Həmsədrlərin son fəallığı Azərbaycanın Qarabağ siyasətinə uyğun gəlmir
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başa çatıb. Diplomatların İrəvan və Bakıdakı görüşlərdə əsas müzakirə mövzusu Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşünü təşkil etmək olub. Həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasında da görüş keçiriblər. Vasitəçilər bəyan ediblər ki, qaçqınların problemi nəzərə alınmadan münaqişənin həlli mümkün deyil.
Həmsədrlərin gündəmə gətirdikləri bu məsələ ilə bağlı açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, işğalçı tərəf münaqişənin danışıqlarla həllinə razılıq vermir: "Münaqişənin həllində Minsk Qrupunun səylərinin heç bir nəticəsi yoxdur. Qaçqınların öz evlərinə qayıtması yalnız torpaqlarımız işğaldan azad olunanda mümkündür. Bu da müəyyən vaxt tələb edir, ilk olaraq həmin yerlərdə bərpa işləri aparılmalı, insanların yaşaya biləcəyi şərait yaradılmalıdır”. B.Səfərov Dağlıq Qarabağın erməni icması ilə görüşlər keçirilməsi məsələsinə də münasibət bildirib: "Ermənistanda hazırda vəziyyət olduqca qarışıqdır. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlərin görüşünü təşkil etmək niyyətindədir. Onların görüşləri baş tutacağı halda, Qarabağın erməni icması ilə də görüşlərin keçirilməsi gözlənilə bilər”.
Həmsədrlərin regiona səfəri və icmaların görüşü ilə bağlı "Şərq”ə danışan millət vəkili Aqil Abbas deyib ki, ATƏT-in Minsk Qrupunun məqsədi "başımız altına yastıq” qoymaqdır: "Mən dünən də onlara inanmırdım, bu gün də inanmıram. Həmsədrlər boş-boş danışmaqdan başqa heç nə bilmirlər. Ona görə də mən elə bir qurum tanımıram. Nə icmaların görüşü? Nəyə lazımdır bu? Bizim torpağımız ermənilər tərəfindən işğal olunub. Qoy, düşmən qoşunlarını geri çəksin, ərazilərimizi boşaltsın, ondan sonra oturub erməni icması ilə söhbət edərik. Əks halda bunun heç bir mənası yoxdur”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da bildirib ki, Minsk Qrupunun üzvləri erməni icmasının görüş məsələsini gündəmə gətirməklə xeyli qabağa qaçırlar. Yəni öz missiyasını yerinə yetirməyən həmsədrlər qeyri-müəyyən gələcəyi düşünürlər: "Böyük sülh sazişi imzalanmadan və Qarabağın Azərbaycanın tərkibində olması qəbul edilmədən erməni tərəfinin hansısa görüşlər üzərindən güzəştlər qoparması qeyri-mümkündür. Ermənistan çalışır ki, bu müharibədə iştirak etmədiyi görüntüsünü yaratsın və öz yerinə tərəf-müqabili kimi qondarma rejimi daxil etsin. Çünki bu halda qondarma Dağlıq Qarabağ respublikası legitimləşdirilmiş olacaq. Erməni icması da deyəcək ki, "biz vahid masa arxasında əyləşirik, tərəfik, qəbul olunmalıyıq və s. Təbii ki, bunların hamısı yolverilməzdir. Əgər Ermənistan müharibədə iştirak etmirsə, onda Qarabağda vuruşub ölən erməni əsgərləri hardan meydana çıxır? Elə son təxribat hadisələrində zərərsizləşdirilən bir neçə erməni əsgərinin tabutu birbaşa Ermənistana göndərilib. Onlar Qarabağda basdırılmayıblar”. Deputatın fikrincə, Azərbaycan heç bir vəchlə Ermənistan-Azərbaycan danışıqlarının yalnız icmaların arasında kiçik məsələyə çevrilməsinə razı olmayacaq: "İcmaların görüşü 3-cü mərhələnin işləridir. İlk növbədə Qarabağın Azərbaycanın yurisdiksiyasına qaytarılması, qaçqınların öz torpaqlarına dönməsi və sülh prosesinin digər nizamlanma tədbirləri reallaşmalıdır”.
İsmayıl