İdmançılarımızın 1/8 final mərhələsindəki rəqibi Litva basketbolçuları olacaqlar





Bu gün "Bakı-2015” Avropa Oyunları çərçivəsində 3x3 basketbol yarışlarında Azərbaycanın qadınlardan və kişilərdən ibarət basketbol komandaları Litva və İsrail yığmaları ilə qarşılaşacaq. Ötən gün basketbol yarışlarının ikinci günü Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət komandaları üçün uğurlu olub. Hər iki komandamız 1/8 final mərhələsinə yüksəlib.
Basketbol yarışlarının üçüncü günündə qadınların mübarizəsində Azərbaycanın 3x3 basketbol komandasının 1/8 final mərhələsindəki rəqibi Litva basketbolçuları olacaqlar. Bu mərhələni adlayacağı təqdirdə millimiz 1/4 finalda İspaniya-Türkiyə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Kişilər arasında 3x3 basketbol yarışlarında isə Azərbaycan yığması 1/8 final mərhələsində İsrail millisi ilə qarşılaşacaq. Yığmamız rəqibini məğlub edəcəyi təqdirdə 1/4 finalda İspaniya - İtaliya görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.

Vüqar Şahinoğlu