“Həyəcan var...”

Nəzakət Teymurova: “İndiyə qədər ifa etmədiyim mahnıları oxuyacam”
“İlhamə Quliyevanın, Flora Kərimovanın repertuarlarına müraciət etmişəm”




Xalq artisti, xanəndə Nəzakət Teymurova növbəti solo-konsertinə hazırlaşır. Konsertqabağı Nəzakət Teymurova "Şərq”ə maraqlı açıqlamalar verdi.

- Növbəti solo-konsertinizə hazırlıq işləri gedir...

- Bəli. İyunun 22- də Yaşıl Teatrda solo-konsert proqramı ilə çıxış edəcəm. Bildiyiniz kimi, indiyə qədər təqdim etdiyim konsertlərdə həmişə kamera orkestri, xalq çalğı alətləri ansamblı, 3-lük trio şəklində konsertlərim olub. Bu dəfə daha fərqli bir konsert proqramı olacaq.

- Özəlliyi nədir? Fərqli bir Nəzakət Teymurova ifası izləyəcək tamaşaçı...

- Əslində çox fərqli bir ampluada, fərqli repertuarla səhnəyə çıxacam. Hətta bəziləri məni bu repertuarda görsələr, təəccüblənə bilərlər. İndiyə qədər müraciət etmədiyim xalq mahnıları, bəstəkar mahnılarına, aşıq musiqilərinə müraciət etmişəm. Hazırda ciddi məşqlər gedir. Gün ərzində 5-6 saat məşq edirik ki, tamaşaçı bu konsertdə dincələ bilsin.

- Konsertdə bu dəfə muğam ifası olmayacaq deyəsən. Belə başa düşdük.

- Yox, bu dəfə muğam dəstgahları olmayacaq. Ona görə qeyd etdim ki, fərqli bir formatda konsert gözlənilir. Məkana uyğun olaraq repertuar qurmuşuq. Konsertdə indiyə qədər ifa etmədiyim, az hallarda müraciət olunan bəstəkar mahnıları, xalq mahnıları səslənəcək. Bir sözlə, indiyə qədər ifa etmədiyim musiqiləri seçmişik.

- Təklif hardan gəldi?

- Təşkilatçılar tərəfindən mənə müraciət edildi. Danışıqlar apardıq. Təkliflərimi bildirdim, razılaşdılar, konsertin hazırlıqlarına başladıq. Sifarişli, kommersiya xarakterli konsert olacaq.

- Sanki tamaşaçını təəccübləndirməyə iddialısız...

- (Gülür). Bir az fərqli Nəzakət Teymurovanı göstərmək istəyirəm. Biz xanəndələr, adətən bir tərzdə oluruq, muğam ifa edirik. Yəni muğam ifaçılarının əksəriyyətinin bir yolu olur, eyni xətt üzrə fəaliyyət göstərirlər. Mən istədim bu ampluadan çıxım. Daha fərqli bir repertuarla çıxış edərək potensialımı göstərə bilim. Muğam ifaçılarının səs tembri də sanki muğama köklənib. Onlar elə tərzdə oxumağı seçirlər. Mən bu tərzi dəyişməyə maraqlı oldum. Xalq mahnılarını da yeni aranjimanda, fərqli tərzdə oxumaq istədim. Tamaşaçı yeniliyi sevir. Müasir dövrümüzdə tamaşaçı zövqünə xitab etmək çətindi. Düşünürəm ki, tamaşaçı bu konsertdən zövq alacaq. Yeni üslubda səhnəyə çıxacam. Bu konsertdə tamaşaçı daha böyük dinamika hiss edəcək. Sənətçi performans göstərirsə, maraqlı görünür. O performans təkcə səhnədə dinamik hərəkətlə də ölçülmür. Bəzən səsin dinamikası bütün hərəkətləri əvəz edə bilir. Yaşıl Teatrın tələb etdiyi repertuarla tamaşaçını təəccübləndirmək istəyirəm.
- Həyəcan varmı? Axı Nəzakət Teymurovanı tamaşaçı dediyiniz ampluada görməyə alışmayıb.
- Təbii ki, həyəcan var. Tamaşaçı məsuliyyətini hiss edirəm. Mən ümumiyyətlə heç bir konsertimi konsert verdim deyə tamaşaçıya təqdim etməmişəm. O məsuliyyətin ağırlığını hiss və dərk edərək səhnəyə çıxmışam. Sadəcə, budəfəki fərqli formatda olmaq həyəcanı da, məsuliyyəti də bir az çoxaltmış oldu. Mənim üçün tamaşaçı fikri, münasibəti önəmli olub. Misal üçün, mən kamera orkestri ilə də konsert vermişəm. Bəzi tamaşaçılar bunu sevib, bəziləri üçün maraqlı olmayıb, onlar klassik muğamı daha çox qəbul ediblər. Bilmirəm bu dəfə tamaşaçı reaksiyası necə olacaq. Amma seçdiyim mahnılar ki var, onlar tamaşaçılar tərəfindən seviləcək.

- Konsertdə duet ortağınız olacaqmı?

- Solo-konsertdə səhnəni kimləsə paylaşmağı sevmirəm, qəbul da etmirəm. Çünki bunun adı solo-konsertdisə, tamaşaçı ora sənin ifanı eşitməyə gəlir. Müğənni, sənətkar da solo-konsert verərkən səhnədə bütün imkanlarını göstərmək imkanı əldə edir. Orda başqa birinə ehtiyac olmur. Solo-konsert sənin səs imkanlarını, səhnə imkanlarını, həyəcanını təqdim edə biləcək məkana çevrilir. Sən maksimum dərəcədə solo-konsertin sənə təqdim etdiyi şansdan düzgün istifadə etməlisən. Maraqlı olmalısan səhnədə. Səhnədə tək olsan da diqqətləri özünə yönəldə bilməlisən. Mən yola verməyi bacarmıram. O xüsusiyyət məndə yoxdu deyə, səhnədə ifa edəcəyim hər mahnı üzərində dönə-dönə keçidlər edirəm ki, maraqlı alınsın.

- Dediniz bəstəkar mahnılarına da müraciət etmisiz. Vaxtilə karifey sənətçilərin ifasında olan bəstələr də səslənə bilərmi?

- Söz vermişdim ki, konsertə qədər bu barədə danışmayım. Amma sizə bir sirr açım. Bəli, konsertdə elə mahnılar səslənəcək ki, vaxtilə tanınmış sənətkarlar bu mahnılara möhürlərini vurublar. Rəhmətlik İlhamə xanım Quliyevanın repertuarına müraciət etmişəm. Bilmirəm tamaşaçı reaksiyası necə olacaq. Ancaq bəzi sənətkarlar var ki, onların repertuarı həmişə tamaşaçı üçün maraqlı olub. Flora Kərimovanın repertuarından mahnı hazırlayıram.

- Əslində bir xanəndənin estrada musiqisinə müraciəti cəsarət istəyir.

- Həqiqətən xanəndənin belə mahnılara üz tutması az hallarda ola bilər. Mənə qədər bilmirəm belə musiqilərə müraciət edib konsert verən xanəndəmiz olub, ya yox. Amma həqiqətən məsuliyyət tələb edir.

- Həmin səhnədə yəqin ki, geyim tərziniz də fərqli olacaq. Yəni konsertin repertuarına uyğun.

- Təbii ki, bu konsert proqramı fərqli formatda olduğundan səhnə geyimlərimdə də fərqli imic yaratmaq istədik. Peşəkarlarla məsləhət etdik, səhnə geyimlərini də konsertin ruhuna uyğun seçmişik. Hər birinizi bu konsertə dəvət edirəm. Ümid edirəm ki, konsert sizlərdə xoş təəssürat yaradacaq.

Tahirə Məmmədqızı