Aydın Mirzəzadə: “Hərbi komandirlərin əsgərlərlə işləmək qabiliyyəti, psixoloji durumu vacib şərtlərdəndir”
İbrahim Rüstəmli: “Regiondakı geosiyasi vəziyyət isə hər bir Azərbaycan zabitindən yüksək hazırlıq qabiliyyəti tələb edir”
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən tabelikdə olan idarə və təşkilatlar üzrə kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev müdafiə naziri, general-
polkovnik Zakir Həsənovun tövsiyə və tapşırıqlarını toplantı iştirakçılarına çatdıraraq kadrlarla işə cavabdeh zabitlərin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.
Hərbi qulluqçuların vəzifələrə təyin edilməsində işgüzar keyfiyyətlərlə yanaşı, onların mənəvi-psixoloji hazırlığı, nizam-intizamının nəzərə alınmasının vacibliyi vurğulanıb, 2016-cı ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydaların tətbiq olunacağı diqqətə çatdırılıb: "Hərbi xidmətə cəlb ediləcək ixtisaslı gənclərin öncədən bilik və bacarıqları, mənəvi keyfiyyətləri nəzərə alınacaq və belə zabitlərlə işin keyfiyyətinə diqqət artırılacaq”.
Ordumuzda tətbiq ediləcək yeni qaydalarla bağlı danışan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə hərbiçilərin attestasiyası barədə tam məlumatlı olmadığı üçün yeni qaydaların nədən ibarət olacağı barədə konkret fikir bildirməyib: "Amma onu deyə bilərəm ki, hərbi istiqamətdə atılan istənilən addımın məqsədi hərbi nizam-intizamın möhkəmləndirilmək, döyüş hazırlığını yüksəltməkdir. Vəzifəyə təyinatda işgüzar keyfiyyətlərlə yanaşı, mənəvi, fiziki və psixoloji hazırlıqlarla bağlı yeniliyi isə ikiəlli müsbət qiymətləndirirəm. İstənilən zabit hərbi mütəxəssisdən başqa eyni zamanda şəxsi heyətlə işləyir. Bu baxımdan hərbi komandirlərin əsgərlərlə işləmək qabiliyyəti, psixoloji durumu vacib şərtlərdəndir. Şəxsi heyətlə iş prosesində tez-tez problemləri yaranan zabit heç vaxt ordunu döyüş ruhunda kökləyə bilməz. Azərbaycan ordusunda bu qaydalar həmişə prioritet olub. Həmin məsələlərə daha da diqqət ayrılmasını ancaq təqdir etmək olar”.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli isə deyib ki, Silahlı Qüvvələrdə attestasiya xarakterli yoxlamalar hər zaman olub və olmalıdır da: "Bizim xidmət dövrümüzdə hər ilin sonlarında attestasiya keçirilir və zabitin fiziki, mənəvi-psixoloji hazırlığı və xidmət sahəsi üzrə xüsusi peşəkarlıq qabiliyyəti yoxlanılırdı. Həmin yoxlamalar bu gün də davam etdirilir”.
Hərbiçilərin attestasiyadan keçirilməsinin vacib addım olduğunu vurğulayan ekspert deyib ki, Azərbaycanda bu sahəyə hər zaman prinsipial yanaşılıb: "Hər bir zabit fiziki, mənəvi, psixoloji cəhətdən istənilən an başlayacaq döyüşə hazırlıqlı olmalıdır. Azərbaycan kövrək və gərgin bir regionda yerləşir. Regiondakı geosiyasi vəziyyət isə hər bir Azərbaycan zabitindən yüksək hazırlıq qabiliyyəti tələb edir. Bu mənada, növbəti ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydaların tətbiqini müsbət addım kimi dəyərləndirirəm. Çünki bu addımlar bilavasitə və bilavasitə ordumuzun inkişafına yönəlib. Ayrı-ayrılıqda hər bir Azərbaycan zabiti bir ordudur. Zabit hər zaman öz formasını qorumalıdır. Çünki hərbiçilərimizin fiziki və mənəvi- psixoloji cəhətdən hazırlıqlı olması Silahlı Qüvvələrimizin hazır olması deməkdir”.
Şəymən