“I Avropa Oyunları olduqca mühüm hadisədir”
Patrik Hikki: “Oyunlar 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq”
Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malikdir. Əgər kimsə, hansısa qüvvə Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırsa, deməli onlar Azərbaycan dövlətinə və onun milli maraqlarına qarşı çıxır. Nəzərə alaq ki, hansısa bir ölkədə olimpiadanın keçirilməsi üçün həmin ölkə iqtisadi baxımdan bu yükü çiyninə götürməlidir. Digər tərəfdən həmin ölkənin buna mənəvi haqqı olmalıdır.
Yəni, dövlət özünün müasirliyi, tolerantlığı və sivilliyi ilə fərqlənməlidir. Azərbaycanın Avropa yay oyunlarına ev sahibliyi hüququnu qazanması ölkəmizin bütün bu standartlara cavab verməsinin əsas göstəricisidir. Ancaq təəssüflər olsun ki, bu fərqlənmə bizi gözü götürməyənləri ciddi narahat edir. Həmin qüvvələr o qədər də böyük olmayan bir ölkənin qısa zamanda bu cür inkişaf etməsini həzm edə bilmirlər. Olimpiya oyunları ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının kökündə məhz bu amil dayanır. Amma bununla yanaşı, beynəlxalq aləmin əksəriyyəti Birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsini təqdirəlayiq hesab edirlər.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki də bu il Bakıda keçiriləcək I Avropa Oyunlarının olduqca mühüm hadisə olduğunu deyib. Prezident Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəklədiyini bildirib: "Bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür. Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendinə çevirəcək və daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı 2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl 2018-ci ildə Qlazqoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində isə yüngül atletikaya aid olan idman növləri üzrə təşkil olunacaq yarışların "Əsl Avropa Oyunları” olması ilə bağlı bəzi KİV-lərdə xəbərlər yayılıb.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkli kampaniyalara münasibət bildirərkən deyib ki, hər dəfə Azərbaycan hansısa böyük beynəlxalq tədbir keçirəndə ölkəyə qarşı qarayaxma kampaniyası güclənir. Sanki bəzi qüvvələr bu tədbirlərdən bir fürsət kimi istifadə edirlər. O qeyd edib ki, Azərbaycan artıq belə qarayaxmalara adi hal kimi baxır: "Eurovision” mahnı müsabiqəsi də keçirilən zaman belə qarayaxmaların şahidi olduq. Bir tərəfdən Azərbaycan Avropanın
mədəniyyət müsabiqəsinə ev sahibliyi etdi, qonaqpərvərlik göstərdi, digər tərəfdən isə Azərbaycana qarşı qərəzli yanaşmalar oldu. Amma nəticədə Azərbaycan bu yarışmaya ən yüksək səviyyədə ev sahibliyi etdi”. M.İbrahimqızı bildirib ki, dünyada baş verən böhranlara baxmayaraq Azərbaycan inkişaf edir, iri beynəlxalq layihələri həyata keçirir: "Təbii ki, Azərbaycanın gündən-günə inkişaf etməsini görmək istəməyən ermənipərəst qüvvələr dövlətimizin imicini korlamaq üçün bu qarayaxma kampaniyasını aparırlar. Bunlar hər dəfə belə böyük tədbirlər ərəfəsində Azərbaycana nə qədər təzyiq etsələr, onu qənimət bilirlər”. Millət vəkili hesab edir ki, bu cür təzyiqlərin və kampaniyaların heç bir təsiri olmayacaq: "Hesab edirəm ki, biz bu cür təzyiqlərə, çirkli kampaniyalara fikir verməməliyik, öz siyasətimizi davam etdirməliyik. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan bu tədbirdən üzüağ çıxacaq”.
Millət vəkili Bəxtiyar Əliyev də bəzi dairələrin ilk Avropa Oyunları ilə bağlı apardığı çirkli kampaniyaya münasibət bildirib. Deputat deyib ki, Azərbaycan artıq dünya siyasətində güclü bir fiqura çevrilib, nəhəng layihələri özü gerçəkləşdirir və bu gün dünya düzənində yeni bir reallığı ortaya qoyur: "Bunu həzm edə bilməyən qüvvələr ilk Avropa Oyunları ərəfəsində çirkin kampaniyalar aparırlar ki, Azərbaycanın mövqelərini zəiflətsinlər, Azərbaycana qarşı etimadsızlıq yaratsınlar”. Millət vəkili qeyd edib ki, bu kampaniyanı aparanlar öz məqsədlərinə nail ola bilməyəcəklər: "Azərbaycan bütün demokratik dəyərlərə sadiqdir. Digər tərəfdən, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində və deməli, bütünlükdə Avropanın təhlükəsizliyi məsələsində önəmli yer tutur. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu dövrdə də həyata keçirdiyi siyasətlə göstərdi ki, güclü bir dövlətdir və onunla hesablaşmaq lazımdır. Amma bunu görmək istəməyən qüvvələr, dairələr var ki, onlar Azərbaycana qarşı ikili standartların, qarayaxmaların, böhtanların həyata keçirilməsində əsas rol oynayırlar”. B.Əliyev bildirib ki, ilk Avropa Oyunları qısa bir müddətdə keçirilməli idi: "Avropada heç bir dövlət bu məsuliyyəti üzərinə götürə bilmədi. Amma Azərbaycan bu məsuliyyəti üzərinə götürdü və qısa müddət ərzində çox yüksək səviyyədə hazırlıq işləri apardı. Birincisi, Azərbaycan bu Avropa Oyunlarının məsuliyyətini üzərinə götürməklə nə qədər sülhməramlı bir dövlət olduğunu bütün dünyaya göstərdi. Digər tərəfdən, idman sağlamlıq, həmrəylik, birlik, barış deməkdir. Azərbaycan bunu dünyaya nümayiş etdirdi”.
İsmayıl