Hüquq müdafiəçiləri əflə bağlı bir söz deyə bilmədi

“Hər bayramdan öncə belə yalanları dövriyyəyə buraxırlar, insanlarda ümid yaradırlar, amma heç nə baş vermir”



REAL Hərəkatının sədri İlqar Məmmədovun vəkili Elçin Sadıqov Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv fərmanı imzalanacağını deyib. Onun sözlərinə görə, əfvə düşməsi gözlənilən siyasi məhbuslardan biri də məhz İlqar Məmmədovdur: "Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovun azadlığa buraxılması haqda qərarının tezliklə təmin olunacağı gözlənilir”.

Elçin Sadıqov eyni zamanda vəkili olduğu Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da azadlığa buraxılacağını istisna etməyib: "Leyla xanımın səhhətində ciddi problemlər olduğundan onun əfvə düşməsi ehtimalı var. Çünki həbsdə qalması onun səhhətini daha da ağırlaşdıra bilər”.

Müsavat başqanının müavini Tofiq Yaqublunun vəkili Nemət Kərimli isə əfv fərmanının olacağına inanmadığını deyib: "Hər bayramdan öncə belə yalanları dövriyyəyə buraxırlar, insanlarda ümid yaradırlar, amma heç nə baş vermir. Sonra yenidən növbəti bayramlara qədər gözləməli olurlar. Ona görə də mən belə yalanlara inanmıram”.

Xatırladaq ki, bir neçə gün əvvəl İnsan Hüquqları üzrə İşçi Qrupun üzvü Novella Cəfəroğlu siyasi məhbusların azadlığa buraxılacağını açıqlamışdı.

Onun sözlərinə görə, İşçi Qrup azadlığa çıxmalı olan şəxslərin siyahısını artıq Əfv Komissiyasına təqdim edib.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı isə Yeni il qabağı əfv sərəncamının verilib-verilməyəcəyinin hələki dəqiq bilinmədiyini vurğulayıb. Xanım millət vəkilinin sözlərinə görə, Komissiya hazırda daxil olan bütün müraciətləri araşdırır: "Prezident İlham Əliyev vaxtaşırı əfv fərmanları imzalayır. Bu, onun səlahiyyətində olan bir məsələdir. Komissiyanın üzvlərinin hər birinə məhkumların ailə üzvlərindən, qohumlarından və özlərindən müraciətlər daxil olur. Bununla əlaqədar olaraq müraciətlərin üzərində işlənilir, analizlər aparılır. Komissiya aktiv şəkildə fəaliyyət göstərir. Daxil olan bütün müraciətlər araşdırılır və təhlil olunur. Yekun rəyi isə Prezident verir. Bu səbəbdən yaxın vaxtlarda əfv sərəncamının verilib-verilməməsi dəqiq bilinmir”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı isə hər zaman İşçi Qrupunun səlahiyyətlərinə aid olmayan sualları cavablandırmaqdan çəkindiyini deyib: "Məhbusların əfvi yalnız ölkə başçısının səlahiyyətindədir. Əfv olub- olmayacağı ilə bağlı proqnoz vermək olar, amma mütləq olacaq ehtimalını deyə bilmərəm. Adətən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Əfv olur. Amma imzalanan əfv sərəncamında kimlərin adının yer aldığını biz bilə bilmərik. Bu məsələ birbaşa ölkə başçısının siyasi iradəsindən və Əfv Komissiyasının fəaliyyətindən asılıdır. Əfv Komissiyasına siyasi məhbuslardan əlavə digər maddələr üzrə həbs olunan insanlar da müraciət ünvanlayırlar. Əfv Komissiyası da həmin siyahını hazırlayıb, Prezidentə verir. Bir də var ki, əfv yazmayan insanlarla bağlı hüquq müdafiəçiləri birbaşa Prezidentə müraciət edə bilər. Biz həm siyasi məhbuslar, həm də digər məhbusların əfvi ilə bağlı Prezident və Əfv Komissiyasına müraciət etmişik. Çox təəssüf ki, Əfv Komissiyasında bizim QHT sektorundan nümayəndəmiz yoxdur. Orda təmsil olunan insanların əksəriyyəti məşğuldurlar. Komissiyanın katibi Könül xanımdan başqa əfvlə heç kəs maraqlanmır”.

Qobustan həbsxanasında cəza çəkən meydan hərəkatının qəhrəmanlarından olan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı da əfvə ümidləri olmadığını deyib: "Nemət artıq 5 ildir azadlıqdan məhrum edilib. Sərbəst buraxılması üçün bir ili qalıb. Ona görə də, onun Yeni ildə əfv olunacağına ümidim yoxdur. Nemət Pənahlı həbs olunandan bu yana hər il əfv məsələsi gündəmə gəlib və hər dəfəsində bu xəbər özünü doğrultmayıb. Sözün açığı, əvvəlki illərdə əfvlə bağlı deyilənlərə inanırdım. Uşaqlar da ümidlənib gözləyirdilər. Amma sonradan da çox pis olurduq. Lakin artıq əfvlə bağlı heç bir gözləntimiz yoxdur”.

Şəymən