lazımdır ki, artıq qlobal səviyyədə İŞİD-in bitirilməsi istiqamətində konkret razılaşma əldə olunub. Çox yaxın zamanlarda bu terror qruplaşmasına qarşı ciddi bir savaşın açılacağı gözlənilir. Sözügedən terror dəstəsinin bütün imkanları məhdudlaşarsa, mərkəzdən qaçma meyilləri başlayacaq. Yəni İŞİD-in üzvləri qaçmağa başlayacaqlar. Bu baxımdan sızıntı olmaması üçün bütün sərhədlərin ciddi şəkildə nəzarətə alınması gərəkdir. Bu yöndə qabaqlayıcı tədbirlər görmək fikrindədirlər. Bu yalnız Türkiyə və Azərbaycanı deyil, Orta Asiya, Rusiya və Avropa ölkələrini də narahat edən məsələdir. G-20 sammitində terrora qarşı birgə mübarizə razılaşdırıldı. Hesab edirəm ki, bu çox doğru addımdır”. Ekspertin sözlərinə görə, Azərbaycan terrorla üz-üzədir və terrorun əhatəsində olan bir ölkədir: "İŞİD Orta Asiya, Rusiyanın Cənubunda və Şimali Qafqazda bir güc olaraq mövcuddurlar. Onlar eyni zamanda Gürcüstanda da müəyyən mənada fəaliyyət göstərirlər. Azərbaycan terror qruplaşması ilə əhatələnən bir ölkədir. Bu baxımdan Türkiyə ilə birgə sərhədlərin qorunması üçün böyük ehtiyacı var. Bu mənada sözügedən razılaşmanı müsbət qiymətləndirirəm. Nəinki Türkiyə ilə, digər ölkələrlə, İran və Rusiya ilə də razılaşma aparılmalıdır. Birgə yanaşma tərzi müəyyənləşməlidir”.
Ayyət Əhməd