İcra hakimiyyətləri ləğv edilsin

Ekspertlr hesab edir ki, bu prosesi tədricən həyata keçirmək lazımdır




İqtisadçı Qubad İbadoğlu idarəetmə xərclərində çox ciddi ixtisarlar etməyin zəruri olduğunu deyib. Ekspert təklif edib ki, yerli icra hakimiyyətləri ləğv olunaraq onların səlahiyyətləri bələdiyyələrə verilsin: "Hər il yerli icra hakimiyyətlərinin saxlanılması üçün milyonlarla manat vəsait nəzərdə tutulur. Həmin xərclərin ləğv olunması büdcənin optimallaşmasına gətirib çıxara bilər.

Həmçinin, paralel dövlət strukturlarının ləğvi də gündəmdədir. Düşünürəm ki, dövlət aparatları həddindən artıq şişirdilib və buna külli miqdarda vəsait xərclənir”. Məsələni "Şərq”ə şərh edən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də icra hakimiyyətlərinin ləğv edilməsini dəstəkləyir. Amma ekspert hesab edir ki, bu prosesi tədricən həyata keçirmək lazımdır. Çünki indiki yerli bələdiyyələr dövlət hakimiyyətinin funksiyalarını reallaşdırmaq gücündə deyil: "Bələdiyyələr yarımdövlət xarakterinə malik olmalıdır. Bu qurumlar yerlərdə dövlətin bir çox mühüm funksiyalarını yerinə yetirirlər, eyni zamanda yerli özünüidarəetməni həyata keçirirlər. Məsələn, Fransada bələdiyyələr icra hakimiyyəti kimi fəaliyyət göstərir. Amma Azərbaycanda yanaşma fərqlidir. Birincisi, yerli icra hakimiyyətlərinin ləğv edilməsi konstitusion məsələdir. Yəni bu qurumların ləğvi üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Bütövlükdə bu addım əlavə idarəetmə xərclərinin azalmasına gətirib çıxarar və effektli idarəetmənin səmərəliyini artırar. Amma məsələ burasındadır ki, bələdiyyələr həmin funksiyaları öz üzərlərinə götürməyə hazır deyil. Yerli bələdiyyələrin səlahiyyətlərinin artırılması olduqca vacibdir. Bələdiyyələrdə yetərli kadr potensialı da yoxdur, peşəkarlıq baxımından da geri qalırlar”.

Hüquqşünasın sözlərinə görə, ilkin mərhələdə ərazi icra nümayəndələrinin funksiyasını bələdiyyələrə təhvil vermək olar: "Bələdiyyələr daha genişmiqyaslı idarəetmə imkanları əldə etdikdən sonra icra hakimiyyətlərini tədricən ləğv etmək mümkündür. Amma idarəetmədə ixtisarların aparılması üçün daha faydalı üsullar da var. Hesab edirəm ki, Azərbaycanda ərazi inzibati vahidlərini dəyişdirmək lazımdır. Bəzi xarici ölkələrdə olduğu kimi bizdə də əyalətlər sistemi yaradılmalıdır. Məsələn, 5-6 rayonun birləşməsindən ibarət olan əyalətlərin formalaşdırılması daha faydalı olar. Bu, həm idarəetməni sadələşdirər, həm də maliyyə xərclərini azaldar. Hazırkı şəraitdə bu cür islahatlara başlamaq zəruridir”.

İsmayıl