Hər şey aydın oldu, düşmən terrorçu bəsləyir







PKK terrorçuları dəfələrlə Ermənistan dövlətinin verdiyi pasportlarla Avropaya ayaq açıblar

Türkiyənin Ermənistanla sərhəddində yerləşən Çemçe-Madur bölgəsində jandarm qüvvələrinin əməliyyatları nəticəsində 6 PKK-çı zərərsizləşdirilib. Milli İstihbarat Təşkilatının əvvəlcədən ötürdüyü məlumata görə, ərazidə 8 PKK-çı olub.

Terrorçuların Ermənistan sərhəddini keçmək niyyətində olduqları da məlum olub. Əslində düşmən ölkənin uzun zamandır terrorçu PKK-nı himayə etdiyi, onlara öz ölkəsində meydan verdiyi, Qarabağda təlim keçmələrinə şərait yaratdıqları, terrorçuları erməni pasportları ilə Avropa ölkələrinə göndərdiyi faktlarla sübut olunub. Ancaq məsələ ondadır ki, dünyada terror təşkilatı kimi tanınan PKK-nın Ermənistanla sıx əlaqədə olması İrəvan hökumətinə qarşı heç bir sanksiyaya səbəb olmayıb. Bəs hansısa formada buna nail olmaq, ən azından Türkiyə vasitəsi ilə Ermənistana təzyiq göstərmək mümkündürmü?

Politoloq Məhəmməd Əsədullazadə "Şərq”ə açıqlamasında bildirib ki, Türkiyənin Ermənistanla sərhəddə PKK terrorçularını zərərsizləşdirməsi şəbəkənin düşmən ölkə ilə əlaqədə olduğunun ən bariz nümunəsidir. Ekspertə görə, Ermənistan daima Türkiyə əleyhinə PKK faktorundan istifadə edib:

 "Erməni əsilli şəxslərin PKK-nın formalaşmasında mühüm xidmətlərinin olduğu danılmaz faktdır. Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuların təlim düşərgəsinin olması təşkilatın inkişafına əlavə stimul verir. PKK terrorçuları dəfələrlə Ermənistan dövlətinin verdiyi pasportlarla Avropaya ayaq açıblar. Ermənistan sayəsində terroru Avropaya daşıyıblar. 

Ümumiyyətlə, bu gün beynəlxalq konyukturada Ermənistan kimi ölkələr öz siyasətlərini terror təşkilatları üzərindən qururlar. Ermənistan monoetnik ölkə olması baxımından digər xalqları, xüsusən türkləri düşmən kimi görür və öz ərazilərini genişləndirmək üçün terrordan geniş istifadə edir”. 

Analitik deyib ki, terrorizmə qarşı beynəlxalq mübarizənin kəskinləşdiyi bir dönəmdə erməni xüsusi xidmət orqanlarının PKK terror təşkilatına lojistik və siyasi dəstək verməsi bu ölkəyə sanksiyaları gündəmə gətirməlidir: 

"PKK bütün dünyada terror təşkilatı kimi tanınır. Türkiyə də öz növbəsində Ermənistana mümkün sanksiyaları gündəmə gətirmək üçün hərəkətə keçməlidir”.

İsmayıl