"Hərbi texnika və müasir silahlar baxımından ordumuz çox yaxşı vəziyyətdədir" - Reallıq





"Ölkəmizin Silahlı Qüvvələrinin gücünü artıq Ermənistan siyasətçiləri də qəbul edirlər və bundan ciddi təşvişə düşürlər”.

Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Ekspert xatırladıb ki, Ermənistanın keçmiş müdafiə naziri bu yaxınlarda yeni hakimiyyətə xəbərdarlıq göndərib. Sabiq nazir bildirib ki, proseslər belə davam edərsə, zəif hərbi gücə malik Ermənistan ordusu, ən müasir silah-sursatlarla təchiz olunmuş 100 minlik Azərbaycan ordusu ilə başbaşa qala bilər:

"Hər halda müdafiə naziri vəzifəsini icra etmiş bir şəxsin məlumatları daha dəqiq olar. Reallıq odur ki, hərbi texnika və müasir silahlar baxımından Azərbaycan ordusu çox yaxşı vəziyyətdədir. Amma bir məsələni düzgün anlamalıyıq. Dünyada silah istehsalı bir yerdə dayanmır. Hər gün yeni avadanlıqlar, hərbi sistemlər meydana çıxır, tələbat dəyişir və çoxalır. Bunlarla ayaqlaşmaq lazımdır. Azərbaycan bu məqsədlə ordunu hərtərəfli yeniləyir. Ötən illər ərzində Silahlı Qüvvələrin həm raket sistemləri, həm də hava hücumundan müdafiə qurğuları tamamilə yenilənib və təkmilləşdirilib. Şübhə yox ki, bu istqamətdə işlər davam etdiriləcək”.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşündə bir sıra məqamlara toxunub. Dövlət başçısı deyib ki, bu il imzalanmış bir çox önəmli kontraktların icrası nəticəsində Azərbaycana ən müasir silahlar və texnika gətiriləcək: "Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”.

İsmayıl