Yaxın günlərdə ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi o qədər real görünmür
"İrana qarşı ittifaqa ehtiyacımız var. Çünki biz İranın fəaliyyətindən region dövlətlərinin narahatlıq keçirdiyini bilirik”. Bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey söyləyib. Baş nazir İranın Yəməndəki fəaliyyətinə göz yummayacağını bildirib: "İranın 10 il nüvə silahı əldə etməsinə mane olacaq müqavilə imzaladıq. Lakin bizim İranın Suriya, İraq, Livan və digər yerlərdə apardığı düşmən fəaliyyətlərinə qarşı mübarizə üçün iş birliyinə ehtiyacımız var.
Biz Körfəz ölkələrinin İranın onların daxili işlərinə müdaxiləsinə qarşı mübarizəni dəstəkləyirik”. ABŞ-ın strateji komandanlıq rəhbəri Con Hayten da çıxışı zamanı İrana nəzarət etməyin zəruri olduğunu söyləyib: "İran nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində fəaliyyət göstərir, lakin onun ballistik proqramı aqressivdir. Biz buna nəzarət etməliyik”. Lakin Amerika Senatının xarici işlər üzrə komitəsinin sədri Bob Korker bildirib ki, yeni sanksiyaların tətbiqi İranda keçiriləcək prezident seçkisinin nəticəsinə təsir edə bilər. Ona görə də sanksiyalar seçkidən sonra tətbiq edilməlidir. Xatırladaq ki, bu il mayın 19-da İranda prezident seçkisinin keçirilməsi nəzərdə tutulub.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, siyasi hadisələrin inkişafı baxımından yaxın günlərdə ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi o qədər real görünmür:
"Fikrimcə, Ağ Ev yeni sanksiya tətbiq etməklə İran hakimiyyətini qıcıqlandırmaq istəmir. Bir də görünür, indiki Prezidenti Həsən Ruhani ilə işləmək ABŞ-ı da təmin edir. Düzdür, İranda Prezident əsas söz sahibi olmasa da, konstitusiyaya görə, ölkənin ikinci adamı sayılır. ABŞ Həsən Ruhanini artıq tanıyır. Vaşinqton və Brüssel ehtimal edilən sanksiyaların tətbiqi nəticəsində İranın daha sərt bir Prezident çıxaracağını ehtimal edirlər. Bu isə indiyədək əldə edilənlərin yenidən başlanması deməkdir.
Qərbin məsələ ilə bağlı təcrübəsi də var. 2005-ci ildə ovaxtkı prezident Məhəmməd Xatəmi hökuməti ilə Qərb atom-nüvə məsələsində müəyyən razılığa gəlmişdi. O zaman bu istiqamətdə əldə edilən razılaşmalar təsdiqlənmək üzrə idi. Ona görə müzakirələri Prezident seçkisindən sonraya saxladılar. Qərb hesab edirdi ki, Əhmədinijadın rəqibi Rəfsəncani seçkidə qalib gələcək. Ancaq ikinci turda Əhmədinejad rəqibini böyük fərqlə uddu. Əhmədinejadın Prezident olması beynəlxalq vasitəçilərlə İran arasında razılaşmanı 10 il geri atdı. Nəticədə 2015-ci ildə Əhatəli Razılaşma sənədi imzalandı”.
Ekspertin sözlərinə görə, Qərb bununla həm də Həsən Ruhaninin yenidən Prezident olmasına öz razılığını bildirir və onu bu sayaq dəstəkləyir:
"Bu baxımdan İrana qarşı yeni sanksiyaların mayın 19-dan, İranda keçirilməsi nəzərdə tutulan prezident seçkisindən sonra tətbiq olunacağı istisna edilmir. Avropa İttifaqının da yeni sanksiyalara qoşulacağını ehtimal etmək olar. Çünki ABŞ rəsmilərı yeni sanksiyaları Avropa İtifaqının narahatlığına görə təxirə saldığını bildirir”.
İsmayıl