İcra hakimiyyətlərində aqrar şöbələrin ləğv olunması vəziyyəti dəyişməyəcək

Azərbaycan kəndlisinin, fermerin, sahibkarın özəl məsləhətçilərə ehtiyacı var



Rayon icra hakimiyyələrində struktur dəyişikliyi edilir. İcra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavini ştatı və aqrar məsələlər şöbəsi də ləğv edilir. Lent.az-ın məlumatına görə, bunun əvəzində bölgələrdə kənd təsərrüfatı idarələri yaradılır. Bəs bu struktur dəyişikliyinin aqrar sahəyə nə kimi köməyi dəyəcək?

Yeniliyi şərh edən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, iqtisadçı Vahid Məhərrəmov bildirdi ki, aqrar şöbələrin ləğv olunması vəziyyəti dəyişməyəcək:

- Belə strukturlar sovet dönəmində də olub. Bunlar kənd təsərrüfatının inkişafında elə də böyük əhəmiyyət kəsb etmirlər. Fərq etməz, kənd təsərrüfatı idarəsi icra hakimiyyətinin nəzdindədir, yoxsa ayrıca qurumdur. Bütün hallarda rayonlarda fəaliyyət göstərən qurumlar, idarələr, müəssisələr icra hakimiyyətlərinə tabedir. Və icra başçılarının göstərişini yerinə yetirirlər. Siz inanırsınız ki, kənd təsərrüfatı idarələri icra başçılarından asılı olmayacaq?! Əksinə, həmin idarələr həm icra hakimiyyətlərinə tabe olacaq, həm də Kənd Təsərrüfatı Nazirliyinə. Fermerlərin "ağaları”nın sayı da artacaq. Bu idarələrin yaradılması fermerlərə ikiqat zərbə olacaq. İcra hakimiyyətlərindən əlavə, indi idarə rəisləri də fermerin boynunda oturacaqlar.

V.Məhərrəmov bildirdi ki, Azərbaycan kəndlisinin, fermerin, sahibkarın özəl məsləhətçilərə ehtiyacı var. Yerlərdə kənd təsərrüfatı mütəxəssislərindən ibarət özəl məsləhətçilər institutu yaradılmalıdır. Məsləhətçilər fermerə informasiya yardımı etməli, onu düzgün istiqamətləndirməlidirlər. Səmərə əldə olunduqda da fermerlər onlara ödəniş etməlidir. Fermerə

idarə lazım deyil. Fermer özü əkir, biçir, sadəcə, onun məhsulu bazara çıxarmasına şərait yaradılmalıdır. Yoxsa, hər hansı struktur dəyişikliyi, idarələrin yaradılması və ya qapadılması vəziyyətdən çıxış yolu deyil. Bu idarələrin rəhbərləri dövlətdən əmək haqqı alıb, fermerin hesabına dolanacaqlar. Onlara inzibati bina tikiləcək, kabinet, avtomobil ayrılacaq, katibələri də olacaq, "NİVA”ların arxasına isə yenə də qoyun-quzu dolduracaqlar.

Məlahət