“İnanın, sosial şəbəkədə qeyrət ağacı əkən o qaqaşların öz ailələrindən, bacılarından xəbərləri yoxdu”
“Həyatda qadın kimi görünsəm, övladım utanardı”
İslam Mehrəliyev: “Mən aktyoram, səhnədə, çəkiliş meydançasında qadın obrazı da yarada bilərəm, heyvan obrazında da ola bilərəm”
“İnanın, sosial şəbəkədə qeyrət ağacı əkən o qaqaşların öz ailələrindən, bacılarından xəbərləri yoxdu”
“İnanın, sosial şəbəkədə qeyrət ağacı əkən o qaqaşların öz ailələrindən, bacılarından xəbərləri yoxdu”
Səhnə bəzən aktyorlardan daha böyük cəsarət tələb edir. Bəzən aktyor səhnədə qadın obrazını, ya da tam əksinə, qadın kişi obrazını yaratmalı olur. Bu sənətdirsə, sənətdə bu kimi məqamları normal qəbul etmək olar. Səhnə obraz tələb edirsə, sən o obrazında lazım olan təqdimatı tamaşaçıya göstərməlisən. Bu gün bir çox aktyorlarımız səhnəyə bəzən qadın qiyafəsində çıxır, qadın obrazları yaradırlar. Bunu qəbul edənlər də tapılır, səhnəni həyatla səhv salmayanlar da olur, tənqid edənləri də başa düşmək mümkündür. İstənilən halda hər bir xalqın özünməxsus xüsusiyyətləri olduğundan, bizdə ictimai qınaq vacib məqamlardan sayılır, ən tanınmış xalq artisti belə ictimai qınaqdan ehtiyat edir.
Yeri gəlmişkən, bir məqamı da xatırlatmaq bəlkə də yerinə düşər. Səhnə bəzən cəsarət tələb edənləri daha çox sevir. Vaxtilə Üzeyir Hacıbəyov "Leyli və Məcnun” operasını səhnəyə qoyanda Leyli obrazını ilk dəfə məhz kişi aktyor oynamağa məcbur qalmışdı.
"Leyli və Məcnun” operasında ilk Məcnun obrazını Hüseynqulu Sarabski, ilk Leyli obrazını isə kişi aktyor oynamalı olub. Səhnədə ilk dəfə Leyli obrazını çayçı şagirdi Əbdürrəhman Fərəcov oynayıb.
Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Sonralar Sarabski aktyor sənətini kişilik sənəti hesab etməyənlərə bu sənətin dəyərini çatdırmağa çalışıb. Xatirələrində isə yazırdı ki, "Bəzən teatrı "şeytan əməli”, aktyorluğu isə "kişiyə yaraşmaz peşə” hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərmək lazım gəlirdi”.
Əlbəttə ki, biz İslamın sənətini Sarabski ilə müqayisə etmək xülyasından çox-çox uzağıq. Sadəcə, hələ 20-ci əsrin əvvəllərində belə aktyorlar bəzən qadın obrazı yaradaraq ictimai qınağın qurbanı olacaqlarını bilə-bilə səhnənin tələblərini nəzərə alıblar. Sadəcə bir kişinin səhnədə qadın qiyafəsi geyinməsi hələ onun kişilikdən uzaq xarakterə sahib olduğunun göstəricisi sayıla bilməz. Bəzən özlərinə kişi deyənlərin kişilik prinsiplərindən xəbərsiz olduqlarını da unutmaq lazım deyil.
Son günlər aktyor İslam Mehrəliyevin sosial şəbəkədə yayılan fotosu da müzakirələrə səbəb oldu. İslam gəlinlik donu geyinib, saç qoyub və makiyaj edib. Çəkiliş üçün belə bir obraz yaradan aktyorun görünüşü müzakirəsiz ötüşməyib. Yeri gəlmişkən, sosial şəbəkələrdə yayılan fotoları rejissor Ramin Hacıyev çəkib.
Gəlinlik paltarında fotoları yayılan aktyorla əlaqə yaradıb, bir də onun dilindən müzakrələrə səbəb olan fotolara aydınlıq gətirməsini istədik.
"Şərq”in suallarını cavablandıran İslam Mehrəliyevin onu tənqid edənlərə cavabı daha sərt oldu.
- Gəlinlik geyimində çəkilən şəkillərin müzakirəsiz ötüşmədi. Deyəcəksən ki, aktyoram, obraz yaratmışam. Amma ictimai qınağa tuş gəlmisən.
- Mən özümü böyük aktyor kimi təqdim edə bilmərəm. Amma mən aktyoram, səhnədə, çəkiliş meydançasında qadın obrazı da yarada bilərəm, heyvan obrazında da ola bilərəm. Bu geyimi həyatda geyinməmişəm ki, bu qədər qınanmış oluram. Mən verilişin çəkilişi zamanı obraz yaratmaq üçün gəlinlik geyinmişəm. Bu veriliş hələ efirə getməyib. 5 ulduzlu komediyadır. Hər həftə müxtəlif obrazlar yaradırıq. Mən obraz gərəyi bu geyimdə olmuşam. Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri kişilərin bir çoxunun sosial rollarını unutmalarıdır. Bu gün gündəlik həyatda nə qədər cinsi azlıqları, transları görürük. Bu problemləri göstərmək üçün bəzən bu kimi obrazları yaratmaqla sosial mesaj göndəririk. Buna görə məni qınayırlarsa, qınasınlar. Sadəcə, bu, verilişin pərdəarxası məqamında çəkilən fotoşəkil idi. Çəkiliş hələ efirə getməyib. Efirə getsəydi, bu qədər müzakirələrə səbəb olmazdı. Yəni verilişə baxsanız görərsiniz ki, bu obraz cəmiyyətə göndərilən sosial mesaj idi. Yalançı toy edənlər, kirayə bəy kimi gəlinlərin yanında oturanlar olur. Bu, real həyatda mövcud olan problemlərimizdir. Hər birimiz də bunu bilirik ki, bu gün yalandan ərə gedənlər, pulla kirayə, bir günlük bəy tutub "Vağzalı” çaldıranlar var. Biz verilişdə bunu çatdırmaq üçün belə bir səhnəcik hazırlamışdıq. Amma veriliş efirə getmədən o şəkil paylaşıldı deyə düzgün qəbul edilmədi.
- Şəkli kənar insan paylaşmayıb ki. Rejissorun, yaxın dostun Ramin Hacıyev paylaşıb.
- Bəli, çəkiliş zamanı pərdəarxası şəkil çəkdi. Mənim xəbərim olmadan paylaşıb. Mən bu paylaşımdan və bu qədər tənqidləri görəndə iradımı Raminə bildirdim ki, gərək çəkiliş zamanı pərdəarxası olanı tamaşaçıya təqdim etməyəydin. O da bildirdi ki, səhvimi başa düşürəm. Ramin özü də etiraf edir ki, şəkli paylaşanda belə reaksiya olacağını düşünə bilməyib. İradımı bildirən kimi Ramin şəxsi səhifəsindən şəkli sildi. Amma saytlar yenə dayanmadı. O qədər böyütdülər ki. Sanki dünyanın sonu gəlib.
- Elə çıxır ki, günahı hamı kimi, siz də mətbuatda gördünüz?
- Əslində mən günahkar axtarışında da deyiləm. Sadəcə, bəzi saytlar sanki fürsət düşdü, bunu daha çirkin göstərməyə çalışdılar. Təbii ki, mənim peşəkar jürnalistlərə hörmətim var. Onlar öz işlərini görüblər. Sadəcə, bir aktyorun gəlinlik geyimində obrazda olmasını belə şişirtmək lazım deyildi. Mənim o qədər maraqlı obrazlarım olub ki, niyə onlardan yazmırlar?
- Sizcə, bu sizə qarşı həmkarlarınzın qərəzi də ola bilərmi? Yəni kimlərsə bilərəkdən bu görüntülərin bu qədər ictimai müzakirəyə səbəb olması üçün vasitəçi oldular?
- Ola bilər, nə deyə bilərəm ki? Mən heç kimi qınamaq niyyətində deyiləm. Amma mənim uğurlarımı görüb paxıllıq edənlər də az deyil. İndiyə qədər səhnədə ancaq İslam gəlinlik geyinib səhnəyə çıxıb ki? Mənə qədər qadın paltarlarında qadın obrazı yaradanlar olmayıb ki? Onları niyə qınamırsız?
- Rəfael və Coşqunu, yəni "Bu şəhərdə”nin uşaqlarını nəzərdə tutursuz?
- Mən ümumiyyətlə deyirəm. Təkcə onları da nəzərdə tutmuram. Mən səhnədə qadın obrazı yaradan aktyorları nəzərdə tutdum. Bu, sənətdi. Mən həyatda qadın kimi hərəkət etsəydim, məni bu qədər qınamağa hamının haqqı çatardı. Mən səhnədəyəm, aktyora hansı obraz həvalə olunursa, onu oynamalıdı. Bu səhnəcik efirə gedəndə daha fərqli görünəcək.
- Səni qınayanlar bir də bu sualı ünvanlayır ki, görəsən, ailəsində buna görə narahatlıq yaranmır. Övlad sahibisən, hesab etmirsən ki, bu şəkillər, paylaşmalar, yaratdığın bəzi obrazlar gələcəkdə uşağına mənfi təsir göstərə bilər. Sənə görə utana bilər?
- Bəli, atayam, övlad sahibiyəm. Mən hesab etmirəm ki, övladıma xəcalət gətirəcək hərəkət etmişəm. Mənim sənətim aktyorluqdu. Övladım da böyüyəndə bunu dərk edəcək. Mən həyatda, ailədə qadın kimi görünsəm, onda övladım mənə görə utanardı. Mən səhnədən kənarda normal insanam. Niyə səhnəni həyatla səhv salırıq axı. Hamı qeyrətli oğlan kimi özünü göstərməyə çalışır, hamı sosial şəbəkədə namusdan dərs keçir, amma öz ailələrindən, yaxınlarından xəbərsizdilər. İnanın, sosial şəbəkədə qeyrət ağacı əkən o qaqaşların öz ailələrindən, bacılarından xəbərləri yoxdu. Vallah ayıbdı. İnsanı tanımadan onun şəxsiyyətini təhqir etmək qeyrətli olmaqdı? Mənim kim olduğumu şükür Allaha, ailəm də, yaxınlarım da bilir.
Mən özüm əsas bilirəm ki, kiməm. Mənim kim olduğumu öyrənmək istəyənlər Yasamalda maraqlana bilərlər, orda yaşayıb, böyümüşəm. İslamın necə oğul olmasını bir də məhəlləmdəkilərdən soruşsunlar. Bir də bilirsiz mənim üçün vacib olan nədir? Mən Allahın yanında günahsız olum. İndi mənə o şərhləri yazan qeyrətli qaqaşlar güya yaxşı, "bomba” oğlanlardı? Onların heç bir qəbahətləri yoxdu, huri-mələk olub hamı. İnsanın əqidəsi təmiz olar, insanın ruhu təmiz olar, insanın kişiliyi onun kimliyini sübut edər. Mən qadın paltarı geyinib obraz yaratmışamsa, bu mənim kişiliyimi əskiltməyib. Mən səhnədən kənarda kim olduğumu unutmuram. Bəzi özlərinə mənəm-mənəm deyən kişilər ki, var, restoranlarda, çayxanalarda oturub "rumka” vururlar, ailəsinin dolanışığından xəbərsizdilər, anaları-ataları yemək tapmır, onlar kef çəkirlər, onlar qeyrətdən necə danışa bilərlər? İndi orucluq ayıdır. Mən heç kimə qarğış etmək istəmirəm. Amma bu müqəddəs ayda məni ləkələmək istəyənləri Allaha tapşırıram.
- Yəni səni gözdən salmaq istəyən insanlar, həmkarların var, bu piarı onlar qurublar?
- Bilmək olmaz. Bəlkə də bilərəkdən məni insanların gözündən salmağa çalışırlar. Bilərəkdən nüfuzuma kölgə salmaq istəyirlər. Mən Türkiyədə çəkilişlərə dəvət alanda çox tanınmış bir sənətçimiz üzümə boz-boz dayanıb dedi ki, mən başa düşə bilmirəm ki, səni niyə Türkiyəyə dəvət edirlər, məni yox. Bir dəfə demədi ki, təbrik edirəm. O sözü deyib sonra bu sualını ünvanlasaydı, məni belə yandırmazdı. Ad çəkmək mənə yaraşmaz. Amma inanın ki, o özünə gələ bilmirdi ki, niyə islamı Türkiyəyə çəkilişə dəvət ediblər. Gizlətmədən üzümə dedi bunu. Demək istəyirəm ki, məni sevməyənlər, mənim uğurlarımı götürə bilməyənlər var. Görünür, mənim bu gün sənətdə olmağım kimlərinsə yuxusuna haram qatır, kimlərisə narahat edir. İnanın ki, belə edib məni səhnədən, sənətdən küskün salmağa çalışırlar. Amma mən bu sənətə getmək üçün gəlməmişəm. Əksinə, onların inadına yaradıcılığımı davam etdirəcəm.
İslama qədər də qadın paltarında səhnəyə çıxan yetərincə kişi aktyoru olub. Onlar o geyimdən sonra kişiliklərini itiriblər ki? Mən bu orucluq günlərində Allahıma üz tuturam. Deyirəm ki, haqqı nahaqdan ayıransan, özün məni gözdən salmağa çalışanların cəzasını ver. Kişilikdən dəm vuranlara isə bir sözüm var ki, hərə öz ailəsinin dərdini çəksin, hərə öz yaxınlarının namusunu qorusun. Mənim kişiliyim də, insanlığım da göz qabağındadır. Bu günə qədər heç kimin namusuna dil uzatmamışam, heç kimin haqqını yeməmişəm, heç kimin qadınına sataşmamışam, heç kimin anasına hörmətsizlik etməmişəm. Kişi sözünün dəyərini bilməyənlər mənə kişilik dərsi keçə bilməzlər.
Tahirə