Elman Məmmədov: “Belə mühüm addımlar müdafiə qüvvələrimizin inkişafına müsbət təkan verəcək”
Dünən Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Tiflisdə üçtərəfli görüşü başa çatıb. Gürcüstan bürosunun məlumatına görə, görüşdən sonra hər üç nazir jurnalistlər üçün mətbuat konfransı keçirib.
Gürcüstanın müdafiə naziri Mindia Canelidze danışıqların səmərəli keçdiyini və aparılan müzakirələrin qarşılıqlı əməkdaşlığının möhkəmləndirilməsinə və inkişafına xidmət göstərəcəyini bildirib: "Görüşlərimiz yeni imkanlar açır, dostluq əlaqələrini möhkəmləndirir”.
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçiriləcəyini söyləyib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da üçtərəfli görüşü yüksək qiymətləndirib və böyük əhəmiyyət daşıdığını bəyan edib: "Görüşdə çox mühüm və faydalı məsələlər müzakirə olundu. Silahlı qüvvələrin inkişafı məsələlərinə dair mühüm mesajlar verildi. Bunlarla yanaşı, xüsusi olaraq qeyd edildi ki, həm siyasi, iqtisadi, həm də təhlükəsizlik
baxımından bu əməkdaşlıq çox vacibdir. Biz qarşılıqlı təhsil mübadiləsini də həyata keçirməyi planlaşdırmışıq”.
Z.Həsənov görüşdə regionda mövcud olan təhlükələr barədə də məlumat verdiyini vurğulayıb: "Qeyd etdim ki, Ermənistan hər üç dövlətə qarşı öz işğalçılıq siyasətini və ərazi iddialarını davam etdirir. Bizim mədəni-tarixi abidələrimizi məhv edir. Biz bu vacib məsələləri diqqətdə saxlamalıyıq”.
Görüşün nəticələrini dəyərləndirən, millət vəkili Elman Məmmədov "Şərq”ə deyib ki, bu danışıqlar çox mühüm əhəmiyyət daşıyır: "Hazırda bölgəmizdə müəyyən hərbi güclər var. Azərbaycan öz müdafiəsini və ya təhlükəsizliyini gücləndirmək məqsədilə tədbirlər görməlidir. Qarşılıqlı hərbi əlaqələr yaratmaq hər 3 dövlət üçün yaxşı haldır. Çünki Azərbaycan, Gürcüstan və Türkiyə bir neçə beynəlxalq iqtisadi birlikdə təmsil olunurlar. Həmin iqtisadi birlikləri müdafiə etmək üçün hərbi saziş də olmalıdır. Hərbi əməkdaşlıq önəmlidir. Belə mühüm addımlar müdafiə qüvvələrimizin inkişafına müsbət təkan verəcək. Səfəri və sazişləri alqışlayıram. Müqavilələr imzalananda elə bəndlər nəzərdə tutulmalıdır ki, adıçəkilən dövlətlərin hansınınsa təhlükəsizliyi təhdid altında olanda, o biri dövlətlər köməklik göstərsinlər. Doğrudur, bu məsələlər Azərbaycan və Türkiyə arasında çoxdan mövcuddur. Rəsmi Tiflisin bura qatılması isə məqsədəuyğundur”.
Ayyət Əhməd