“Hüquq müdafiəçiləri hansı haqla xalqın adından danışır”

Məhbus anası 1 saylı cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlardan “Şərq”ə şikayət edib



Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Paşayev Elşən Qurban oğlunun anası Mirzəliyev Lida Pirəli qızı redaksiyamıza müraciət edərək həbsxanada oğlunun başına gətirilən qanunsuzluqlardan və hüquqlarının qorunmamasından şikayət edib. Məhkum anası eyni zamanda hüquq müdafiəçilərinin məhkumların hüquqlarına qarşı laqeydliyindən gileylənib:

"Məhkumların başına gətirilən faciələr, işgəncələrlə bağlı mətbuata xəbər veriləndə hüquq müdafiəçiləri faktın əsassız olduğunu və məhkumların saxlanma şəraiti ilə bağlı şikayətlərin azaldığını iddia edirlər. Məgər onların həbsxanalardakı durumdan xəbərləri yoxdur? Yoxsa, şəxsi maraqları onların "gözünü tutub”? Hüquq müdafiəçiləri xalqın adından öz maraqları naminə istifadə edir. Onların heç biri bizim hüquqlarımızı qorumur. Mənim oğluma cəzaçəkmə müəssisəsində dəhşətli işgəncələr verilir. Bu barədə bütün aidiyyəti qurumlara, Milli Məclisə, Prezident Administrasiyasına, hüquq müdafiəçilərinin hər birinə ayrı-ayrılıqda müraciət etmişəm. Amma heç biri mənim müraciətimə müsbət reaksiya vermədi. Əksinə, nömrələrini tapıb, onlara müraciət etdiyimiz üçün bizi "borclu” çıxardırlar. Başa düşə bilmirəm, özlərini xalqdan gizlədən hüquq müdafiəçiləri hansı haqla xalqın adından danışır?”.

Oğlunun günahsız yerə 11 ildir məhbəsdə əzab çəkdiyini vurğulayan ana bu illər ərzində 1 saylı cəzaçəkmə müəssisəsində nə qədər faciələr, dəhşətli faktlar gördüyünü bəyan edib: "Məhkumlarla maraqlanan, onların taleyi ilə bağlı ölçü götürən yoxdur. Hüquq müdafiəçilərinin heç biri problemi olan məhbusları kənara çəkib onlarla təklikdə söhbət aparmır”. Məhkum anasının sözlərinə görə, ombudsman başda olmaqla hüquq müdafiəçilərinin heç biri əzilən insanların hüquqlarını müdafiə eləmirlər. Hamısı öz cibinin hayındadır: "Düz 11 ildir Ombudsman Aparatına müraciət edirəm, amma Elmira Süleymanova bircə dəfə belə olsun məni qəbul eləmir. Məgər bu illər ərzində onun bircə saat vaxtı olmadı?”.

E.Paşayevin 8 dəfə Nizami Rayon Məhkəməsinə müraciət etdiyini vurğulayan L.Mirzəliyeva deyib ki, qarşı tərəfin verdiyi pulların hesabına oğlunun tələbləri təmin olunmayıb: "Kimə deyək dərdimizi, hara gedək? Bir ölkənin ki, hüquq müdafiəçiləri də əzilənin yox, əzənin yanında olsun, biz bu cəmiyyətdən nə gözləyirik axı? Həbsxana rəisi məni təhdid edir ki, sən oğlunu buradan sağ çıxara bilməyəcəksən. Başa düşə bilmirəm, Rövşən Niyazov hansı haqla məni təhdid edir?”.

Lida Mirzəliyevanın sözlərinə görə, məhkum anası onu da deyib ki, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbuslardan nə az-nə çox, düz 220000 manat pul toplanıb: "Yığılan pulun bir hissəsi Nizami Rayon Məhkəməsinin baş hakiminə, qalanı isə qeyd edilən həbsxana rəhbərliyinə çatıb. Bu haqda mediaya məlumat verdiyimə görə, ola bilsin həbsxananın rəisi oğlumu incitsin: "Amma mən heç nədən qorxmuram. Çünki Rövşən Niyazov oğluma bildirib ki, onun "DəmirBank”da tanışları var və oğlumun yaxınları həmin bankdan 7 min manat pul götürüb ona versələr, o zaman oğlum azadlığa çıxa bilər. Oğlum da bildirib ki, o, Rövşən Niyazovun belə bir oyununa getməyəcək. Rövşən Niyazov isə oğluma deyib ki, başqalarından 10-12 min manat alırlar, amma sənin ailən məsələni mətbuata çıxardığından, ora-bura yazdığından 7 min istəyirlər. Əgər biz 7 min aparıb pul verməsək, oğlumu yox yerdən həbsxanada çürüdəcəklər. Bunlarda insanlıq qalmayıb. Onlar bir ananın göz yaşlarına baxmırlar. 11 ildir övladım həbsxana divarları içərisində çürüdülür. Bir daha deyirəm, təkcə oktyabr ayında 220000 manat məhbuslardan pul yığıb ki, onların işlərində azaltmalar olsun. Bu dəqiq məlumatdı. Sadəcə olaraq həbsdə olanların yaxınları onlara zərər verirlər deyə, qorxurlar. Mən isə qorxmuram. İstəyirəm günahkarlar öz cəzasını alsın”.

Şəymən